Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ölkəmizin firavan gələcəyi intellektli, geniş dünyagörüşlü, vətənpərvər və savadlı gənclərdən asılıdır

14 İyun 2018
 

Məhz buna görə də Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) və YAP Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Xaçmazda keçirilən  zona müşavirəsində vurğulanıb.  

“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda təşkil edilən zona müşavirəsində Gənclər Birliyinin sədri Seymur Orucov, YAP icra katibliyinin zona üzrə kuratoru Araz Xudadanov, partiyanın Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon təşkilatlarının gənclər birliklərinin üzvləri iştirak ediblər. Əvvəlcə qonaqlar partiyanın qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.

Zona müşavirəsində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev tədbirdə çıxış edərək 2018-ci ilin ötən dövründə respublikamızın, eləcə də partiyanın həyatında baş verən yaddaqalan tarixi hadisələrdən danışıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun - Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov gəncləri Milli Qurtuluş Günü münasibətilə təbrik edərək həmin tarixi gündən ötən 25 il ərzində Azərbaycan gəncliyinin inkişafında dövlət başçısı İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının gördüyü işlər haqqında ətraflı məlumat verib.

Çıxış zamanı Azərbaycanda ötən əsrin 90-cı illərində yaşanan ağır durumdan, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, qurtuluş tarixi üzərində bərqərar olan dövlət siyasətinin təntənəsindən danışılıb. 

Zona müşavirəsində iştirak edən gənclər çıxışlarında tarixi keçmişimizi bir daha yada salaraq Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildiriblər.