Milli Qurtuluş dövlətçilik tariximizdə önəmli rol oynadı

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Qurtuluş dövlətçilik tariximizdə önəmli rol oynadı

13 İyun 2018
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Ağstafada keçirilən el şənliyinə yüzlərlə rayon sakini toplaşmışdı. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdən əvvəl iştirakçılar müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymaqla xatirəsinə ehtiramlarını bildirmişlər.

Tədbiri giriş sözü ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq 1993-cü ilin iyun ayında respublikamızın müstəqilliyinə təhlükə yaradan hadisələrdən danışaraq demişdir ki, yaranmış xaos və anarxiyanı ancaq görkəmli dövlət xadimi Heydər Əliyev qurtara bilərdi və xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn dahi şəxsiyyət xilaskarlıq missiyasını uğurla həyata keçirdi. Ölkədə tuğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafımızın təməlini qoydu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında dahi rəhbər çıxış edərək dövlətçiliyimizin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu uğurla həyata keçirdi. Qısa vaxt ərzində Azərbaycanın adı nəinki regionda, eləcə də inkişaf etmiş dünya dövlətləri sırasında çəkildi. Beləliklə 1993-cü il iyunun 15-dən başlanan milli qurtuluş sözün əsl mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyətini, müstəqilliyini təmin etdi. Heydər Əliyev uzaqgörən düşüncəsi və zəkası ilə milli dövlətçiliyimizin konsepsiyasını yaratmaqla qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik yaratdı.

Tədbirdə o da vurğulanmışdır ki, bu gün ölkəmiz ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə çiçəklənərək inkişaf edir. Regionlar inkişaf etməklə yanaşı, xalqın həyat səviyyəsi də durmadan yüksəlir.

Sonra 15 iyun - Milli Qurtuluş Günü münasibətilə böyük bayram koserti olmuşdur. Rayonun incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.

 

                                                                                       Sabir ƏLİYEV,

                                                                                        “Azərbaycan”