İlham Əliyevin növbəti qlobal təşəbbüsü həyata vəsiqə alır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyevin növbəti qlobal təşəbbüsü həyata vəsiqə alır

12 İyun 2018
 

Bu gün istifadəyə veriləcək TANAP boru kəməri Azərbaycan qazını Türkiyədən keçməklə Avropaya ötürəcək

 

Həyata keçirdiyi möhtəşəm neft-qaz layihələri ilə Avropanın enerji xəritəsinə dəyişikliklər etməyi bacaran Azərbaycanın bu gün növbəti qlobal təşəbbüsü həyata vəsiqə alır. 2015-ci ildən inşasına başlanılan Transanadolu təbii qaz boru kəməri (TANAP) bu gün istifadəyə verilir. Beləliklə, Azərbaycanın təbii qazını Avropaya çatdıracaq “Cənub qaz dəhlizi”nin əsas seqmentlərindən biri də istismara hazırdır.

 

“Qoca” qitəyə uzanan əsas nəql kəməri

 

Avropa İttifaqının da (Aİ) böyük diqqət yetirdiyi TANAP Azərbaycan qazını köhnə qitəyə çatdıran əsas nəql kəməri olaraq qəbul edilir. Bu layihənin bir ideya olaraq yaranması və reallığa çevrilməsi Azərbaycanla Aİ arasında olan enerji əməkdaşlığının nəticəsidir. Xatırladaq ki, indiyədək Azərbaycan və Aİ müxtəlif səviyyələrdə - sənəd və tədbirlərdə enerji sahəsində əməkdaşlığın vacibliyini bəyan ediblər. 2006-cı ilin noyabr ayında Brüsseldə imzalanmış “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, 2008-ci ilin noyabr ayında imzalanmış Bakı bəyannaməsi, 2009-cu ilin may ayında keçirilmiş Praqa zirvə görüşünün müvafiq Enerji bəyannaməsində təsbit olunmuş Azərbaycan-Aİ enerji münasibətlərinin vacibliyi hər iki tərəfin bu məsələdə aydın əməkdaşlıq niyyətindən xəbər verir. 2011-ci ilin yanvarında Bakıda Azərbaycanla Aİ arasında imzalanan “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” isə buna qədər aparılan danışıqların, anlaşmaların bir növ, yekunu olmaqla, əməkdaşlıqda tamamilə yeni mərhələnin əsasını qoydu.
Azərbaycanın təşəbbüsü ilə meydana çıxan və Aİ-nın də əvvəldən axıra qədər dəstəklədiyi “Cənub qaz dəhlizi” mürəkkəb layihədir. Ən azından, layihənin özündə 4 seqmenti birləşdirməsi onun olduqca nəhəng infrastruktur zənciri olduğunu göstərir. Bunlar “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələridir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub qaz dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə, daha sonra Avropaya qaz nəql ediləcək. Daha dəqiq desək, Azərbaycan təbii qazının bu ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması nəzərdə tutulur. Artıq bu seqmentlərdən üçündə işlər tam başa çatıb. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və uzunluğu 1850 kilometr olan TANAP üzrə işlər yerinə yetirilib.
TANAP-la bağlı ilk sənəd Azərbaycan və Türkiyə Respublikası arasında 24 dekabr 2011-ci il tarixli Anlaşma Memorandumudur. Əsas sənədlər isə 2012-ci il iyunun 26-da Türkiyədə imzalandı. Həmin gün Prezident İlham Əliyevin qardaş ölkəyə işgüzar səfəri zamanı İstanbulda Türkiyə ilə Azərbaycan arasında Transanadolu Qaz Boru Kəməri üzrə hökumətlərarası müqavilə, BOTAŞ və ARDNŞ arasında TANAP Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşma və Türkiyə hökuməti ilə Transanadolu Qaz Boru Kəməri Şirkəti arasında “Ev sahibi hökuməti müqaviləsi” imzalandı. Daha sonra müfafiq sənədlər hər iki dövlətin qanunverici orqanları tərəfindən ratifikasiya edildi.

 

Layihə üzrə bütün vəzifələr vaxtında yerinə yetirilib

 

TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyuldu. Təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak etdilər. O zaman beş il ərzində reallaşması nəzərdə tutulan layihənin bir neçə mərhələdə həyata keçirilməsi və ilk mərhələnin 2018-ci ildə başa çatacağı qarşıya qoyulmuşdu.
Xatırladaq ki, hələ 2012-ci ildə İstanbulda TANAP layihəsi ilə bağlı ilk sənədlərin imzalanmasından sonra Prezident İlham Əliyev mətbuata bəyanatında demişdi: “Bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. İndi bölgəni birgə icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir. Bu gün biz yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə də start veririk. Əminəm ki, TANAP layihəsi eyni uğura nail olacaqdır”.
Ötən 3 ildə TANAP layihəsi üzrə görülməli olan işlər qrafikə uyğun aparılıb və artıq 2018-ci ilin ortalarında ilk mərhələdə bütün vəzifələr yerinə yetirilib. Bununla da BTC və digər layihələr kimi TANAP-ın tikintisi üzrə vəzifələr də vaxtında və uğurla başa çatdırılıb. Qeyd edək ki, Türkiyə ilə Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə birləşən TANAP Ərdəhanın Posof bölgəsindəki Türkgözü kəndindən başlayaraq Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə də daxil olmaqla 20 vilayətdən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala bölgəsində başa çatır. Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi - Əskişəhər hissəsi 56 düym diametrli, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca olan hissəsi isə 48 düym diametrlidir. Bundan başqa, TANAP-ın Mərmərə dənizindən keçən 19 kilometrlik hissəsi 36 düymdür. TANAP boru kəmərindən Əskişəhər və Trakyada Türkiyə qaz paylama sisteminə iki qol ayrılıb. Kəmərin infrastrukturuna 7 əsas kompressor stansiyası, 4 qaz sərfini ölçmə stansiyası, 49 bağlayıcı armatur stansiyası, 12 təmizləyici tərtibatın buraxılma kamerası, 12 təmizləyici tərtibatın qəbulu kamerası daxildir.
TANAP-ın illik ötürücülük qabiliyyəti ilkin mərhələdə 16 milyard kubmetr təşkil edəcək. Kəmərlə nəql olunacaq qazın həcmi 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
TANAP-dan sonra “Cənub qaz dəhlizi”nin digər hissəsi Transadriatik (TAP) boru kəməridir. TAP boru kəməri təbii qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. Uzunluğu 870 kilometr olacaq TAP Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliaynın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq.
Böyük sərmayə qoyuluşu tələb edən təbii qaz yataqlarının işlənilməsinə və hasil edilmiş qazın boru kəmərləri vasitəsilə nəqlinə dair layihələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təxirəsalınmaz təşkilati və digər tədbirlərin görülməsini tələb edir. Lakin siyasi iradə və qətiyyət olan yerdə hər şey mümkündür.
“Cənub qaz dəhlizi” layihəsinin ideya olaraq yaranması və reallaşması ilk növbədə, Azərbaycanın böyük siyasi-diplomatik uğurudur və ölkəmizin dəqiq, düşünülmüş enerji siyasətindən xəbər verir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”