Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tramp: “KXDR tərəfindən nüvə təhlükəsi artıq yoxdur”

13 İyun 2018
ABŞ Prezidenti Donald Tramp bildirmişdir ki, onun KXDR lideri Kim Çen İnlə görüşündən sonra Pxenyan tərəfindən nüvə təhlükəsi artıq mövcud deyil. Bu barədə Sinqapurda keçirilmiş ikitərəfli sammitdən qayıdan Tramp tvitterdəki səhifəsində yazmışdır: “İndicə yerə endik. Uzun səyahət idi. Lakin indi hamı özünü mən vəzifəyə gəldiyim günlə müqayisədə daha təhlükəsiz hiss edə bilər. KXDR tərəfindən nüvə təhlükəsi yoxdur. Kim Çen İnlə görüş maraqlı və çox müsbət təcrübə idi. Şimali Koreya gələcək üçün böyük potensiala malikdir”.

Amerika lideri həmçinin qeyd etmişdir ki, o, Barak Obamanın prezidentliyi dövründə ABŞ-la KXDR arasında mövcud olmuş müharibə təhlükəsinin qarşısını ala bilmişdir: “Mən vəzifəyə gəlməmişdən əvvəl adamlar hesab edirdilər ki, biz Şimali Koreya ilə döyüşəcəyik. Prezident Obama deyirdi ki, Şimali Koreya bizim üçün ən böyük və ən təhlükəli problemdir. Artıq bu, belə deyil – bu gecə rahat yatın!”