Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Robert Mobili: Prezident İlham Əliyevin Sərəncamı ölkəmizdəki multikultural dəyərlərin qorunmasının daha bir təzahürüdür

12 İyun 2018
Azərbaycan tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və tolerantlıq şəraitində birgə yaşadığı məkandır. Azərbaycanda heç vaxt dinlərarası problem yaşanmayıb.

Bu fikirləri Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycan Prezidentinin ölkəmizdə dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncamı ilə əlaqədar AZƏRTAC-a açıqlamasında deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin dini icmaların fəaliyyəti üçün ayırdığı maliyyə yardımı ölkədəki multikultural dəyərlərin yüksək səviyyədə qorunmasının daha bir təzahürüdür. Dövlətin bu cür diqqət və qayğısı bütün dini icmaların qüsursuz fəaliyyətinə imkan verir. Digər dini icmalar kimi, Alban-Udi Xristian dini icması da dövlətimizin başçısının diqqət və qayğısını daim hiss edir. Alban-Udi Kilsəsinin bərpası xüsusi qeyd edilməlidir. Bu məbəd qədim tarixin daşıyıcılarından biridir. Udilər öz mədəniyyətini, dilini və dinini qoruyub saxlamaq üçün böyük işlər görürlər, buna dəstək olan isə Azərbaycan dövləti və onun rəhbərliyidir. Udilərin kompakt yaşadıqları Nic qəsəbəsində daim abadlıq və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin bu qəsəbəyə səfərlər etməsi də diqqət və qayğının bariz nümunəsidir.

Robert Mobili deyib ki, Azərbaycanda milli mənəvi dəyərlərin, etnik rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi önəm verilir. Azərbaycan tarixən etnoqrafik rəngarəngliyi ilə seçilib. Burada çoxsaylı etnik qruplar yaşayır. Hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayıb. Bu da Azərbaycanda dini tolerantlıq sahəsində yaradılan şəraitin göstəricisidir.