Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“İlham Əliyev Qarabağ və Naxçıvan cəbhəsində irəliləyir”

13 İyun 2018
 

Azərbaycanın növbəti hərbi qələbəsi Ermənistanda  böyük ajiotaj və qaçılmaz məğlubiyyət xofu yaradıb

 

Regionun lider dövləti statusunu daşıyan Azərbaycanda həyata keçirilən ordu quruculuğu Silahlı Qüvvələrimizin döyüş hazırlığı baxımından kifayət qədər mükəmməl bir səviyyəyə gəlib çatmasına səbəb olub.

Bu vəziyyət hər bir azərbaycanlı üçün qürur doğurduğu halda, işğalçı Ermənistanda getdikcə daha böyük təşvişə rəvac verməkdədir. Erməni tərəfini narahat edən ən başlıca məqamlardan biri döyüş qabiliyyətini davamlı yüksəldən Azərbaycan Ordusunun yeni hərbi texnika ilə təmin edilməsidir. Bunun daha bir bariz nümunəsi Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin iyunun 11-də baş tutan açılışı və burada nümayiş etdirilən yeni hərbi texnika oldu.

 

Ermənistana yeni hərbi xəbərdarlıq

 

Xatırladaq ki, Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş texnikası parkında hərbi texnikaya baxış keçirib. Burada diqqət cəlb edən yeni müasir silahlar isə Azərbaycanın gücü barədə Ermənistana yeni hərbi xəbərdarlıq sayılır. Düşmən artıq Azərbaycanın onun istənilən nöqtəsini yüksək dəqiqliklə vuran yeni silahlara malik olduğunu yenidən əyani şəkildə görür. Qeyd edək ki, sözügedən hərbi hissədə ilk diqqət cəlb edən Belarusun “Polonez” yaylım atəşli reaktiv sistemləri oldu. Azərbaycanla Belarus arasında hökumətlərarası razılaşmaya əsasən, ölkəmizə gətirilən 301 millimetrlik “Polonez”lər ordumuzun silahlanmasına daxil edilib.

Məlumat üçün qeyd edək ki, “Polonez”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “Polonez”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür.

“Polonez”lərlə yanaşı, Azərbaycan Ermənistanın kabusu sayıla biləcək İsrail istehsalı olan “Lora” əməliyyat-taktiki raket kompleksini də silahlanmaya qəbul edib. “Lora” da “Polonez” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir.

 

Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyünü artırır

 

Bütün bunlar Azərbaycanda həm ordu quruculuğu prosesinin uğurla getdiyini göstərir, həm də ölkəmizin Ermənistan üzərində hərbi üstünlüyünü davamlı şəkildə yüksəldir.

Qeyd edilənlərin real nəticəsini Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi fonunda erməni tərəfi əyani olaraq gördü.

Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti artıq ordumuza Yerevan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 kilometr yeni yol çəkilib, 50 kilometrdən çox yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

 

İşğalçı ölkədə böyük ajiotaj yaranıb

 

Baş verənlər Ermənistanda çox böyük ajiotaja səbəb olub. Erməni siyasi şərhçi Sarkis Artsruni qeyd edir ki, Azərbaycan Ordusu, şəxsən İlham Əliyev  Qarabağ və Naxçıvan cəbhəsində faktiki olaraq irəliləyir: “Bakıda müharibəyə hazırlıq gedir və Naxçıvan cəbhəsində ərazilərin azad edilməsi ilə bağlı informasiya Yerevanın bütün təkziblərinə baxmayaraq, reallıq yükünü artırır. Azərbaycanda seçkilər çoxdan başa çatıb və seçki vaxtı olmadığı üçün heç kim deyə bilməz ki, Bakı təbliğat aparır. Əksinə, Azərbaycan Ermənistanda “məxməri inqilab”dan sonra yaranmış qarışıq vəziyyətdən istifadə edir”.

Sarkis Artsruni qeyd edir ki, cəbhədə baş verənlər Bakının Nikol Paşinyanın danışıqlar prosesində Qarabağın iştirakı ilə bağlı istəyinə cavabıdır: “Ermənistanda hələ ki, hakimiyyətin və xarici siyasətin formalaşması gedir. Ermənistan-Rusiya münasibətləri relsə oturmayıb və belə bir situasiya Azərbaycanın əlini gücləndirir”.

 

“Ermənilərin yeganə xilas yolu işğala son qoymaqdır”

 

Ermənilər yaxşı bilirlər ki, işğal siyasətinə son qoyulmasa, həm cəbhədə daha böyük zərbələr alacaqlar, həm də yaşadıqları problemlərin miqyası daha da genişlənəcək. Bütün bunları nəzərə alan erməni əsilli yazıçı, “Literaturnaya Kanada” almanaxının baş redaktoru Vaqan Karapetyan ermənilərə müraciətində bildirir ki, işğala son qoyulması ermənilərin yeganə xilas yoludur. O qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistana və ermənilərə heç nə qazandırmayıb. Əksinə, erməni xalqı bu münaqişənin nəticəsi olaraq yalnız ağır sosial problemlər içərisində qalıb.

Ermənistandakı çətin iqtisadi vəziyyət səbəbindən on minlərlə insan evlərini tərk edib və xarici ölkələrə köçüb. Bu gün Yerevanda və başqa şəhərlərdə nə qədər evlərin qapısı bağlı qalıb. Vaqan Karapetyan bildirib ki, ölkəni tərk edən erməni ailələri bu addımı sadəcə, ac qalmamaq üçün atırlar: “Artıq ermənilər sabaha ümid etmirlər, uşaqlarının gələcəyini Ermənistanda görmürlər. Erməni siyasətçiləri dərk etməlidirlər ki, Dağlıq Qarabağ heç zaman Ermənistanın olmayıb və olmayacaq. Bu gün Dağlıq Qarabağdakı ermənilər də oranı tərk edirlər. Bundan əvvəl ermənilər deyirdilər ki, onların Dağlıq Qarabağda yaşamalarına azərbaycanlılar imkan vermir, bəs bu gün niyə oranı tərk edirlər? Ermənistanın apardığı işğalçı siyasət Dağlıq Qarabağ ermənilərini də aclığa və səfalətə məhkum edib. Əvvəllər azərbaycanlılar və ermənilər Dağlıq Qarabağda mehriban yaşayırdılar. Müharibə nəticəsində heç bir erməni heç nə əldə etməyib. Mənim qohumum David də müharibəyə getdi və cənazəsi gəldi. Erməni siyasi elitası əsassız ərazi iddialarından əl çəkməlidir”.

Bir daha sübut olundu ki, Ermənistan ordusu elə onun “müstəqil”liyi kimidir. Əgər əsassız ərazi iddialarından əl çəkilməsə, onda Ermənistanı daha böyük zərbələr gözləyir. Bu zərbələrin ən kəskinini isə işğalçı ölkəyə şanlı ordumuz vuracaq.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”