Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Gürcüstan sərhəd təhlükəsizliyi və əlaqələrin inkişafı müzakirə olunub

14 İyun 2018
 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstanın Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub.

Nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmiş, daha sonra Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.

Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədindəki vəziyyət və onun gələcək dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılmış, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, dövlət sərhədinin delimitasiyası üzrə işlərin sürətləndirilməsi məqsədilə zəruri fəaliyyətin davam etdirilməsi, habelə gələcək illər üçün əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.

Müzakirələr zamanı ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilmiş, Azərbaycan və Gürcüstanın sərhəd mühafizə qurumları arasındakı əlaqələrin dövlət sərhədində hər hansı qanunsuz fəaliyyətin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə verdiyi vurğulanmışdır. 

Görüşdə Azərbaycan Respublikasının dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğulanmış, sərhəd mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barədə də qonaqlara ətraflı məlumat verilmişdir.

Gürcüstan nümayədə heyəti Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış edilmişlər.

İkitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının inkişaf etdirilməsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən “Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan hökuməti arasında sərhəd nümayəndələrinin sərhəd komissarlarının fəaliyyəti haqqında Saziş” imzalanmışdır.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində başa çatmışdır.

 

“Azərbaycan”