Müstəqil və modern məhkəmə hakimiyyətinin qurucusu

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müstəqil və modern məhkəmə hakimiyyətinin qurucusu

14 İyun 2018
 

Ümummilli lider Heydər Əliyevin bu sahədə əsasını qoyduğu səmərəli islahatlar Azərbaycanın beynəlxalq nüfuz və mövqelərini gücləndirir

 

Tarixi təcrübə sübut edir ki, hər bir dövlətin konkret siyasi şəraitdə milli müstəqilliyə qovuşmasında milli iradə ilə yanaşı, lider amili də mühüm rol oynayır. Belə situasiyalarda qətiyyətlə önə çıxan, məsuliyyəti üzərinə götürməkdən çəkinməyən böyük şəxsiyyətlər xalqlarının əsrlər boyu arzusunda olduğu azadlıq, müstəqillik, milli dövlətçilik kimi ali idealların gerçəkləşməsində müstəsna rol oynayırlar. Bu həqiqət 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü təntənə ilə qeyd edən respublikamızın tarixi keçmişinə nəzərən bir daha təsdiqini tapır.

 

Müstəqillik ideyasının ali təcəssümü

 

Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq mövcudluğu dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu, müstəqillik əzmini əyani şəkildə nümayiş etdirmişdir. 1918-1920-ci illərdə respublikada demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququnun tanınması, milli pulun dövriyyəyə buraxılması, ordunun, parlamentin, təhlükəsizlik strukturlarının formalaşdırılması, mətbuatın inkişafı Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli mövcudluğunun parlaq uğurları kimi xatırlanır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamında qeyd olunduğu kimi, “Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi”.
Tarixi faktlar göstərir ki, Cümhuriyyətin yaradıcısı olmuş böyük ziyalılar hüquqi və demokratik dövlət quruculuğu yolunda ədliyyə və məhkəmə-hüquq islahatlarının zəruriliyini də ilk gündən düzgün dəyərləndirmişlər. 100 illik inkişaf yolu keçmiş Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-dən - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin əsasnaməsi təsdiq edilmiş, funksiya və səlahiyyətləri müəyyən edilmişdir.
1920-ci ildə Cümhuriyyətin obyektiv səbəblər üzündən süqutundan sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək, əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, səlahiyyətləri xeyli məhdudlaşdırılmış, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilmişdir.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi işi məhz 1970-ci ilə - ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaranmışdır.

 

Xilaskarlıq və quruculuq missiyası

 

15 iyun - Milli Qurtuluş Günü ərəfəsində xüsusi qeyd etmək lazımdır ki, ötən əsrin sonlarına doğru - 1991-ci ilin 18 oktyabrında Cümhuriyyətin hüquqi və siyasi varisi olaraq istiqlaliyyətimizi bərpa etsək də, bu müstəqillik ilkin mərhələdə formal xarakter daşımışdır. 1991-1993-cü illərin o böhranlı, ağrılı-acılı, faciəli günləri bir daha təsdiqlədi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, fəlakətdən qurtarmış, dövlətçiliyi möhkəmlətmiş, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmişdir. Məhz buna görə də 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində ən əlamətdar bayramlardandır.
1993-cü ilin ikinci yarısından etibarən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də 1995-ci ildə müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu qəbul edilməsi olmuşdur.
Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl prinsiplərindən biridir. Yunan filosofu Platon məhz bunu nəzərə alaraq yazırdı ki, “Ədalətlə idarə olunan cəmiyyətdə yaxşı vətəndaş olmaq asandır”. Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına da xüsusi diqqət yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır.
Aparılan islahatlarla keçmiş sovet respublikaları arasında ilk dəfə məhz Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır. 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçilmiş, nəticədə hakim korpusu təzələnmişdir. Görülmüş tədbirlər əhali arasında məhkəmələrə inamı artırmış, məhkəmələr barədə keçmiş sovetlər birliyindən miras qalmış “cəza orqanı” təəssüratı aradan qalxmışdır.

 

Mütərəqqi məhkəmə-hüquq islahatlarının uğurlu davamı

 

Siyasi liderin məharəti eyni zamanda, ictimai inkişafın mövcud mərhələlərinə uyğun olaraq insanların idarəçilikdə iştirakı formalarını müəyyənləşdirmək bacarığında müəyyən olunur. Ulu öndər Heydər Əliyevin layiqli siyasi varis kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyev də dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən ulu öndərin iqtisadi, siyasi və hüquqi islahatlar kursunu inamla davam etdirir.
Ötən 15 ildə zamanın inkişaf ahənginə adekvat olaraq ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə, habelə bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiqinə əsaslanan mütərəqqi islahatlar statik xarakter daşımayıb, zamanla təkmilləşmiş, yeni məzmun və forma kəsb etmişdir. Xüsusi vurğulamaq lazımdır ki, məhkəmə hakimiyyətinin özünüidarə funksiyasını uğurla həyata keçirən Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının məqsədyönlü fəaliyyəti nəticəsində bu sahədə infrastrukturun müasirləşdirilməsi, yeni regional məhkəmələrin yaradılması, habelə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur.
Bunun nəticəsi olaraq son 10 ildə 20-dək yeni məhkəmələrin, o cümlədən, regional apelyasiya, ağır cinayətlər məhkəmələrinin, 7 inzibati-iqtisadi məhkəmənin yaradılması vətəndaş mənafeyinə xidmət edən mühüm addım olmuşdur. Ötən illərdə hakimlərin seçiminə diqqət gücləndirilmiş, 2 çoxmərhələli, şəffaf və obyektiv imtahanlar nəticəsində uğur qazanmış 400-ə yaxın hüquqşünas namizəd hakim vəzifəsinə təyin olunmuşdur. Məhkəmə islahatları nəticəsində hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı müəyyən olunmuş, habelə seçim prosedurları təkmilləşdirilmişdir.
Məhkəmələrin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi - “Elektron məhkəmə informasiya sistemi”nin yaradılması, məhkəmələr üçün yeni inzibati binaların inşası, mövcud binaların əsaslı təmir olunması, ölkədə ədalət mühakiməsinin səmərəliliyinin daha da yüksəldilməsinə xidmət etmişdir. Bakının Yasamal və Sabunçu rayonlarında, habelə Gəncə, Oğuz, İmişli, Gədəbəy, Qəbələ və Şəkidə yeni məhkəmə komplekslərinin inşa edilməsi dövlət başçısının bu sahəyə xüsusi qayğısının təcəssümüdür.

 

Milli mənafelərimiz beynəlxalq səviyyədə qorunur

 

Ölkəmizin məhkəmə-hüquq sistemində əldə etdiyi nailiyyətlər müxtəlif səviyyələrdə etiraf edilir. Təsadüfi deyildir ki, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) son illər öz hesabatlarında Azərbaycanda məhkəmə islahatlarına göstərilən diqqəti Avropa dövlətləri sırasında fərqləndirərək yüksək qiymətləndirmişdir. Azərbaycan məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olması da ciddi uğurlardan biri kimi diqqətəlayiqdir.
Hazırda sıralarında 500-ə yaxın hakimi birləşdirən Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (assosiasiyası) ölkəmizin məhkəmə-hüquq sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda təbliğini özünün prioritet vəzifələrindən biri hesab edir. Birlik məhkəmə hakimiyyətinin inkişafı və müasirləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı beynəlxalq səviyyədə təbliğat işi aparır, bu sahədə ixtisaslaşmış mötəbər təşkilatlarla səmərəli əlaqələri genişləndirməyə çalışır. Müxtəlif ölkələrdən olan hakimlərin müntəzəm olaraq keçirilən konqreslərində, konfranslarında həm ədliyyə, həm də milli məhkəmə orqanlarının modernləşdirilməsi və sivil hüquqi məkana inteqrasiyası ilə bağlı müzakirələrin aparılması buna bariz sübutdur.
Xüsusi vurğulamaq istərdim ki, təşkilat son 10 ildə Beynəlxalq Hakimlər Assosiasiyası (BHA) və onun regional qrupu olan Avropa Hakimlər Assosiasiyası çərçivəsində fəaliyyəti bir tərəfdən ölkəmizdə məhkəmə-hüquq sistemində əldə olunmuş nailiyyətlərin beynəlxalq miqyasda təbliğinə, digər tərəfdən isə mütərəqqi dünya təcrübəsinin öyrənilərək yerli səviyyədə tətbiqi imkanlarının öyrənilməsinə xidmət etmişdir.
Beynəlxalq Hakimlər Assosiasiyasının (BHA) regional qrupu olan Avropa Hakimlər Assosiasiyasının (AHA) 2018-ci il may ayının 24-dən 26-dək Almaniyanın Berlin şəhərində keçirilmiş ənənəvi yaz iclası bu baxımdan bir sıra səmərəli müzakirələrlə yaddaqalan olmuşdur.
AHA prezidenti Joze İgreja Matos bir il ərzində AHA-nın gördüyü işlər barədə məlumat verdi. Sədrin hesabat ilində AHA daxilində keçirilmiş tədbirlər, qurumun Avropa və dünya səviyyəsində məhkəmə hakimiyyəti ilə bağlı tədbirlərdə iştirakı, digər təşkilatlarla əməkdaşlığı və birgə layihələri barədə məlumatı maraqla dinlənildi.
Almaniya federal ədliyyə və istehlakçıların qorunması naziri Katarina Barle cəmiyyətdə demokratiyanın mövcudluğunun əsas təminatlarından olan məhkəmə hakimiyyətinin müstəqilliyinin vacibliyini vurğuladı. İclas çərçivəsində “Avropada məhkəmələrin müstəqilliyi və qanun qaydaları üçün yaranmış təhlükələr” mövzusunda “dəyirmi masa”da müzakirə olunan mövzuların aktuallığı ilə maraq doğururdu. İclasda “Komissiya səviyyəsində daha yaxşı tənzimləmə”, “İnstitusional (təşkilatlararası) münasibətlər”, “Qanun Qaydası və Fundamental Hüquqlar Xartiyası” mövzularında çıxışlar dinlənildi. Avropa İttifaqı Məhkəməsinin palata prezidenti Thomas von Danvitz, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Karlo Ranzoni Avropada məhkəmə hakimiyyətinin hüquqi bazasından və müstəqillik problemlərindən, Avropa Məhkəməsində baxılmış işlərdən və dövlətlərə qarşı çıxarılmış qərarlardan bəhs etdilər.
Ümumilikdə, AHA-nın yaz iclası Avropa ölkələrinin ölkəmizin məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatlar barədə məlumatlandırılması, ümumilikdə, Azərbaycanla bağlı obyektiv rəyin formalaşdırılması baxımından mühüm hüquqi platform oldu.
Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. 2018-ci ilin 11 aprel seçkilərinin nəticəsi olaraq Azərbaycan cəmiyyəti uzun illərin sərt sınaqlarından çıxaraq yüksək etimad qazanmış siyasətin davamlılığının təmini, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoymuşdur.
İnanırıq ki, cəmiyyətdə mütləq çoxluğun alternativsiz lider olaraq qəbul etdiyi cənab İlham Əliyev məhkəmə-hüquq və ədliyyə islahatlarını bundan sonra da inamla gerçəkləşdirəcək, Azərbaycanı daha müasir və inkişaf etmiş dövlətlərdən birinə çevirəcəkdir.

Ələddin CƏFƏROV,
Nizami Rayon Məhkəməsinin sədri, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri