Heydər Əliyev Azərbaycan dilinin böyük mühafizi, təbliğatçısı idi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heydər Əliyev Azərbaycan dilinin böyük mühafizi, təbliğatçısı idi

14 İyun 2018
 

Ana dili hər bir xalqın varlığı, kimliyi və özünütəsdiqinin ən başlıca göstəricisidir. Xalqımızın tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan ana dilimiz bizi bir millət kimi yaşadan və dünyada tanıtdıran başlıca amillərdən biri olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. 

Ən böyük milli-mənəvi sərvətlərimizdən biri olan Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri, necə deyərlər, imzalar içərisində imzası vardır. Prezident İlham Əliyevin sözləri ilə desək, “ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”.
Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını və özümlüyünü qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. Cəsarətlə demək olar ki, Azərbaycan dili hazırkı qloballaşma dövründə - elmin, texnikanın görünməmiş sürətlə irəli getdiyi çağımızda bütün elm sahələri üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin və seçkin dünya dillərindən biridir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Məlum olduğu kimi, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qa-zandı, həm də onlara mənəvi dəstək verdi, ruh yüksəkliyi bəxş etdi, bu məsələnin müsbət həlli üçün geniş üfüqlər açdı.
Heydər Əliyev həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ümummilli liderimiz bununla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi.
Həmin tədbirlər sırasında ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi, totalitar rejimin hökm sürdüyü keçmiş sovetlər birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Heydər Əliyev 1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının binasında dilimizin adı ilə bağlı keçirilən ümumrespublika yığıncağında həmin tarixi hadisəni yada salaraq demişdir: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım oldu. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Siz nə üçün bizə mane olursunuz? Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu”.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən, məqsədyönlü və uğurlu dil siyasətinin nəticəsi olaraq keçən əsrin 70-ci illərində respublikamızda milli ana dilinin müxtəlif yönlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi-tədqiqat işləri yerinə yetirildi. Bütün bunların nəticəsi olaraq 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi respublika Dövlət mükafatına layiq görüldü. Heydər Əliyevin ana dilinə sonsuz sevgi və qayğısının parlaq təzahürü olan bu cəsarətli addım Azərbaycanda dilçiliyin daha da inkişafı üçün geniş imkanlar açdı, dilçi alimlərə qol-qanad verdi, elmi ictimaiyyətdə böyük ruh yüksəkliyi yaratdı.
Yenə həmin dövrdə Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan uğurlu dil siyasəti daha bir bəhrəsini verdi. Belə ki, Azərbaycan keçmiş sovet məkanında, eyni zamanda, beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanındı. Keçən yüzilliyin 70-ci illərində SSRİ Elmlər Akademiyasının türk dillərinin tədqiqi istiqamətində yeganə elmi orqanı olan “Sovetskaya Türkologiya” jurnalı Bakıda nəşr olunmağa başladı. Yeri gəlmişkən qeyd edək ki, bu jurnal hazırda yenə də Bakıda - Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin orqanı kimi “Türkologiya” adı ilə beynəlxalq dərgi statusunda dörd dildə (Azərbaycan, türk, rus, ingilis) nəşr olunur və öz keçmiş nüfuzunu bərpa edərək uğurlara imza atır.
Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında, dövlət dili statusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributu olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması, və beynəlxalq aləmdə tanınması üçün daha böyük imkanlar yarandı, bu yöndə geniş üfüqlər açıldı və bir sıra mühüm və sanballı işlərə ilkin imza atıldı. Bu məsələdə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq Heydər Əliyevin titanik fəaliyyəti və misilsiz tarixi xidmətləri mühüm və həlledici rol oynadı. Belə ki, ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq, müstəqil Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi.
Heydər Əliyevin apardığı məqsədyönlü dil siyasəti milli dövlət quruculuğu siyasəti ilə, azərbaycançılıq konsepsiyası ilə sıx bağlıdır və onun üzvi tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur:
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
Konstitusiyanın “Dövlət dili” haqqındakı maddəsinin ikinci bəndindən göründüyü kimi, Azərbaycan Respublikasında yaşayan və müxtəlif dillərdə danışan digər xalqların və etnik qrupların milli dillərinin sərbəst işlədilməsinə və inkişafına da dövlət tərəfindən tam təminat verilir. Bu mühüm amil isə müstəqil Azərbaycan Respublikasında dövlət dilinin həm də böyük humanizmi və demokratik ruhu ilə səciyyələndiyini açıq-aşkar şəkildə sübut edir. Belə ki, ölkəmizdə yaşayan azsaylı xalqların, etnik qrupların nümayəndələrinin öz aralarında, məişətdə ana dillərində ünsiyyət saxlamalarına, istənilən dildə təhsil almaq hüquqlarına dövlət səviyyəsində zəmanət verilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin apardığı məqsədyönlü və gələcəyə yönələn dövlət quruculuğu məsələlərində dil siyasəti həmişə aparıcı olmuşdur. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Heydər Əliyev bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən, xalq dilindən gəlmə deyimlərdən uğurla istifadə etmiş, özünəməxsus jest və mimikaları ilə nitqinin auditoriyaya, bütövlükdə, xalqa təsir gücünün artmasına nail olmuşdur. Ulu öndər ana dili ilə bağlı çoxsaylı fikirlərində milli dilin azərbaycançılıqla birbaşa bağlılığı məsələsini də önə çəkmiş, xüsusi olaraq vurğulamışdır: “Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.
Müstəqil Azərbaycan Respublikasının dövlət dilinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ümumi ünsiyyət dili vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun artması, nüfuzunun yüksəlməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə ikinci dəfə rəhbərliyinin ilk illərində Azərbaycanın dahi söz ustadı, “qəlb şairi” Məhəmməd Füzulinin 500 illik yubileyi geniş miqyasda keçirildi. 1999-2000-ci illərdə isə dilimizin ən əski qatını özündə yaşadan ana abidəmiz “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Bu yubileylər həm də əbədiyaşar söz sənətinin və onun ən parlaq ifadə vasitəsi olan ana dilinin təntənəsi, dilimizə göstərilən böyük diqqət və qayğının göstəricisi kimi dəyərləndirildi və milli ziyalıların, bütövlükdə xalqımızın yaddaşına əbədi olaraq həkk olunaraq hər bir vətəndaşa qürur bəxş etdi.
Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlamış və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman xüsusi yer tutur. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Belə ki, fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda həmçinin müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaranması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu. Fərmanda Azərbaycan dilinin tarixi ilə xalqımızın tarixi arasında sıx və qırılmaz tellər olduğu vurğulanır və dil siyasətinin azərbaycançılıqla bağlılığı qeyd olunurdu.
Heydər Əliyevin əsəri olan bu tarixi fərmanda müstəqil Azərbaycan dövlətinin dil siyasətinin mərkəzində iki başlıca ideya dayanırdı. Birincisi, Azərbaycan dilinin dövlət dili kimi qorunması, ikincisi isə bu dilin dövlət dili səviyyəsində inkişafı üçün hər cür imkan və şəraitin yaradılması.
Adı çəkilən tarixi qərara əsasən, dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsinə, onun lazımi səviyyədə öyrənilməsinə və cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsinə, eləcə də sadalanan işlərə nəzarətin gücləndirilməsinə əsl dövlət qayğısı öz əksini tapmışdır. Belə ki, həmin fərman çərçivəsində ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmış və yaxın gələcək üçün nəzərdə tutulmuş “Azərbaycan Respublikasında dövlət dili” haqqında qanun layihəsinin hazırlanması barədə müvafiq qurumlara göstəriş verilmişdi. Bundan əlavə, ölkənin müxtəlif nazirlik, idarə və təşkilatlarında dövlət dilinin və latın əsaslı Azərbaycan əlifbasının tətbiqi, ali təhsil ocaqlarında və orta məktəblərdə Azərbaycan dilinin tədrisinin yaxşılaşdırılması qarşıya bir vəzifə olaraq qoyulurdu. Fərmanda həmçinin Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə sanballı elmi araşdırmaların nəşri də icrası nəzərdə tutulan başlıca məsələlər sırasında yer alırdı. Bu tarixi qərarda eyni zamanda, Azərbaycan dilinin və latın əsaslı Azərbaycan əlifbasının yerlərdə tətbiqi işinə nəzarətin gücləndirilməsi və ölkədə çap olunan mətbuat orqanlarının, kitabların 2001-ci il avqustun 1-nə qədər bütövlükdə latın əsaslı Azərbaycan əlifbasına keçidi bir vəzifə olaraq müvafiq orqanlar və dövlət qurumları qarşısında qoyulurdu. Qeyd edək ki, ulu öndərin Azərbaycan dili ilə bağlı bu tarixi fərmanından irəli gələn bütün məsələlər tezliklə öz müsbət həllini tapdı və bir sıra mühüm tədbirlər həyata keçirildi.
Qeyd etmək lazımdır ki, fərmanda irəli sürülən müddəalar və ideyalar başlıca olaraq Azərbaycan dilinin bir dövlət dili kimi qorunması, müxtəlif sahələrdə geniş tətbiqi, işlənməsi və inkişaf etdirilməsi kimi qlobal məsələləri özündə ehtiva edir və onlardan irəli gələn hədəflərə, vəzifələrə çatmaq üçün konkret yolları göstərir, istiqamətləri müəyyənləşdirirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin dövlət dili ilə bağlı aşağıdakı mühüm sənədlərə də imza atmışdır:
- “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərman;
- Azərbaycan Respublikasında dövlət dili haqqında 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu;
- “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli fərman.
Ölkədə latın qrafikalı Azərbaycan əlifbasına keçidin 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının həyatında olduqca mühüm bir elmi-mədəni hadisə olduğunu nəzərə alan dövlət başçısı 9 avqust 2001-ci il tarixli fərmanı ilə hər il avqust ayının ilk gününün Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmasını rəsmiləşdirdi. Beləliklə də dövlətin dil siyasətinin həyata keçirilməsi, ana dilinin nüfuz və statusunun qaldırılması üçün daha münbit şərait və geniş imkanlar yarandı.
Üç fəsildən, iyirmi maddədən ibarət olan “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun isə ilk növbədə, ölkə Konstitusiyasına uyğun olaraq, dilimizin dövlət dili kimi hüquqi statusunu nizamlamaq məqsədilə onun işlənməsi, qorunması və inkişafı istiqamətlərini müəyyənləşdirdi. Qanunun preambulasında deyildiyi kimi: “Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır”. Burada diqqətçəkici məqamlardan birincisi Azərbaycan dilinə dövlət səviyyəsində lazımi qayğı göstərilməsidirsə, ikinci mühüm cəhət Azərbaycan dilinin dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli rolunu oynaması üçün Azərbaycan dövləti tərəfindən zəmin yaradılmasıdır. İkinci məsələ ilə bağlı onu da qeyd etmək lazımdır ki, qanunun ayrıca bir maddəsində (I fəsil, maddə 3.0.6) xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə lazımi kömək göstərilməsi də nəzərdə tutulmuşdur.
Bütövlükdə, dövlətin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən dövlət dili haqqında qanunda Azərbaycan dilinin saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulmuşdur.
2 yanvar 2003-cü il tarixli fərman isə Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini, onun tətbiqi və qorunmasını prioritet bir vəzifə olaraq qarşıya qoyurdu. Fərmanda həmçinin Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayıldığı və onun tətbiqi, qorunması və inkişafına hərtərəfli dövlət qayğısı göstərildiyi vurğulanır və bu sahədə görüləcək işlər başlıca bir vəzifə olaraq qarşıya qoyulurdu.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan dili ilə bağlı verdiyi fərmanlar ədəbi dilimizin fəaliyyət meydanını daha da genişləndirmiş, onun dövlət səviyyəsində tətbiqi işini, inkişafı məsələlərini gücləndirmişdir. Bu tarixi qərarlar, bütövlükdə götürdükdə, Azərbaycan dili və dil mədəniyyətimiz qarşısında yeni imkanlar və geniş üfüqlər açmışdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə ulu öndərin adı ilə bağlıdır.
Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ulu öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlıdır. Ölkə Prezidentinin 12 yanvar 2004-cü il tarixli bu sərəncamına əsasən, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir. Bundan əlavə, İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli sərəncamına uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Qeyd edək ki, Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli digər sərəncamı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində kütləvi şəkildə nəşri də həyata keçirilmişdir.
Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Sənəddə qeyd olunduğu kimi, dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir. İlk növbədə, Azərbaycan dilinin hərtərəfli inkişafı və tətbiqi dairəsinin genişlənməsi üçün böyük imkanlar yaradan dövlət proqramının əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanması üçün münbit şərait yaradır.
Dövlət proqramının icrasına dair təqdim olunan tədbirlər planında göstərilən maddələr sırasında Azərbaycan dilinin tədrisi və tətbiqinin genişləndirilməsi, Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və dilimizin kütləvi informasiya vasitələrində təbliği, ədəbi dilimizə xələl gətirə biləcək yad ünsürlərin aradan qaldırılması, ədəbi dil normalarına ciddi əməl edilməsi kimi qlobal məsələlər başlıca yer tutur. Bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanması üçün münbit şərait yaradır.
Ümumiyyətlə, dövlət proqramı milli dövlətçiliyimizin başlıca rəmzlərindən biri olan Azərbaycan dilinin geniş miqyasda tətbiqi, əsaslı və fundamental şəkildə tədqiqi, eləcə də ölkəmizdə dilçilik elmi sahəsində aparılan araşdırmaların səviyyəsinin yüksəldilməsi istiqamətində konkret əməli işlər görmək üçün əlverişli zəmin və geniş imkanlar yaradır. Adı çəkilən tarixi sənəd eyni zamanda, dilçilik sahəsində çalışan mütəxəssislərin, dilçi alimlərin üzərinə böyük vəzifələr qoyur, onları bu yöndə əməli işlər görməyə səfərbər edir.
Qeyd edək ki, yuxarıda adı çəkilən məqsəd və vəzifələrin həlli məsələsi daha çox Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun öhdəsinə düşür. Ölkəmizdə dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan bu elmi müəssisədə ölkə Prezidentinin Azərbaycan dili haqqında 9 aprel 2013-cü il tarixli sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədilə bir sıra əməli işlər görülmüşdür. Onların sırasında ilk növbədə, Dilçilik İnstitutunda bir neçə yeni şöbənin (“Qədim dillər və mədəniyyətlər”, “Sosiolinqvistika və dil siyasəti”, “Kompüter dilçiliyi”, “Monitorinq”) yaradılmasını qeyd etmək lazımdır. İnstitutda aparılmış struktur dəyişiklikləri Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin görkəmli dilçi alimlərinin beynəlxalq səviyyədə tanınmasına və nüfuz qazanmasına, eləcə də ədəbi dil tarixinin, qədim dillər və mədəniyyətlərin araşdırılmasına, ölkə ərazisində yaşayan azsaylı xalqların dillərinin öyrənilməsinə yol açır.
Azərbaycan dili ilə bağlı bu qeydlərimiz aydın şəkildə sübut edir ki, xalqımızın ən böyük milli-mənəvi sərvətlərindən sayılan ana dilimizə ölkəmiz müstəqillik qazandıqdan sonra dövlət səviyyəsində böyük qayğı göstərilmiş və bu qlobal məsələ daim diqqət mərkəzində olmuşdur.
Heydər Əliyevin dövlət dilimiz olan Azərbaycan dili haqqında dediyi aşağıdakı sözlər bu qayğının ən bariz nümunəsidir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Lakin mədəniyyətin və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşdirilməsinə, onun söz ehtiyatının zənginləşməsinə daha çox qayğı göstərmək lazımdır”.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ana dili haqqında proqram səciyyəli bu sözləri hər bir ölkə vətəndaşını, xüsusilə də dilçilik sahəsində çalışan mütəxəssisləri ədəbi dilimizin saflığı keşiyində dayanmağa, onun düzgün şəkildə tətbiqi və inkişafı istiqamətində düşünüb-daşınmağa səsləyir.

Möhsün NAĞISOYLU,
akademik