Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aqrar sahənin kadr hazırlığında modernləşmə real nəticələr verir

13 İyun 2018
 

Əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Etibarlı ərzaq təminatı isə hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Bu baxımdan ölkəmizdə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına göstərilən diqqət və qayğı artıq öz bəhrəsini verməkdədir. Artan iqtisadi potensial fonunda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr bu gün ölkəmizdə ərzaq təhlükəsizliyinə təminat verməklə yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. 

Qeyd etmək lazımdır ki, digər sahələr kimi, aqrar sahənin sürətli inkişafı da yüksək ixtisaslı kadrlardan çox asılıdır. Bu baxımdan respublikamızda yeganə yüksək ixtisaslı kənd təsərrüfatı kadrları hazırlayan Azərbaycan Dövlət Aqrar Universitetinin üzərinə böyük vəzifələr düşür. Bu vəzifələrin öhdəsindən uğurla gələn ali təhsil ocağında həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, artıq ölkəmizdə kənd təsərrüfatı kadrlarına olan tələbatın ödənilməsində heç bir problem yoxdur. Bu gün universitetdə tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur. Yaradılmış yeni təsisatlar, o cümlədən aqrobiznes inkubasiya mərkəzi, aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə, kənd təsərrüfatı maşınlarının intellektual idarə edilməsi laboratoriyaları, quşçuluq, bildirçin, süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, heyvandarlıq kompleksi, bitki və baytarlıq klinikaları, patoloji anatomiya muzey-auditoriyası burada təhsil alan tələbələrin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə imkan verir. Bu gün universitet dünyanın 20-dən artıq ölkəsinin 60-dan artıq universiteti ilə, aqrar sahə ilə əlaqəli müxtəlif təşkilat və birliklərlə ikitərəfli əlaqələr qurmuşdur. Bunlar ABŞ, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Çin, Polşa, İtaliya, Norveç, Macarıstan, Sloveniya, Çexiya və sair kimi ölkələrin aparıcı aqrar universitetləridir. Təkcə onu demək kifayətdir ki, son 5 ildə yüzlərlə müəllim və tələbə təcrübə keçmək, dərs demək, eləcə də təhsil almaq, seminarlarda iştirak etmək və ikitərəfli əlaqələrin qurulması məqsədilə dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərində olmuşdur.
Universitetdə təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili, interaktiv tədris üsulunun tətbiqi istiqamətində xeyli iş görülmüşdür. İndi bir neçə ixtisasın beynəlxalq akkreditasiyadan keçməsi və ikili diplom alınması üçün müvafiq işlər həyata keçirilir.
Hazırda universitetdə 6 fakültə, 31 kafedra fəaliyyət göstərir ki, burada da 532 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 1 nəfəri AMEA-nın müxbir üzvü, 20 nəfəri elmlər doktoru, 200 nəfərə yaxını isə fəlsəfə doktoru, dosentdir. Universitetdə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. 2013-2014-cü tədris ilindən 11 ixtisas - aqronomluq, baytarlıq, əzcaçılıq, aqromühəndislik, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, ekologiya, meşəçilik, torpaqşünaslıq və aqrokimya, su bioehtiyatları və akvabitkilər, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, zootexniklik ixtisasları üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır. Növbəti tədris ilindən isə əlavə 3 ixtisas - bitki mühafizəsi, şərabçılıq, bağçılıq və tərəvəzçilik ixtisasları əlavə edilmişdir.
Qeyd edək ki, universitetin fəaliyyəti təkcə yüksək ixtisaslı kadr hazırlığı ilə bitmir. Belə ki, respublikada kənd təsərrüfatının ayrı-ayrı sahələrinə aid sanballı elmi-tədqiqat işlərinin aparılması da daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi mövzu planı, Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi ilə əməkdaşlıq müqavilələri, Dünya Bankının maliyyəsi ilə həyata keçirilən İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsinin dəstəyi və təsərrüfathesablı sifarişlər əsasında universitetdə elmi-tədqiqat işlərinin mövzu planı hazırlanmışdır. Bu işlərin həyata keçirilməsində universitetin 30 kafedrası, 2 sahə laboratoriyası, 5 istiqamət, 7 problem və 25, o cümlədən dövlət qeydiyyatından keçmiş 9 mövzu üzrə 534 əməkdaş iştirak edir.
Universitet alimlərinin apardıqları elmi-tədqiqat işləri nəticəsində yüksək məhsuldarlığa malik “ADAU-80” qarğıdalı sortu yaradılmış və bir neçə fermer təsərrüfatında toxumluq məqsədilə səpin aparılmış və çoxaldılaraq digər təsərrüfatlara paylanmışdır. Bundan başqa alimlər tərəfindən “Məhsuldar” və “Gəncə” qarğıdalı, həmçinin “Qismət” və “Qırmızı buğda” yumşaq sortları yetişdirilərək rayonlaşdırılmaq üçün respublika sort sınaq stansiyasına göndərilmişdir. Universitet alimlərinin Norveç Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirdikləri “Azərbaycan və Norveç arasında davamlı kənd təsərrüfatı üzrə təhsilin tədqiqatında akademik tərəfdaşlıq” adlı qrant layihəsinə əsasən aqronomluq fakültəsinin təcrübə sahəsində aparılan elmi-tədqiqat işləri də uğurlu nəticələr vermişdir. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin epizootologiya, mikrobiologiya və parazitologiya kafedrası virus xəstəliklərinin diaqnostikası məqsədilə “Eliza” sistemi və digər laboratoriya avadanlıqları ilə təchiz edilmişdir. Balıqçılıq və balıqçılıq təsərrüfatı işi üzrə qapalı balıq dövrə sisteminin qurulması üçün Türkiyənin İstanbul Universiteti ilə müqavilə imzalanmışdır. Bundan başqa, dünyada yüksək ət məhsuldarlığı ilə şöhrət tapmış hissar qoyun cinsinin hesabına Göygöl rayonunda fəaliyyət göstərən Respublika Süni Mayalanma Mərkəzinin mütəxəssisləri ilə birlikdə həmin rayonun Hacıməlik qoyunçuluq fermer təsərrüfatında elmi-tədqiqat işlərinə başlanılmışdır. Universitet alimlərinin apardıqları elmi-tədqiqat işləri Zaqatala və Şəmkir rayonlarının kəndli-fermer təsərrüfatlarında da uğurla davam etdirilir.
Azərbaycan Dövlət Aqrar Universitetində ustad dərslərə də üstünlük verilir. Bu məqsədlə xarici ölkələrdə nüfuz qazanmış tanınmış alimlərin universitetə dəvət olunması və tələbələrə ustad dərsləri keçməsi müsbət dəyərləndirilir. Bu baxımdan ABŞ-ın İllinoys Universitetinin professoru, ADAU-nun fəxri doktoru Mohammad Babadost, Yeni Zelandiyadan baytarlıq üzrə professor Brayn Maylstoun, Belçikanın Gentt Universitetinin professoru Guy Smagghe tərəfindən keçirilən ustad dərsləri tələbə və müəllimlər tərəfindən maraqla qarşılanmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün ADAU-da 8 elm sahəsi üzrə müdafiə şuraları fəaliyyət göstərir. Bu yaxınlarda 7 nəfər fəlsəfə doktorluğu üzrə müdafiə etmişdir. Ümumiyyətlə son iki ildə universitet əməkdaşları tərəfindən 63 adda dərslik və dərs vəsaiti, 15 monoqrafiya, 1447 elmi əsər, o cümlədən elmi məqalələrin 136-sı xarici ölkə jurnallarında dərc edilmişdir. Dərslik, dərs vəsaitləri və monoqrafiyalara xarici ölkələrin tanınmış alimlərinin rəyinin alınması təcrübəsi də genişlənmişdir. Belə ki, Fransanın paytaxtı Paris şəhərində yerləşən “İSSN” Beynəlxalq Mərkəzinin rəsmi məktubuna əsasən ADAU-nun elmi əsərlər məcmuəsi qeydiyyatdan keçmişdir.
2009-cu ildən etibarən universitetdə beynəlxalq əlaqələr şöbəsi fəaliyyət göstərir ki, bu şöbənin də əsas məqsədi təhsil, elmi-tədqiqat işlərini inkişaf etdirməklə ali təhsil ocağını beynəlxalq aləmdə nümunəvi universitetə çevirmək, beləliklə onun dünya və Avropa təhsil sisteminə inteqrasiyasını, təhsilin bolonya prosesinə qoşulmasını, qabaqcıl ölkələrin təcrübəsini öyrənərək beynəlxalq standartlara uyğun kadr hazırlığı və elmi-tədqiqat işləri sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını yaratmaqdır.
Son illər Azərbaycanda bitkiçiliyin və heyvandarlığın inkişafı sahəsində əldə olunan göstəricilər onu deməyə əsas verir ki, əsrlərdən bəri insana əbədi qida verən torpaq elmi şəkildə əkilib-becərilsə, insanların ərzaqla təminatında heç bir problem olmaz. Bu gün Azərbaycanda kifayət qədər müasir standartlara cavab verən fermer təsərrüfatları və heyvandarlıq kompleksləri var ki, onların da idarə olunmasında kadr potensialı böyük rol oynayır. Bu problemin həlli isə söz yox ki, Azərbaycan Dövlət Aqrar Universitetindən keçir. İndi cəsarətlə demək olar ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ADAU-da tələbələrin müasir standartlara uyğun bilik əldə etmələri üçün tam şərait yaradılmışdır. Xüsusilə son 5 ildə universitetin dünya standartları səviyyəsində fəaliyyət göstərməsi üçün bir çox işlər görülmüşdür. 2016-cı ildə birinci, 2017-ci ildə isə ikinci tələbə yataqxanasının istifadəyə verilməsi və ölkə başçısının açılışlarda şəxsən iştirak etməsi onu deməyə əsas verir ki, ölkəmizdə yeganə aqrar ixtisaslı mütəxəssislər hazırlayan bu ali təhsil ocağı dövlətimizin daim diqqət mərkəzindədir. Yataqxanalarda otaqların hamısı zəruri mebel və inventarlarla təchiz edilmiş, istirahət guşələri və mətbəx, akt və fitnes zalları, kafe, məişət və ticarət xidməti obyektləri, kitabxana, müayinə otağı və stomatoloji kabinet yaradılmışdır. Bundan başqa, tələbələrin intellektual səviyyəsinin artırılması və asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə onlar üçün ödənişsiz kompüter, xarici dil və sürücülük kursları təşkil olunmuşdur.
Son 5 ildə universitetin maddi-texniki bazası da xeyli zənginləşdirilmişdir. 3 ədəd mikroavtobus alınmışdır ki, bu da tələbələrin tədris-təcrübə sahələrinə gediş-gəlişini xeyli asanlaşdırmışdır. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq xidməti tərəfindən universitetə bütün avadanlıqları ilə birlikdə baytar-sanitar ekspertizası laboratoriyası, “Aqrolizinq” ASC-nin xətti ilə 16 adda yeni kənd təsərrüfatı texnikası, o cümlədən “New Holland” markalı taxılyığan kombayn, “Belarus MTZ-892” markalı traktor, kombayn, toxumsəpən, çiləyici, kartofsəpən və çıxaran, bağ və üzümlüklərdə cərgəarası becərmə aqreqatı, gübrəsəpən, otbiçən, pnevmatik toxumsəpən və sair texnikalar verilmişdir ki, bu da tədris zamanı əyani vəsait kimi istifadə edilir. Hazırda universitetin 1500 kvadratmetr sahədə zəngin maşın-traktor parkı vardır ki, bu da tələbələr tərəfindən müasir texnikaların quruluşunun, nizamlanmasının və istismarı qaydalarının öyrənilməsində başlıca rol oynayır.
Qeyd edək ki, tədris prosesinin səmərəli təşkili, sessiya imtahanlarının tam obyektivlik şəraitində keçirilməsi məqsədilə son bir ildə universitet 165 müasir kompüter və noutbukla, 60 ədəd mikroskopla, 10 ədəd dequstasiya stolu ilə, 5 ədəd “ağıllı lövhə” və 80-dən çox müxtəlif adda müasir informasiya texnologiyası avadanlıqları ilə təmin olunmuşdur. Bundan başqa, kənd təsərrüfatı naziri İnam Kərimovun təşəbbüsü ilə 870 min manat dəyərində kənd təsərrüfatı texnikası verilmişdir.
Universitetdə semestr imtahanlarının şəffaf və obyektiv keçirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Hazırda 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahanları keçirilir. Rektorun əmrinə əsasən, sessiyanın şəffaf və obyektiv keçirilməsi məqsədilə işçi və kodlaşdırma qrupları, apelyasiya komissiyası yaradılmış, bütün fakültələr üzrə imtahanların təşkili və onlara nəzarət üçün xüsusi komissiyalar təşkil edilmişdir. Əvvəlki illərdə olduğu kimi, bu sessiyada da imtahanların qəbulu üzrə ictimai-nəzarət qrupu yaradılmış, qrupun tərkibinə ictimai təşkilatların rəhbərləri, valideynlər və mətbuat nümayəndələri daxil edilmişdir.
Universitet rəhbərliyi məzunların işlə təminatını da daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə tez-tez məzun yarmarkaları keçirir. Bu yaxınlarda keçirilən 10-cu əmək yarmarkasında da xeyli məzun özünə daimi iş yeri əldə etmişdir. Kənd təsərrüfatı naziri İnam Kərimovun, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin iştirak etdiyi məzun yarmarkasında iştirakçılara 41 rayonun 164 müəssisəsindən 918 iş yeri təklif olunmuşdur.
Hər il olduğu kimi, bu il də orta məktəb məzunları arasında Azərbaycan Dövlət Aqrar Universitetinə maraq xeyli artmışdır. Bu günlərdə yuxarı bal toplayaraq tələbə adını almış gənclərlə keçirilən görüşdə də bu barədə ətraflı söhbət getmişdir. Görüşdə bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında 500 və daha çox bal toplayan və kənd təsərrüfatı yönümlü ixtisaslar seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcəkdir.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor, iki dəfə “İlin rektoru” nominasiyasının qalibi olmuş İbrahim Cəfərovla söhbət zamanı dedi ki, indiyədək görülən işlər bizi qətiyyən qane etmir. Bütün sahələrdə böyük irəliləyişlər əldə edən Azərbaycanda aqrar bölmənin sürətli inkişafı üçün bizim də qarşımızda böyük vəzifələr durur. Axı Azərbaycan kifayət qədər münbit iqlimə, kənd təsərrüfatının inkişafı üçün zəngin təbii resurslara malikdir. Mövcud imkanlara və şəraitə malik olan ölkəmizdə aqrar sahə mütəxəssisləri hazırlamaq bizim əsas vəzifəmizdir. Hazırlanan kadrların qarşısında duran əsas vəzifə isə sabah istehsalatda çalışarkən məhsul bolluğu yaramaq, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, daxili bazarın idxaldan asılılığının aradan qaldırılmasında fəal iştirak etməkdir. Bütün bunlara nail olmaq üçün isə qarşıya qoyulmuş tələblər uğurla yerinə yetirilməlidir.

Sabir ƏLİYEV,
“Azərbaycan”