Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeddi dövlətə fayda gətirən kəmər

14 İyun 2018
 

Avropanın enerji bazarında Azərbaycan qazına böyük ehtiyac var

 

“Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) istifadəyə verilməsi mühüm tarixi hadisədir. TANAP-ın işə düşməsi ilə Azərbaycan təkcə neft diyarı deyil, həm də qaz ixrac edən ölkə olduğunu bir daha təsdiqlədi. TANAP-ın uğuru Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən “Cənub qaz dəhlizi”nin bütövlükdə müvəffəqiyyətlə başa çatacağına bir zəmanətdir. TANAP Azərbaycanın və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən unikal layihədir. Ona görə də Azərbaycan-Türkiyə birliyini, qardaşlığını bir daha nümayiş etdirir, eləcə də hər iki ölkənin iqtisadi gücünü göstərir.
Lakin TANAP təkcə iki ölkə üçün, region üçün deyil, həm də bütün Avrasiya məkanı üçün önəm daşıyan layihədir. Məlum olduğu kimi, “Cənub qaz dəhlizi” 7 ölkənin, layihənin ayrı-ayrı seqmentlərində tərəfdaşlıq edən çoxsaylı şirkətlərin sıx əməkdaşlığı nəticəsində gerçəkləşir. Dəhlizlə nəql olunacaq təbii yanacağın Avropanın 9 iri şirkəti tərəfindən alınması nəzərdə tutulub. TANAP məhz belə bir önəmli dəhlizin ən böyük hissəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində TANAP-ı “Cənub qaz dəhlizi”nin onurğa sütunu adlandırmış və onun vaxtında istifadəyə verilməsinin vacib olduğunu vurğulamışdı. İndi bu artıq reallığa çevrilib.
Bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP-ın istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”.
Azərbaycan qazının Avropaya yolu TANAP-ın vasitəsilə Türkiyədən keçəcək. Avropanın bu qaza böyük ehtiyacı var. Ümumiyyətlə, dünyada qaza olan tələbat getdikcə artır. Müxtəlif neft regionlarında istismar olunan qaz yataqlarının ehtiyatları getdikcə azalır. Yeni yataqlar isə heç də tez-tez kəşf olunmur. Bu baxımdan Xəzərin Azərbaycan sektorundakı zəngin “Şahdəniz” qaz-kondensat yatağının ehtiyatları daha mühüm əhəmiyyət kəsb edir. Bu, 1,2 trilyon kubmetr mavi yanacaq sərvəti olan möhtəşəm yataqdır. Buradan çıxarılan qazı Avropaya məhz “Cənub qaz dəhlizi” çatdıracaq.
Azərbaycan qazını Türkiyənin ərazisində nəql edəcək TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar. Layihənin həyata keçirilməsi üçün verilən start uğurla gerçəkləşdirilən mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik işləri ilə davam etdirilərək TANAP-ın zəngin salnaməsinin əsasını qoymuşdur. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə üç ölkənin rəhbərləri - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak etmişdilər.
TANAP Azərbaycan qazını Gürcüstan-Türkiyə sərhədində Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) qəbul edir. CQBK “Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən birincisidir, Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 kilometr məsafə qət edir. CQBK-nın yolunu Türkiyənin ərazisində 1800 kilometrdən çox məsafə boyu TANAP davam etdirir.
TANAP Türkiyənin 20 vilayətindən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan vilayətlərindən keçir. Marşrut boyu kəmər Türkiyənin 67 rayonunu və 600 kəndini arxada qoyub Türkiyə-Yunanıstan sərhədinə çatır və buradakı Kipoi məntəqəsində TAP-a (Transadriatik Qaz Boru Kəməri) qovuşur. Bir tərəfdən CQBK-ya, digər tərəfdən TAP-a bağlandığı üçün TANAP-ı “Cənub qaz dəhlizi”nin “birləşdirici həlqəsi” də adlandırırlar.
TANAP layihəsi Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatını daha da təkmilləşdirmişdir. Bu layihədə Azərbaycanın SOCAR, Türkiyənin BOTAŞ və Böyük Britaniyanın BP şirkətləri tərəfdaşlıq edirlər. Xatırladaq ki, ölkəmizdə həyata keçirilən ən böyük neft-qaz və ixrac layihələrinin əməliyyatçısı, Azərbaycanın sınanmış tərəfdaşıdır.
Daha önəmli bir fakt odur ki,
TANAP-ın əhəmiyyəti təkcə Türkiyədəki istehlakçılara mavi yanacaq çatdırmaqla bitmir. Kəmərin Türkiyədən keçirərək Avropaya ixrac etdiyi qazın 9 iri şirkət tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland “Shell” şirkəti, Bolqarıstanın “Bulgargaz”, Yunanıstanın DEPA, Almaniyanın “Uniper”, Fransanın “Engie”, İtaliyanın “Hera Trading”, “Edison” və “Enel”, İsveçrənin AXPO şirkətləridir.
3500 kilometrlik “Cənub qaz dəhlizi”nin 878 kilometri TAP-ın payına düşür. Dəhlizin həmin hissəsinin 550 kilometri Yunanıstandan, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin altından keçəcək, sonuncu 8 kilometri İtaliya ərazisində quruda yerləşəcək. Hazırda TAP-ın çəkilişinin 72 faizi icra olunub və 2020-ci ildə bu boru xətti TANAP-ın nəql etdiyi mavi yanacağı qəbul edəcək. Beləliklə, hazırda “Cənub qaz dəhlizi”ndə 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya iştirak edir. Daha üç Balkan ölkəsinin - Xorvatiya, Monteneqro, Bosniya və Herseqovinanın da növbəti mərhələlərdə layihəyə qoşulacaqları istisna deyil. “Cənub qaz dəhlizi” gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün də böyük imkanlar yaradır.
TANAP-ın açılışında Prezident İlham Əliyev bununla bağlı demişdir: “TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP 7 ölkəni, bir çox şirkətləri birləşdirir. “Cənub qaz dəhlizi”nin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”.
Azərbaycan qazının bir çox ölkələrdəki istehlakçılar üçün çox gərəkli olduğunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç də vurğulamış, bu baxımdan “Cənub qaz dəhlizi”nin ən uzun hissəsi olan TANAP-ın istismara verilməsini mühüm mərhələ kimi dəyərləndirmişdir: “Xəzər təbii qazı artıq kommersiya əsasında Türkiyə bazarına çatdırılır... Bu gün biz niyyətləri reallığa çeviririk və Enerji İttifaqı ilə daha bir nəzərəçarpacaq nəticəni veririk. “Cənub qaz dəhlizi” enerji təchizatçıları və marşrutlarını şaxələndirməklə Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi ən həssas bölgələr də daxil olmaqla Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarının arasındakı bu “körpü”dən yararlana bilərik. Bu, uğur qazanmaq üçün birgə maraq doğurur”.
TANAP möhkəm təmələ əsaslanan kəmərdir. Çünki yaranan böyük dəhlizin başlanğıcında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm layihələrin təcrübəsi dayanır. Odur ki,
TANAP müəllifi ümummilli lider Heydər Əliyev olan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın yeni neft strategiyasının daha bir böyük qələbəsidir.

Flora SADIQLI,
“Azərbaycan”