Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İLHAM ƏLİYEV Avropanın enerji siyasətini müəyyənləşdirir

14 İyun 2018
 

Türkiyə KİV-i TANAP-ın açılışını əsas gündəm mövzusu kimi manşetdən verərək bunu Azərbaycanın yeni qələbəsi kimi dəyərləndirdi

 

Dünyanın enerji xəritəsində mühüm dəyişikliklərə yol açan, Xəzər regionu ilə Avropanı birləşdirən “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissələrindən biri olan
TANAP kəmərinin istifadəyə verilməsi ölkəmizin təşəbbüsü ilə ərsəyə gələn daha bir layihənin uğurla həyata keçməsinin göstəricisidir. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə kimi qiymətləndirilən, ən əsası Azərbaycan və Türkiyə qardaşlığının növbəti təzahürü olan, ölkələrimizin ortaq layihəsi kimi xalqlarımızın rifahına xidmət edən TANAP Azərbaycanın öz karbohidrogen ehtiyatlarını müstəqil şəkildə dünya bazarına çıxarmasının mühüm təsdiqidir. Azərbaycanı Türkiyə və Avropa üçün vacib qaz ixracatçısına çevirən TANAP-a indi dünya miqyasında böyük maraq müşahidə edilir.
İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna dövlət başçısı Pedro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç və başqaları iştirak ediblər.
Açılış mərasimi qardaş ölkənin bir neçə yüz minlik tirajlı qəzetlərinin əsas manşet mövzusuna çevrilib. Baxış sayı milyona çatan internet portalları, sosial şəbəkədəki səhifələr Prezident İlham Əliyev və R.Ərdoğanın açılış mərasimindəki çıxışlarını anbaan yeniləyərək oxuculara çatdırıblar. Teleşirkətlər isə həmin hadisəni canlı yayımlar vasitəsilə izləyicilərə göstəriblər. Onlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq:

“Akşam”:
“Avropaya türk enerjisi”

“Akşam” qəzeti isə “Avropaya türk enerjisi” başlıqlı xəbərində iki liderin fikirləri əsasında TANAP layihəsinə geniş yer ayırıb. Bildirilib ki, Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə (CQBK), Türkiyə-Yunanıstan sərhədində isə TAP-a (Transadriatik Qaz Boru Kəməri) birləşən TANAP-ın uzunluğu 1900 kilometr olacaq. Bu boru xətti Türkiyənin ərazisində 20-dən çox bölgədən keçəcək. TANAP qət etdiyi məsafənin uzunluğuna və borularının diametrinə görə indiyədək dünyada həyata keçirilmiş ən böyük qaz xətti layihələrindən biridir.
Nəşr Prezident İlham Əliyevin Türkiyə və Azərbaycanın bölgədə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirdiyi fikrini diqqətə çatdırıb: “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır.”

“Hürriyet”:
“Türkiyə və Azərbaycanın ortaq zəfəri”

“Hürriyet” qəzeti isə “Türkiyə və Azərbaycanın ortaq zəfəri” başlıqlı xəbəri manşetə çıxardıb. Hər iki dövlət başçılarının TANAP ilə bağlı fikirlərinə geniş yer ayıran məqalədə qeyd olunub ki, layihə təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihədə Azərbaycanı dəstəkləyən əsas ölkə Türkiyədir. Türkiyənin Gürcüstandan başlayan sərhədindən Avropada bitən sərhədinə qədər olan məsafədə Xəzər hövzəsindən çıxan Azərbaycan qazının Avropa bazarlarına birbaşa nəqli nəzərdə tutulur.

“Yeni Şafak”:
“Enerjinin İpək yolu”

“Yeni Şafak” qəzeti “Enerjinin İpək yolu” adlı xəbəri manşetdən verib. Qeyd edilib ki, TANAP layihəsi bölgə, eləcə də Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Prezidentlər İlham Əliyev və R.Ərdoğanın layihə ilə bağlı fikirlərinin yer aldığı xəbərdə bildirilir ki, Azərbaycanın neft strategiyası bütün parametrlər üzrə Türkiyənin iqtisadi inkişafına, qüdrətlənməsinə böyük təsir göstərib. İlham Əliyevin “TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür” fikilərinin də yer aldığı məqalədə TANAP-ın Türkiyə ilə Azərbaycanın növbəti zəfəri olduğu diqqətə çatdırılıb.

“Vatan”:
“Yüz ilin açılışı”

“Vatan” qəzeti “ Yüz ilin açılışı” başlıqlı xəbərində hər iki ölkənin dövlət başçılarının TANAP layihəsi barədə çıxışlarını ön plana çıxardıb. Qeyd olunub ki, “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsini nəzərdə tutmur, eyni zamanda, bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Bildirilib ki, TANAP üzrə hökumətlərarası saziş 2012-ci ilin iyun ayında prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalayıblar. Bu gün isə Azərbaycanın və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən layihə istifadəyə verilir.

“Habertürk”:
“İşbirliyinin son meyvəsi”

“Habertürk” qəzetinin “İşbirliyinin son meyvəsi” başlıqlı xəbərində bildirilib ki, TANAP layihəsi Türkiyə ilə Azərbaycan arasındakı sosial, iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir. Vurğulanıb ki, TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub. Bu, eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyənin üçünün birlikdə bölgədə enerji təhlükəsizliyi, Avropanın enerji təhlükəsizliyinə dəstək sahəsində həyata keçirdikləri mühüm strateji layihədir.

“Türkiye”:
“Qürur tablosu. Əsrin layihəsi TANAP açıldı”

“Türkiye” qəzeti “Qürur tablosu. Əsrin layihəsi TANAP açıldı” başlıqlı xəbərini manşetə çıxardıb. Bildirilir ki, Azərbaycanla Türkiyə aralarında münasibətlərin nə dərəcədə yüksək səviyyədə qurulduğunu, tərəflərin mühüm əhəmiyyət kəsb edən maraqlar ətrafında hər zaman bir-birini müdafiə etməyə hazır olduğunu həmişə göstərib.
Hər iki prezidentin layihə ilə bağlı çıxışlarının yer aldığı məqalədə İlham Əliyevin “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq” fikirini xüsusi olaraq diqqətə çatdırıblar.

“Sabah”:
“Enerjinin qəlbi Türkiyədə döyünür”

“Sabah” qəzetinin “Enerjinin qəlbi Türkiyədə döyünür” başlıqlı xəbərində isə bildirilib ki, TANAP layihəsinin açılış mərasimində İlham Əliyev və R.Ərdoğan bir sıra maraqlı məqamları diqqətə çatdırıblar. Qeyd olunub ki, Türkiyə dövləti TANAP layihəsində Azərbaycanın əsas tərəfdaşı və partnyorudur. Bu layihədə Azərbaycanı dəstəkləyən əsas ölkə Türkiyədir.
Layihə barədə geniş məlumat verən nəşr bildirib ki, “Cənub qaz dəhlizi”nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır.

“TRTHaber”:
“Prezident İlham Əliyev: TANAP Türkiyə və Azərbaycanın zəfəridir”

Türkiyənin nüfuzlu “TRTHaber” televiziya kanalı TANAP-ın isatifadəyə verilməsi mərasimi ilə bağlı geniş reportaj hazırlayıb. Reportajda Transanadolu təbii qaz boru kəmərinin geniş bir coğrafiyanın iqtisadi inkişafına təsir imkanlarından bəhs olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşlərinə, eləcə də iki qardaş ölkə liderlərinin birgə iştirak etdikləri mərasimlərə, həmçinin dövlət başçılarının siyasi iradəsi ilə gerçəkləşən TANAP-ın tikintisinə, bu mövzuya aid digər mühüm məqamlara dair kadrlar əks olunub.
İlham Əliyevin “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir”, R.Ərdoğanın “TANAP yeni layihələrin müjdəçisidir” açıqlamalarının yer aldığı reportajda nəhəng layihələrin həyata keçirilməsində Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olduğu diqqətə çatdırılıb.

“Star”:
“Enerjinin mərkəzi”

“Star” qəzetinin “Enerjinin mərkəzi” başlıqlı məqaləsində bildirilib ki, Azərbaycan qazı Türkiyədən keçərək Avropaya gedəcək. TANAP layihəsi və onun həyata keçirilməsi tarixi hadisədir. Çoxşaxəli Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığında enerji layihələri xüsusi yer tutur. İki qardaş ölkənin birlikdə həyata keçirdiyi qlobal layihələr nəinki regionun, hətta dünyanın enerji xəritəsini yenidən tərtib etməyə imkan verib.

“Takvim”:
“Tarixi gün... TANAP-dan qaz axını başladı”

“Takvim” qəzetinin “Tarixi gün... TANAP-dan qaz axını başladı” başlıqlı xəbərində qeyd olunur ki, artıq TANAP istifadəyə verildi. Bu, Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti zəfəridir. R.Ərdoğanın “Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm. Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub” fikirlərinə yer ayıran qəzet Azərbaycan-Türkiyə əməkdaşlığını və tərəfdaşlığını bir daha təsdiqləyən layihə iki qardaş ölkənin dostluğunun və işbirliyinin rəmzi kimi səslənir.

“Milliyet”:
“Enerji körpüsü”

“Milliyet” qəzeti “Enerji körpüsü” başlıqlı xəbərində İlham Əliyevin fikirlərinə geniş yer verərək vurğulayır ki, Türkiyə-Azərbaycan qardaşlığı səmimi əməkdaşlığa söykənir. Bildirilib ki, TANAP bölgədəki digər enerji qaynaqlarını Avropa bazarına çıxışını təmin edəcək qabaqcıl və lider bir layihədir. TANAP təbii qazı Türkiyəyə və Avropaya daha böyük həcmdə nəql etməyə imkan yaradacaq.

“Posta”:
“Enerjidə böyük açılış”

“Posta” qəzeti “Enerjidə böyük açılış” başlıqlı xəbərində layihə haqqında oxuculara ətraflı məlumat verib. TANAP-ın istifadəyə verilməsi mərasimində İlham Əliyev və R.Ərdoğanın çıxışlarının yer aldığı məqalədə bildirilib ki, layihə qlobal əməkdaşlığın yeni açarıdır. Burada enerji sektorunda sıx əməkdaşlıq edən Azərbaycan, Gürcüstan və Türkiyənin geoiqtisadi maraqları da əsas götürülüb.

“AHaber”:
“İlham Əliyevdən tarixi sözlər”

Qardaş ölkənin ən reytinqli xəbər kanallarından biri olan “AHaber” “İlham Əliyevdən tarixi sözlər” başlıqlı xəbərində Azərbaycan Prezidentinin “R.Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya miqyasında böyük gücə çevrildi. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir” fikirlərinə geniş yer ayırıb.
Qeyd edilib ki, TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Transanadolu təbii qaz boru kəməri sisteminə dair saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib.
Bundan başqa, “Anadolu” Xəbər Agentliyi, “NTV”, “CNN Türk” kanalları, “Yeni söz”, “Güneş”, “Yeni akit”, “Milat”, “Daily Sabah” və “Daily News” qəzetləri “Əsrin layihəsi TANAP açıldı”, “Enerjinin İpək yolu” və s. başlıqlı xəbərlərlə TANAP layihəsinin vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətləri zaman keçdikcə daha da möhkəmlənir, tarixin bütün sınaqlarından daha böyük uğurla çıxır.

Elçin CƏFƏROV,
“Azərbaycan”