Göyçay körpüsü bərpa olunur

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Göyçay körpüsü bərpa olunur

13 İyun 2018
 

Məlum olduğu kimi, iyunun 2-də yağan güclü yağış nəticəsində Göyçay çayında yaranan su daşqını çayın üzərindəki avtomobil və piyada körpülərini dağıdıb. Dərhal rayon icra hakimiyyəti tərəfindən bu barədə aidiyyəti orqanlara məlumat verilib.

RİH rəhbərliyi, fövqəladə hallar komissiyası və Fövqəladə Hallar Nazirliyinin layihə institutlarının mütəxəssislərinin iştirakı ilə birgə iclas keçirilib. İyunun 3-də isə Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri rayonda olub və onun başçılığı altında işlərə başlanıb.

Hazırda bu istiqamətdə avtomobillər alternativ yolla - Ucar rayonundan keçməklə hərəkət edirlər. Piyadalar üçünsə şəhərin şimal hissəsindəki keçid körpüsündən istifadə olunur. Buna uyğun olaraq şəhərdaxili və kəndlərarası marşrutların hərəkət istiqamətləri  dəyişdirilib.

Artıq körpünün bərpası ilə bağlı işlərə başlanıb. Özülbərkitmə işlərində dəmir-beton materiallarından istifadə olunub. Suyun istiqaməti də dəyişdirilib. Müəyyən sayda dayaqlar vurulub. Nəzərdə tutulub ki, çayın sol axını istiqamətində də dayaqlar vurulsun və onlar dəmir-beton örtüyə alınmaqla körpünün dayanıqlığı artırılsın, həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti açılsın.

Körpünün bərpası Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında “Körpü-Bina-Tikinti” MMC tərəfindən icra edilir. Əraziyə kifayət qədər texnika cəlb olunub. Maliyyə problemi yoxdur. Prezident İlham Əliyevin sərəncamı ilə 3,5 milyon manat vəsait ayrılıb.

Körpünün üzərindən keçən qaz xəttinin sıradan çıxdığı üçün təxminən 3500 abonentin qaz təchizatı dayandırılıb. Hazırda həmin problem də həll edilir. Əsas təkliflərdən biri qaz borusunun çayın üzərindən asma yolu ilə keçirilməsidir. Çünki qazpaylayıcı stansiyanın biri çayın sol sahilində yerləşir. İkincisi rayon mərkəzində, üçüncüsü kənddədir.

 

Əli SƏLİMOV,

“Azərbaycan”