Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti yazıçı Yunus Oğuzu mükafatlandırıb

12 İyun 2018
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) verilən məlumata görə, tanınmış yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin fəxri fərmanı ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar cəmiyyətdən AMM-ə məktub ünvanlanıb. Qeyd olunur ki, Yunus Oğuz iki ölkə arasında ədəbi əlaqələrin dərinləşməsinə, özbək tarixinin, ədəbiyyatının fəal təbliğinə, habelə xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə bu mükafatla təltif olunur. Fəxri fərmanı cəmiyyətin sədri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov imzalayıb.

Yunus Oğuzun “Əmir Teymur”, “Sultan Alp Arslan”, “Şah arvadı və cadugər”, “Atabəy Eldəgiz” əsərləri Daşkənddə özbək dilində nəşr olunub. Hazırda yazıçının aprel hadisələri ilə bağlı “Ovçu” əsəri özbək dilinə tərcümə edilir.

Daşkənd, Səmərqənd və Kokand şəhərlərində yazıçının kitablarının təqdimatları keçirilib. Yunus Oğuzun “Əmir Teymur” əsəri Özbəkistanda maraqla qarşılanıb və ən çox oxunan əsərlər sırasındadır.