Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səmərqənd şəhərində “Azərbaycan mədəniyyəti həftəsi” başlanıb

12 İyun 2018
Səmərqənd şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 15 İyun – Milli Qurtuluş Gününə həsr edilən “Azərbaycan mədəniyyəti həftəsi”nin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, Səmərqənd Vilayət Hakimiyyətinin dəstəyi ilə keçirilən “Azərbaycan mədəniyyəti həftəsi”nin iştirakçıları əvvəlcə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarını ziyarət ediblər.

Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında keçirilən açılış mərasimində şəhər hakimiyyətinin nümayəndələri, elm, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Səmərqənd vilayət hakiminin müavini Tolib Nabiyev Azərbaycan xalqını Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib, istiqlaliyyətin böyük nemət olduğunu vurğulayıb, iki xalq arasında dostluq əlaqələrindən danışıb.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Cümhuriyyətin 100 illiyinin dünyanın bir çox ölkələrində geniş qeyd olunduğunu və 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini diqqətə çatdırıb. Cümhuriyyətin mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşamasına baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qaldığını söyləyən S.Abbasov “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində milli musiqimizə dair konsertin, film nümayişlərinin, foto və kitab sərgisinin keçiriləcəyini, ölkəmiz haqqında Azərbaycan və özbək dillərində Bakıda və Daşkənddə nəşr olunmuş kitabların Səmərqəndin aparıcı kitabxanalarına hədiyyə ediləcəyini bildirib.

Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən sitat gətirərək, müasir müstəqil Azərbaycanın Cümhuriyyətin varisi olduğunu və bu gün Azərbaycanın dünyada nüfuzlu, güclü dövlətə çevrildiyini qeyd ediblər.

Sonra Cümhuriyyətin 100 illik yubileyinə dair loqotipi əks etdirən tort kəsilib və iştirakçılara paylanıb.

Özbəkistanın “Asl”, “Özbəyim yoşları” musiqi qruplarının üzvləri Azərbaycan və özbək dillərində mahnılar ifa ediblər. Azərbaycanlı saz ustası İlham Abdullayevin, AMM-in nəzdindəki rəqs kollektivinin çıxışları tədbirə xüsusi rəng qatıb.

Tədbir çərçivəsində “Cümhuriyyətinin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı foto və kitab sərgisi, milli mədəniyyətimizi əks etdirən stend açılıb, Azərbaycan suvenirləri, xalçalarımız, kəlağayılarımız nümayiş olunub. Habelə Mədəniyyət Mərkəzinin milli geyim kolleksiyası təqdim edilib. Səmərqənddəki Gənclər Təşkilatının fəalları moda sərgisində ilk dəfə olaraq Azərbaycanın Qarabağ bölgəsinə aid bəylərin, habelə xanımların mərasim geyimlərini nümayiş etdiriblər. Mərasimə yerli mətbuat geniş maraq göstərib.

Qeyd edək ki, Özbəkistanın ikinci böyük şəhəri olan Səmərqənddə hər il Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli mədəniyyətimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər, mədəniyyət günləri və həftəsi keçirilir.