Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Maroş ŞEFÇOVİÇ: “TANAP “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissəsidir”

13 İyun 2018
 

Transanadolu Boru Kəməri (TANAP) “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç öz “Twitter” hesabında yazıb.

“TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Transadriatik Boru Kəməri (TAP) ilə birgə “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissəsidir. O, bu infrastruktur layihəsinin ən uzun hissəsidir. Bu gün buna görə də əsas mərhələ tamam olur, çünki Xəzər təbii qazı artıq kommersiya əsasında Türkiyə bazarına çatdırılır”, - deyə M.Şefçoviç bildirib.

“Bu gün biz niyyətləri reallığa çeviririk və Enerji İttifaqı ilə daha bir nəzərəçarpacaq nəticəni veririk. “Cənub qaz dəhlizi” enerji təchizatçıları və marşrutlarını şaxələndirməklə Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi ən həssas bölgələrdə də daxil olmaqla Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarının arasındakı bu “körpü”dən yararlana bilərik. Bu, uğur qazanmaq üçün birgə maraq doğurur”, - deyə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti əlavə edib.

O deyib: “Bizim uzunmüddətli hədəfimiz azad ticarət, rəqabət və şaxələndirilmiş təchizat, mənbələr və marşrutlara əsaslanan ümumavropa enerji bazarının yaradılmasıdır. Bu, onu göstərir ki, Enerji Birliyi Aİ-nin sərhədlərində dayanmır və o, güclü xarici ölçüyə malikdir. İnanıram ki, “Cənub qaz dəhlizi”nin Avropa hissəsi olan TAP-ın tikintisi üç milli hökumətin davamlı dəstəyi sayəsində davam edəcək və nəticədə 2020-ci ildə Xəzər qazı Aİ-yə çatacaq. Bunun investisiyalar, iş yerləri, istehlakçılar üçün aşağı enerji qiymətləri və aşağı karbonlu iqtisadiyyatlara keçid baxımından tranzit və təyinatlı ölkələrə, onların yerli icmalarına mühüm faydaları olacaq”.