“Cənub qaz dəhlizi”nin birləşdirici həlqəsi istifadəyə verildi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Cənub qaz dəhlizi”nin birləşdirici həlqəsi istifadəyə verildi

13 İyun 2018
 

TANAP ölkələri və xalqları bir-birinə daha sıx bağlayan möhtəşəm polad kəmərdir

 

Prezident İlham ƏLİYEV:
“TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”.
Transanadolu Qaz Boru Kəmərinin (TANAP) istifadəyə verilməsi “Cənub qaz dəhlizi” layihəsinin salnaməsində ən önəmli yerlərdən birini tutan hadisədir. Çünki TANAP bu dəhlizi yaradan kəmərləri birləşdirən möhkəm halqadır. Təsadüfi deyil ki, onu “Cənub qaz dəhlizi”nin onurğa sütunu, möhkəm qolu, birləşdirici həlqəsi də adlandırırlar.
TANAP “Cənub qaz dəhlizi”nin ən böyük hissəsidir. Belə ki, “Şahdəniz” qazını Azərbaycanın və Gürcüstanın ərazisi ilə daşıyan Cənubi Qafqaz Boru Kəməri Gürcüstan-Türkiyə sərhədində TANAP-a bağlanır. Bundan sonra Türkiyənin ərazisi ilə uzanan TANAP Yunanıstan-Türkiyə sərhədinə çatacaq və burada yerləşən Kipoi ərazisində TAP-a (Transadriatik Qaz Boru Kəməri) qovuşacaq.
TANAP Azərbaycanın və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən bir layihədir. TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt baş naziri, indi isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar.
Həmin vaxtdan da layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə start verilmişdir. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdır. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqaviləsi imzalanmış və kəmərin detallarının layihələndirilməsinə başlanmışdır. Bir sözlə, 2014-2015-ci illər TANAP üçün olduqca məsuliyyətli fəaliyyət dövrü olmuşdur.
Nəhayət, 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməli qoyuldu. Mərasimdə üç ölkənin rəhbərləri - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak edirdilər. Bu da təsadüfi deyil. Çünki 3500 kilometr məsafə qət edəcək “Cənub qaz dəhlizi” Avropaya bu üç ölkənin ərazisindən keçərək uzanacaq.
Xatırladaq ki, “Cənub qaz dəhlizi” 7 ölkənin, layihənin ayrı-ayrı seqmentlərində tərəfdaşlıq edən çoxsaylı şirkətlərin sıx əməkdaşlığı nəticəsində gerçəkləşir. Dəhlizlə nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland “Shell” şirkəti, Bolqarıstanın “Bulgargaz”, Yunanıstanın DEPA, Almaniyanın “Uniper”, Fransanın “Engie”, İtaliyanın “Hera Trading”, “Edison” və “Enel”, İsveçrənin AXPO şirkətləridir.
Prezident İlham Əliyev Azərbaycanın bu və digər qlobal layihələri həyata keçirərkən yaratdığı mükəmməl əməkdaşlıq formatından bəhs edərək iki mühüm mərhələni qeyd etmişdir. Söhbət regional və beynəlxalq əməkdaşlıqdan gedir. Regional əməkdaşlıq dedikdə, üç ölkənin - Azərbaycan, Gürcüstan və Türkiyənin uzun illərdir sıx tərəfdaşlıq şəraitində mühüm layihələr həyata keçirdiyi nəzərdə tutulur. Belə ki, əvvəl Xəzəri Qara dənizlə bağlayan neft kəməri mövcud deyildi. Azərbaycan ilk dəfə olaraq Səngəçaldan Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa kəmərini inşa etdi. Daha sonra müəllifi ümummilli lider Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri istifadəyə verildi. BTC daha geniş dəhlizlərə yol açdı. Bu kəmərlə yanaşı Azərbaycan qazını ixrac edən Bakı-Tbilisi-Ərzurum kəməri çəkildi. Əslində “Cənub qaz dəhlizi”nin təməlini də elə həmin kəmər yaratdı.
“Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. Bu yatağın qaz ehtiyatları 1,2 trilyon kubmetr təşkil edir. “Şahdəniz-1”dən çıxarılan qaz 12 ildir Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql olunur. İndi isə “Şahdəniz-2” də hasilata başlayıb və TANAP Azərbaycan qazını daha uzaq məsafələrə çatdıracaq.
“Şahdəniz-2” çərçivəsində ildə 16 milyard kubmetr qazın əldə olunacağı gözlənilir ki, bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri TANAP-ın vasitəsilə TAP-a ötürülərək Avropaya ixrac ediləcək. Daha sonra nəql olunan qazın həcmi artacaq, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə 31 milyard kubmetrə çatacaq.
TANAP Türkiyənin 20-dən çox bölgəsindən, o cümlədən Ərdahan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincandan keçəcək. Kəmərin uzunluğu 1850 kilometr olacaq. Kəmərin tikintisi həm onun keçdiyi məsafənin böyüklüyünə, həm coğrafi ərazilərin müxtəlifliyinə, həm də infrastrukturun mürəkkəbliyinə görə asan deyil. Belə ki, bu xətt Türkiyədəki istehlakçılar üçün nəzərdə tutulmuş qazı Əskişəhərə 56 düymlük borularla nəql edəcək. Əskişəhərdə kəmərin diametri 48 düymə qədər daraldılacaq. Avropa istehlakçıları üçün qaz isə TAP-ın Yunanıstanın giriş məntəqəsində yerləşən 48 düymlük kəmərlə nəql ediləcək.
Adətən, iqlimin, coğrafi şəraitin müxtəlifliyi uzun məsafə qət edən boru kəmərlərinin çəkilişi zamanı tikinti üçün çətinlik yaradan səbəb kimi özünü göstərir. Buna baxmayaraq, TANAP-ın inşaatçıları öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirmişlər.
Təsadüfi deyil ki, “Cənub qaz dəhlizi” ilə bağlı indiyədək keçirilən bütün tədbirlərdə TANAP-ın tikintisinin uğurla irəlilədiyi vurğulanıb. Qeyd olunub ki, güclü tərəfdaşıq və əməkdaşlıq qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcək. TANAP-ın bütün mərhələlərdən mətinliklə keçəcəyinə və vaxtında, hətta cədvəldən əvvəl istifadəyə veriləcəyinə əminlik ifadə olunub. İyunun 12-də baş verən tarixi hadisə göstərdi ki, TANAP bütün sınaqlardan keçdi və ümidləri doğrultdu.
“Cənub qaz dəhlizi” Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən layihədir. Azərbaycanla Türkiyənin bir-birinə siyasi, iqtisadi və texniki dəstək verərək reallaşdırdıqları TANAP bu iki ölkənin qardaşlığının sarsılmaz birliyinin növbəti nümunəsidir. Azərbaycanla Türkiyəni bir-birinə daha sıx bağlayan bu polad kəmərdən təkcə regionda yaşayan insanlar deyil, yaxın gələcəkdə bir çox digər ölkələrin qaz istehlakçıları da bəhrələnəcəklər.

Flora SADIQLI,
“Azərbaycan”