Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Biz nədən qurtulduq

14 İyun 2018
 

Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından başlanan Milli Qurtuluş Günü yaddaşlara əbədi həkk olunub və Vətən tariximizin şanlı səhifəsinə çevrilib.

15 iyun 1993-cü ilə qədər ölkədə baş verən hadisələri yada salaq. Müstəqilliyini əldə etmiş xalq istiqlalın şirinliyini dadmamış dərin siyasi, iqtisadi, hərbi böhran içində boğulurdu. Xaosun, özbaşınalığın hökm sürdüyü ölkə vətəndaş müharibəsi astanasında idi, qardaş qardaşa güllə atırdı. Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsi  Domokl qılıncı kimi hər bir vətəndaşın başı üzərindən asılmışdı. Hakimiyyət uğrunda çəkişmələrə başı qarışan ayrı-ayrı qrupların yaratdığı hərc-mərclik nəticəsində ölkə iflic vəziyyətinə düşmüşdü. Siyasi-iqtisadi böhranın gündən-günə dərinləşdiyini görən xalqın sabaha ümidi, inamı qalmamışdı. Ölkədə durmadan artan seperatçılıq meyilləri nəticəsində milli dövlətçiliyimizin başı üzərindəki qara buludlar hər an sıxlaşırdı.

15 iyun 1993-cü ilə qədər ölkədə baş vermiş hadisələrin təhlili sübut edir ki,bacarıqsız və ambisiyalı adamlar yalnız vəzifə haqqında düşünməklə ölkəni uçuruma aparırdı. Azərbaycanın belə çətin anında dövləti, xalqı uçurumdan qurtarmaq uçün bir xilaskara - hadisələri düzgün qiymətləndirmək, qabaqlayıcı tədbir görmək iqtidarında olan siyasi liderə ehtiyac var idi. Bu lider isə xalqın ümid, inam yeri Heydər Əliyev idi.

O, 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gəldi. Vətənin pərən-pərən düşmüş sağlam siyasi qüvvələrini bir yerə topladı, dizi üstə çökmüş, ümidi, inamı sarsılmış xalqın qəlbindəki son ümid qığılcımlarını sönməyə qoymadı.

15 iyun Azərbaycanın parçalanması planının iflasa uğradığı qiyamların, çevrilişlərin qarşısının alındığı, “Xalq-Heydər”, “Heydər-Xalq” vəhdətinin təntənəsi günüdür. Onun hakimiyyətə gəlişi ilə biz Azərbaycan adlı dövlətin tamamilə məhv olub dünya xəritəsindən silinmək təhlükəsindən qurtulduq.

Ölkədəki xaosdan, özbaşınalıqdan, başıpozuqluqdan qurtulduq.

Milli mənəviyyatımızın aşınaraq məhv olmasından, mənəvi dəyərlərimizin sürətlə yox olmaq təhlükəsindən qurtulduq.

Ölkə daxilindəki siyasi çəkişmələrin nəticəsində üzülən, taqətdən düşən vətən torpaqlarının mənfur ermənilər tərəfindən daha geniş miqyasda işğalından qurtulduq.

Ümidsizlikdən, bizi gözləyən məchul sabahlardan qurtulduq.

Və biz 15 iyunda nə qazandıq?

15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə biz bugünkü çiçəklənən, gündən-günə güclənən, siyasi, iqtisadi, hərbi qüdrətə malik, dünya dövlətləri arasında nüfuz, söz sahibi olan müasir, çiçəklənən, suveren  Azərbaycanı qazandıq.

 

Könül MƏMMƏDOVA,

Ədliyyə Nazirliyi Göyçay Rayon Qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri