Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədidir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədidir

13 İyun 2018
 

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövlətimizin çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Çünki həmin qayıdışla ölkəmizin və xalqımızın həyatında yeni dövr başlandı, Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter aldı. Tarixin axarında başı bəlalar çəkmiş, keşməkeşli tale yaşamış olan Azərbaycan XX əsrdə ikinci dəfə bərpa etməyə nail olduğu müstəqilliyini qorumağa qadir lider sayəsində dövlətçiliyini möhkəmləndirdi, inamla irəliyə doğru addımladı.

XX əsrin sonlarında süquta uğrayan sovetlər imperiyası yeni müstəqil dövlətlərin meydana gəlməsinə fürsət verdi. Əsrlər boyu qəlbində və ruhunda azadlıq ideallarını yaşadan Azərbaycan xalqı da öz istiqlalına qovuşdu. Lakin müstəqillik yolu rahat və hamar olmadı: 20 Yanvar şəhidlərinin, Qarabağ uğrunda həlak olan mərd igidlərin qanı üzərindən keçdi. 1991-ci ilin 18 oktyabrında Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Amma ölkədə hökm sürən xaos və anarxiya, başıpozuq silahlı dəstələr, hakimiyyəti ələ keçirmiş səriştəsiz “rəhbərlər” müstəqilliyi qorumağa qadir deyildilər.
90-cı illərin ictimai-siyasi ab-havası xalqımızı böyük qanlar-canlar bahasına qazandığı tarixi nailiyyəti - azadlıq və müstəqilliyini itirilmə təhlükəsi ilə üzləşdirdi. Həmin dövrdə daxildə gedən hakimiyyət mübarizəsi, cəbhə bölgəsindəki xəyanətkar əməllər hakimiyyət böhranını daha da dərinləşdirmişdi. Qarşıdurma vətəndaş müharibəsi həddinə yüksəlmişdi. AXC-Müsavat cütlüyü üçün ölkəni idarə etmək gündən-günə çətinləşirdi. Böhran 1993-cü ilin iyunda kulminasiya həddinə çatdı və 4 iyun hadisələri baş verdi.
Sayıqlığını itirməyən qədirbilən Azərbaycan xalqı bu mürəkkəb vəziyyətdə kimin respublikanı bəlalardan xilas etməyə qadir olduğunu yaxşı bilirdi. Nahaq deməyiblər ki, elin gözü tərəzidir. Xalq təkidli tələblərlə böyük oğlunu, ulu öndərini Bakıya çağırırdı. İyunun 9-da Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Bakıya gəldi. Həmin gün Milli Məclis Gəncə qiyamında iştirak etmiş şəxslərə amnistiya verilməsi haqqında qərar qəbul etdi, həmçinin Gəncədə baş vermiş hadisələrin araşdırılması üçün deputat-istintaq komissiyası yaradıldı. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə Gəncəyə yola düşdü, hadisələri yerindəcə araşdırdı.
1993-cü il iyunun 15-də Milli Məclis Heydər Əliyevi parlamentin sədri seçdi. Beləliklə, xalqın müdrikliyi burnunun ucundan uzağı görməyən siyasətbazların hay-küyünə qalib gəldi. Qarşıda çətin və mürəkkəb işlər dururdu: ölkədə milli birlik yaratmaq, qardaş qırğınına yol verməmək, xaos və anarxiyanın kökünü kəsmək, Dağlıq Qarabağ və ətrafındakı cəbhəyanı bölgədə düşmənin təxribatlarına layiqli cavab vermək, Azərbaycan reallıqlarını beynəlxalq aləmə doğru-düzgün çatdırmaq və s. Lakin hamı əmin idi ki, Heydər Əliyev kimi nəhəng siyasətçi və xalqını ürəkdən sevən insan bu çətinliklərin öhdəsindən gələcək, Azərbaycanı ağ günlərə çıxaracaq!
O mürəkkəb şəraitdə əsrlər boyu arzulanan güclü Azərbaycan dövlətini qurmaq, müstəqilliyi qoruyub saxlamaq, xalqımızı problemlər məngənəsindən xilas etmək çox çətin və şərəfli missiya idi. O tarixi missiyanı yalnız Heydər Əliyev yerinə yetirməyə qadir oldu. Dövlət idarəçiliyində yüksək səriştəsi, siyasi müdrikliyi və uzaqgörənliyi, qərar qəbul edərkən milli maraqları hər şeydən üstün tutması, beynəlxalq nüfuzu və əlaqələri, yeniliklərə dərhal reaksiya vermək qabiliyyəti, qətiyyəti, fenomenal yaddaşı, dəmir iradəsi, xalq yolunda fədakarlığı bu böyük lideri xalqa sevdirən əsas məziyyətlərdəndir. Onun bütün fəaliyyəti fədakarlıq nümunəsidir. Heydər Əliyev - ömrünü Azərbaycan dövlətinin möhkəmlənməsi yolunda məşələ çevirən lider oldu!
Ümummilli liderin dəf etdiyi bəlalar sırasında 1993-cü ildə ölkəmizin cənub bölgəsində yaranmış gərgin vəziyyəti xüsusi qeyd etmək vacibdir. Çünki qara qüvvələrin bədnam “Talış-Muğan respublikası” yaratmaq ideyası, əslində doğma vətənimizi parçalamaq, Azərbaycan dövlətini məhv etmək məqsədi güdürdü. Ulu öndər o təhlükənin də qarşısını qansız-qadasız almağa nail oldu. Hakimiyyətə ikinci qayıdışı ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən birdəfəlik xilas etdi. Ona görə deyirik ki, 1993-cü ildən etibarən tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi-tarixi əhəmiyyətə malik gündür.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının da həyatında tarixi dönüş mərhələsi başlandı. Çünki ölkəmizin parçalanmaq, dövlətimizin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı o dövrdə 1993-cü ilin fevralında təsis olunmuş AHİK-in də başının üstünü ciddi təhlükə almışdı. Ölkədə işsizlik hökm sürürdü, istehsal müəssisələri dayanmışdı. Əmək adamlarına böyük rəğbət bəsləyən Heydər Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində tədricən ölkədəki bütün strukturlar normal iş ahənginə dönməyə başladılar. O böyük şəxsiyyət hər zaman əmək adamlarının müstəqil təşkilatına arxa, dayaq oldu. Bir əsrə yaxın yaşı olsa da, konfederasiya formatında yenicə birləşən AHİK ölkə rəhbərliyinin dəstəyi, qayğısı sayəsində nüfuzunu möhkəmləndirdi.
1994-cü ildə “Həmkarlar İttifaqları haqqında” qanun qəbul edildi. Təşkilatın səmərəli fəaliyyət göstərməsi üçün hüquqi baza yarandı. Bu qanun demokratiyanı sözdə yox, işdə dəstəkləməyin parlaq nümunəsi idi. Heydər Əliyevin prezidentliyi illərində əməkçilərin sosial müdafiəsinə çoxsaylı hüquqi normativ aktlar qəbul olundu, BƏT-in (Beynəlxalq Əmək Təşkilatı) əsas konvensiyaları Milli Məclisdə ratifikasiya edildi.
Azərbaycanda Heydər Əliyev dövrünün başlanması həmkarlar təşkilatlarını da yeni inkişaf mərhələsinə çıxardı. Qurum cəmiyyətdəki yerini də, rolunu da gücləndirdi. Ulu öndərin rəhbərliyi ilə respublikanın hər yerində vüsət alan sosial-iqtisadi inkişaf, dərin islahatlar həmkarlar ittifaqlarında da struktur islahatlarının aparılmasını, yeni nizamnamənin hazırlanmasını zəruri edirdi. Transmilli şirkətlərdə həmkarlar təşkilatları yaradıldı. Fərqli mülkiyyət formasına malik olan müəssisələrdə AHİK öz fəaliyyətini qurdu. İşçilərin əmək, istirahət, müalicə və digər sosial tələbatlarının ödənilməsində ardıcıl tədbirlər həyata keçirildi. İşini yeniləşən cəmiyyətin tələblərinə uyğun quran AHİK Azərbaycanda müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunda yaxından iştirak etdi.
Heydər Əliyev hər zaman əməkçi insanların yanında olduğu kimi, bu insanların müstəqil təşkilatı olan həmkarlar ittifaqları da hər zaman böyük rəhbərin yanında oldular, daim ulu öndəri dəstəklədilər.
İnamla deyə bilərik ki, hazırda beynəlxalq həmkarlar ittifaqları ailəsinin bərabərhüquqlu üzvü olan AHİK Heydər Əliyev siyasətinin bəhrəsidir. Əgər bu gün idarə və müəssisələrdə, xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli şirkətlərdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılmasına, sosial problemlərin həllinə, əməkçilərin hüquqlarının qorunmasına nail olunursa, bunlar hamısı dövlət siyasətinin Heydər Əliyev siyasi kursunun bəhrəsidir.
Hazırda ölkə həyatında mühüm rol oynayan həmkarlar ittifaqları ulu öndərin dövlətçilik və humanizm ideyalarını əldə rəhbər tutaraq vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın dərinləşməsinə və inkişafına öz töhfəsini verir.
Prezident İlham Əliyev də AHİK-in işini yüksək dəyərləndirir. V qurultaya göndərdiyi təbrik məktubunda dövlət başçısı qeyd edirdi ki, “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vətəndaşların sosial hüquqlarının təmin olunmasında mühüm rol oynayır. Azərbaycan hökuməti əmək münasibətlərinin tənzimlənməsi və insanların sosial məsələlərinin həlli sahəsində onların fəaliyyətini yüksək qiymətləndirir”. Dövlət başçısının bu fikirləri həmkarlar təşkilatında çalışanların qarşısında böyük məsuliyyət qoyur.
Respublikamızdakı sosial-iqtisadi inkişaf, insanların rifah halının ildən-ilə yaxşılaşması, yaşadığımız həyat, şahidi olduğumuz hadisələr dönə-dönə sübut edir ki, müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcəyimizə daim nur saçacaqdır. 25 ildir ki, müstəqillik tariximizdə müstəsna yeri olan Milli Qurtuluş Günü ölkəmizin hər guşəsində dahi lider, fenomenal şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətə böyük minnətdarlıq hissi ilə qeyd olunur.

Rafael QAFAROV,
Milli Məclisin Həmkarlar ittifaqı komitəsinin sədri