Azərbaycanın 153 ölkə ilə ticarət əlaqəsi var

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın 153 ölkə ilə ticarət əlaqəsi var

14 İyun 2018
 

Cari ilin yanvar-aprel aylarında Azərbaycan dünyanın 153 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirmişdir. 94 ölkəyə məhsul ixrac olunmuş, 144 ölkədən idxal edilmişdir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 4 ay ərzində xarici ticarət dövriyyəsi 9 milyard 318,8 milyon, o cümlədən ixracın dəyəri 6 milyard 292,7 milyon, idxalın dəyəri 3 milyard 26,1 milyon dollar təşkil etmiş, nəticədə 3 milyard 266,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8, real ifadədə 3,3, o cümlədən ixrac 2,2, idxal 5,7 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ixracın 24,7 faizini İtaliyaya, 9,2 faizini İsrailə, 7,4 faizini Türkiyəyə, 5,5 faizini İndoneziyaya, hər biri 4,9 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Almaniyaya, 4,4 faizini Çexiyaya, 3,7 faizini Kanadaya, hər biri 3,2 faiz olmaqla Gürcüstan və İspaniyaya, 3 faizini Avstriyaya, 2,9 faizini Portuqaliyaya, 2,8 faizini Rusiyaya, hər biri 2,5 faiz olmaqla Ukrayna və Hindistana, qalan 15,2 faizini digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,5 faizi Türkiyə, 10,1 faizi Çin, 7,8 faizi Almaniya, 4,7 faizi ABŞ, 4 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3,1 faizi Belarus, 2,9 faizi İran, 2,3 faizi Birləşmiş Krallıq, 28,8 faizi digər ölkələr ilə aparılmış əməliyyatların payına düşmüşdür.  

Yanvar-aprel aylarında 485,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 19,3, real ifadədə 11,4 faiz çoxdur.