Azərbaycan və Qazaxıstan bütün beynəlxalq tədbirlərdə bir-birini dəstəkləyir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan və Qazaxıstan bütün beynəlxalq tədbirlərdə bir-birini dəstəkləyir

14 İyun 2018
İyunun 14-də Qazaxıstan Respublikası Prezidenti Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində olub.

AZƏRTAC xəbər verir ki, Mahmud Kasımbekov mədəniyyət naziri Əbülfəs Qarayev ilə görüşündə Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində Qazaxıstan Prezidentinin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi ilə bağlı təəssüratlarını bölüşüb. Qeyd olunub ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər ulu öndər Heydər Əliyevlə Nursultan Nazarbayevin möhkəm dostluğu sayəsində daha da möhkəmlənib. İki ölkə rəhbərinin xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsi naminə göstərdiyi səylər, tarixi səfərlər, qarşılıqlı səmimi münasibətlər bu gün də davam və inkişaf etdirilir.

Əbülfəs Qarayev Azərbaycanla Qazaxıstan arasında mədəniyyət sahəsində mövcud əməkdaşlıq əlaqələrindən söz açıb. Ölkələrimiz arasında dostluq münasibətlərinin qədim tarixi köklərə malik olduğunu diqqətə çatdıran nazir vurğulayıb ki, bu tarixi, milli bağlılıq səbəbindən iki qardaş ölkə bütün beynəlxalq tədbirlərdə bir-birini dəstəkləyir. Azərbaycanın Qazaxıstanla hərtərəfli əməkdaşlığı mövcuddur və bu əlaqələr daha da genişlənir.

Nazir iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olmasının əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Nursultan Nazarbayevin çox yaxın dostluğunun dayandığını vurğulayıb. Diqqətə çatdırıb ki, iki ölkə arasındakı bu dostluq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxıstan ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir. 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Əbülfəs Qarayev, həmçinin TÜRKSOY-un layihələrində ölkələrimizin fəal iştirakını yüksək qiymətləndirib. Qeyd edib ki, “İstanbul - Avropa Mədəniyyətinin Paytaxtı - 2010” mədəniyyət ili çərçivəsində I Beynəlxalq İstanbul Opera Festivalında TÜRKSOY-un təşəbbüsü ilə hazırlanmış “Koroğlu” operasının nümayişində və ümumilikdə bu layihədə Azərbaycan və Qazaxıstan da yaxından iştirak edib. Bu tamaşa Bakı, Bişkek, Almatı və Ankara şəhərlərində də böyük uğurla nümayiş olunub.

Nazir ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı isə gələcəkdə iki ölkə arasında müştərək mədəni layihələrin həyata keçirilməsi istiqamətində fikirlərini bölüşüb.

Görüşdə Azərbaycanda və Qazaxıstanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, habelə kino və teatr sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.