Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tarixi sammit baş tutdu

13 İyun 2018
 

ABŞ və KXDR liderləri Sinqapurda bir araya gəldilər

 

Dünya ictimaiyyətinin səbirsizliklə gözlədiyi tarixi görüş, nəhayət, gerçəkləşdi. ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya rəhbəri Kim Çen İn dünən Sinqapurda, Sentosa adasındakı “Capella” mehmanxanasında üz-üzə oturdular. İki lider əvvəlcə təkbətək görüş keçirdi, ardınca iki dövlətin liderlərinə ABŞ və KXDR-in nümayəndə heyətləri qoşuldu.
Sammit həqiqətən, tarixi hadisə idi. İki dövlətin liderləri ilk dəfə görüşürdülər. Bir-biri ilə əks mövqedə olan tərəflərin nə vaxtsa danışıqlar masası arxasında oturacağını gözləmək həmişə xəyal kimi görünürdü. Hələ ötən ilin axırlarında Donald Tramp və Kim Çen İn bir-birini tənqid atəşinə tuturdular, dünya KİV-i isə Koreya yarımadasında artan gərginliyi həyəcanla izləyirdi. Lakin Vaşinqton və Pxenyanın davakar bəyanatlarına baxmayaraq, iki tərəfin davamlı diplomatik təmasları və Cənubi Koreya ilə Çinin fəal vasitəçiliyi nəticəsində ABŞ və KXDR liderlərini bir-birinə yaxınlaşdırmaq mümkün oldu. Bundan başqa, Şimali Koreya sammitdən qabaq güzəştə gedərək casusluq və düşmənçilik fəaliyyəti ittihamı ilə həbs olunmuş ABŞ vətəndaşlarını azadlığa buraxdı, Pungeri nüvə poliqonunu bağladı.
İki tərəf danışıqlarda qarşılıqlı münasibətləri normallaşdırmaq üçün prinsipial məsələlərin həllinə nail olmaq məqsədi güdürdü. Vaşinqton KXDR-in tamamilə nüvəsizləşdirilməsini, eləcə də Şimali Koreyanın ABŞ-la Cənubi Koreyanın birgə hərbi təlimlər keçirməsinə razılıq verməsini tələb edirdi. Yalnız bu tələblərin yerinə yetiriləcəyi təqdirdə Amerika tərəfi Pxenyanın istəklərini nəzərdən keçirə bilərdi. Öz növbəsində, Pxenyan ABŞ-dan sanksiya rejimini yüngülləşdirməyi, gələcəkdə KXDR-ə qarşı tətbiq olunmuş məhdudiyyətləri ləğv etməyi, həmçinin Vaşinqtonun Şimali Koreyaya təhlükəsizlik zəmanəti verməyi gözləyirdi.
Hələ sammit başlamamış Donald Tramp və Kim Çen İn danışıqların uğurla nəticələnəcəyini bildirirdilər. ABŞ Prezidentinin fikrincə: “...bizim gözəl münasibətlərimiz olacaq”. Öz növbəsində, Şimali Koreya lideri qeyd etdi ki, zirvə görüşünün keçirilməsi yolunda çoxlu maneələr var idi, amma “onların hamısını dəf etdik”.
Danışıqlar başa çatdıqdan sonra ABŞ və Şimali Koreya liderləri sammitin yekunlarına dair birgə bəyannamə imzaladılar. Tram sənədin imzalanması mərasimində məlumat verdi ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi yaxın vaxtlarda başlayacaq. O əlavə etdi ki, “...bu gün baş vermiş hadisədən qürur hissi keçiririk”, çünki “çox mühüm sənəd, son dərəcə əhatəli saziş” əldə edilmişdir. Ağ evin başçısı onu da qeyd etdi ki, KXDR-in lideri ilə xüsusi münasibətlər qura bilmişdir. Kim Çen İn isə nəzərə çarpdırdı ki, dünya böyük dəyişikliklərin şahidi olacaq: “Biz keçmişi geridə qoymağı qərarlaşdırdıq”.
Sammitin yekun sənədində tərəflərin əldə etdiyi razılaşmalar əksini tapmışdır. Bəyannamədə qeyd olunur ki, KXDR Koreya yarımadasını nüvəsizləşdirmək öhdəliyi götürür, bunun müqabilində isə ABŞ Şimali Koreyaya təhlükəsizlik zəmanəti verir. Bununla yanaşı, ABŞ və KXDR iki ölkənin xalqlarının mənafeyi naminə yeni formatda ikitərəfli münasibət yaratmaq əzmindədirlər. Tramp və Kim Çen İn əmindirlər ki, “ABŞ-la KXDR arasında yeni münasibətlər Koreya yarımadasında və bütün dünyada sülhə və çiçəklənməyə kömək edəcək”, eyni zamanda, “qarşılıqlı etimadın möhkəmlənməsi Koreya yarımadasının nüvəsizləşdirilməsinə şərait yarada bilər”. Birgə bəyannamədə həmçinin deyilir ki, tərəflər sammitdə əldə olunmuş razılaşmaların yerinə yetirilməsini müzakirə etmək üçün ilk imkan düşən kimi iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüş keçirmək öhdəliyi götürmüşlər.
ABŞ Prezidenti sammitin yekunlarına dair keçirdiyi mətbuat konfransında bəyan etdi ki, KXDR lideri ilə danışıqlar zamanı heç bir güzəştə getməmişdir. Onun dediyinə görə, tənqidçilər iddia edirlər ki, görüşün keçirilməsi faktının özü Şimali Koreyaya güzəştdir.
Tramp qeyd etdi ki, Şimali Koreyaya qarşı sanksiyaların tətbiqini dayandırmışdır. Onun fikrincə: “Məndə 300 sanksiya var”, amma bu sanksiyaların gələcəkdə tətbiqi “hörmətsizlik” kimi görünə bilər. Bununla belə, Tramp nəzərə çarpdırdı ki, “...biz sanksiya tətbiq etmək imkanını özümüzdə saxlayırıq”.
ABŞ lideri söz verdi ki, Koreya yarımadasında müharibə formal olaraq dayandırılacaq. O əlavə etdi ki, 70 il əvvəl Koreyada müharibə (1950-1953) barışıq sazişinin bağlanması ilə yekunlaşmışdır. Tramp qeyd etdi ki, müharibə heç vaxt başa çatmamışdır, indisə qurtaracaq.
Gözlənildiyi kimi, sammitin yekun sənədində iki ölkə arasında münasibətlərdə yığılıb qalmış bütün problemlərin həlli yolları əksini tapmayıb. Sənədin mətni kifayət qədər sürüşkəndir. Amma ilk görüşdən maksimum nəticəyə nail olmaq mümkün deyil. Razılaşmaların necə reallaşacağını zaman göstərəcək. Bununla belə, sammitin baş tutması mühüm əhəmiyyət kəsb edir və yeni tarixi mərhələnin başlaması mənasına gəlir. Nəzərdən qaçırmaq olmaz ki, ABŞ-la KXDR arasında qarşıdurma yarım əsrdən çoxdur davam edirdi. Odur ki, ikitərəfli münasibətlərdə, eləcə də Koreya yarımadasında gərginliyin azaldılması mühüm uğur kimi qeyd olunmalıdır.
KXDR-ə qarşı tətbiq olunmuş beynəlxalq sanksiyalara gəlincə, onların tezliklə ləğv ediləcəyini gözləmək düz deyil. Pxenyan əvvəlcə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməlidir və yalnız bundan sonra sanksiyaların yumşaldılmasından, daha sonralar isə ləğv olunmasından söhbət gedə bilər. İlkin mərhələdə isə sanksiya rejiminin bu və ya digər dərəcədə yüngülləşdirilməsindən danışmaq olar.
Fakt odur ki, ABŞ-KXDR münasibətlərində yeni mərhələ başlamışdır. Bu mərhələnin arzuedilən nəticələrə gətirib çıxarması tərəflərin iradəsindən asılı olacaq.

Allahverdi MEHDİYEV,
“Azərbaycan”