Müstəqilliyimizi şərəfləndirən tarix

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müstəqilliyimizi şərəfləndirən tarix

12 İyun 2018
 

1993-cü ilin qanlı-qadalı iyun günlərindən 25 il ötür. Bir tərəfdən vətəndaş müharibəsinə gətirib çıxarmış daxili siyasi-hərbi çəkişmə, digər tərəfdən cəbhədəki uğursuzluq hələ kövrək olan müstəqilliyimizi məhvə aparır, xalqın onsuz da bərbad olan rifahını çətinləşdirirdi. Yalnız Heydər Əliyevin bu ağır məqamda xalqın çağırışına səs verərək ölkə rəhbərliyinə gəlişi və iyunun 15-də Ali Sovetin Sədri seçilməsindən sonra vəziyyət dəyişməyə başladı. Azərbaycan dövləti və xalqı tədricən bütün təhlükələrdən xilas oldu. İyunun 15-i isə tariximizə Qurtuluş Günü kimi daxil oldu.

Milli Məclisin deputatları Azərbaycanın əsl müstəqilliyinin məhz 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladığını bildirirlər.

 

Qürur və fəxarət günü

 

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
YAP Xətai rayon təşkilatının sədri:

- Tarixi şəxsiyyətləri bəzən tarixi təsadüflər yetişdirir, əgər həmin təsadüflər baş verməsəydi, onlar da dünyanın milyardlarla insanından biri kimi yaşayar və öz sıravi statusları ilə dünyadan köçərdilər. Elə tarixi şəxsiyyətlər də var ki, onların ömür yolu hər hansı təsadüflərlə bir araya sığmır, bu yolun hər bir addımında onların qolunun qüvvəsi, alın təri, mübarizə əzmi var.
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın dahi övladı Heydər Əliyev də həyatı heç bir təsadüfdən asılı olmayan, ömrü qələbə və çətinliklərdən keçən, lakin bütün acılara, məhrumiyyətlərə rəğmən öz məramına yetişən tarixi şəxsiyyətlərdən idi. Bu günlərdə 25 illiyini qeyd etdiyimiz Milli Qurtuluş Günündə bir daha ulu öndərin dövlət və xalq qarşısında xidmətlərinə nəzər salır, xatirəsini ehtiramla yad edirik. Çünki bu tarix - 1993-cü ilin ağrı-acılı iyun günlərində vətəndaş qarşıdurmasının, Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinin və parçalanmasının qarşısının alınması məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. 1991-ci ildən 1993-cü ilin iyununadək bütövlükdə yeni müstəqil dövlətin taleyi ciddi sual altında idi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan cəmi 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi. 1993-cü ilin iyununda xalqın təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki mümkün olacaqdı.
Bir məsələni də qeyd etməliyik ki, 1993-cü ilin iyun günlərində respublikada hər hansı dövlət vəzifəsinin məsuliyyətini öz üzərinə götürmək hər kəsdən böyük risk, qətiyyət və hünər tələb edirdi. Heydər Əliyev isə Naxçıvandan özü ilə heç nə gətirməmişdi. Nə ordusu var idi, nə silahı. Ulu öndər bütün məsələlərdə görkəmli dövlət xadimi kimi özünün siyasi və idarəçilik təcrübəsinə və xalqın ona olan dərin sevgisinə arxalanırdı. Elə bu amillər də Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsində əsas rol oynadı. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək Ali Sovetin Sədri kimi xalqımızın tarixi nailiyyəti olan respublikamızın dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlət çevrilişləri cəhdinin qarşısı alındı. Dövlət müstəqilliyi qorunub saxlandı. Silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu. Özünün də dediyi kimi, Heydər Əliyev ömrünü dövlətə və xalqa həsr etdi. Belə ki, Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi, beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsindən sovuşdu, dünya dövlətləri arasında özünə layiqli yer qazandı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, sivil və hüquqi dövlət quruculuğunun əsası qoyuldu.
Heydər Əliyevin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan bu gün onun ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Ulu öndərin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan bir dövləti kimi nüfuzunu artırır. Azərbaycan dövlətinin 2003-cü ildən bəri qazandığı uğurlar, keçdiyi möhtəşəm inkişaf yolu göstərir ki, Heydər Əliyev siyasi kursu yaşayır, ulu öndərin ideyaları hər bir sahədə real həyata vəsiqə alır.

 

Azərbaycanı həqiqi müstəqilliyə aparan yolun başlanğıcı

 

Novruzəli ASLANOV,
Milli Məclisin deputatı:

- Müstəqilliyimizin ilk illərində Azərbaycanda cərəyan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan rəhbər ölkəni bütün təhlükələrdən qurtarmaq, dövlət müstəqilliyini yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. 1993-cü ildə AXC-Müsavat cütlüyünün dövlət idarəçiliyindəki kobud səhvlər nəticəsində sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, torpaqlarımızın itirildiyi, bir sözlə, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımızın ümummilli lider Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, başlanmış qardaş qırğınını yalnız o böyük insan aradan qaldıra bilərdi.
1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya gəlməsi vəziyyəti kökündən dəyişdi. Bununla da dövlətçiliyimizə qənim kəsilən dairələrin xaos yaradıb Azərbaycanı parçalamaq planları puça çıxdı. Xalqın böyük inam bəslədiyi Heydər Əliyevin ətrafında birləşməsi Azərbaycan dövlətçiliyinin məhvinə yönələn bütün planların üstündən birdəfəlik xətt çəkdi.
Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şərəfli gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.
Azərbaycanın işıqlı gələcəyinə yol açan 15 iyun haqlı olaraq əsl qurtuluş, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi müasir tariximizə qızıl hərflərlə yazılıb. Milli Qurtuluş Gününü qədirbilən xalqımız hər zaman əziz və qiymətli tutur, hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir. Bu müqəddəs günü tarixə yazan isə ümummilli lider Heydər Əliyevdir. Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Milli Qurtuluş yeni, yüksək intibaha açılan qapı kimi tariximizi şərəfləndirdi. Ulu öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi.
1993-cü ilin iyunundan 25 il ötür. Aradan keçən bu illər təkcə sözügedən qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı, həm də Azərbaycanın bugünkü inkişafının etibarlı bünövrəsi qoyuldu. Ümummilli liderimiz sübut etdi ki, qüdrətli və möhkəm dövlət olmayan yerdə azadlıq və müstəqillik də yoxdur. Dövləti olmayan xalq isə məhvə məhkumdur. Bu mənada, Azərbaycan tarixinin 1993-cü il 15 iyundan sonrakı dövrü yeni mərhələnin başlanğıcı oldu. Ona görə ki, Heydər Əliyev bu mərhələdə və yeni şəraitdə Azərbaycan cəmiyyətinin mövcudluğunun əsasını qoydu. 1993-cü ildən götürülən siyasi xəttin əsas üstün cəhətlərindən olan demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl, məqsədyönlü tədbirlərin reallaşdırılması ölkəmizdə demokratiyanın bərqərar olmasına zəmin yaratdı.
Ümummilli liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli varisi - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Prezident İlham Əliyevin əzmkarlıqla həyata keçirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Uğurlu siyasət, bütün sahələrdə qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq imicini daha da gücləndirib.
Bu gün Azərbaycan müstəqil dövlət olaraq mətinliklə irəliləyir, inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun söz sahibi olan ölkəsi kimi nüfuzunu yüksəldir. Heydər Əliyevin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan onun həmişəyaşar ideyalarından ilham alaraq gələcəyə doğru inamla addımlayır.

 

Heydər Əliyev xilaskarlıq missiyasını uğurla yerinə yetirdi

 

Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı:

- Azərbaycanın müstəqillik tarixinin ilk illəri hamımızın yaxşı yadındadır. Müstəqilliyimizin hələ kövrək olduğu həmin dövrdə hakimiyyətdə olan iqtidarların siyasi naşılığı nəticəsində bir tərəfdən ermənilər Azərbaycan torpaqlarını zəbt edir, digər tərəfdən isə daxildə separatçı qüvvələr fəallaşırdı. Bütün bu proseslər yenicə nail olduğumuz müstəqilliyimizin əldən getməsinə və Azərbaycan dövlətçiliyinin süqut etməsinə aparırdı.
1993-cü il iyunun əvvəllərində Gəncə hadisələrindən sonra ölkədə vəziyyət pisləşmiş, qorxulu məcraya yönəlmişdi. Dövlətimizin başı üzərini qorxunc təhlükə aldığı o günlərdə nəzərlər Naxçıvana dikilmişdi. Hamı anlayırdı ki, ölkənin və xalqın nicatı yalnız Heydər Əliyevlə bağlıdır. Xalq təkidlə öz böyük oğlunu haraylayır, səbirsizliklə onun Bakıya gəlməsini gözləyirdi.
Vəziyyətdən çıxış yolu arayan Azərbaycan xalqı nicatı yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız bu böyük insan aradan qaldıra bilərdi. Odur ki, Naxçıvana ulu öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi.
1993-cü il iyunun 9-da Heydər Əliyevi Bakıya gətirən təyyarə Binə hava limanında yerə endi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu məqamda ulu öndər Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə iqtidarın və deputatların xahişini qəbul etməyən Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Bu dahi siyasətçinin şəhərə gəlişi əhalidə gələcəyə böyük inam yaratdı. Şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına rəhbər seçilməsi bütün xalqın razılıqla qarşıladığı siyasi hadisə oldu. Beləliklə, xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər xilaskarlıq missiyasını həyata keçirməyə başladı. 1993-cü ilin iyununda bir tərəfdən erməni hərbi birləşmələri hücumlarını genişləndirir, bir tərəfdən Azərbaycanı parçalamaq istəyən separatçı qruplar öz fəaliyyətlərini genişləndirir, digər yandan vətəndaş qarşıdurması şiddətlənirdi.
Lakin Heydər Əliyevin qətiyyətinin, xarizmasının, siyasi uzaqgörənliyinin qarşısında aradan qaldırılması mümkün olmayan məsələ yox idi. Bu mənada 1993-cü ildən sonra cərəyan edən siyasi-ictimai, iqtisadi proseslər, bütün sahələrdə inkişafa doğru dönüş yaradılması həqiqətən də ölkəmizə milli mənafelərimizi əldə rəhbər tutan xarizmatik və qətiyyətli liderin, əsl siyasətçinin rəhbərlik etməsindən xəbər verirdi. O siyasətçidən ki, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı. Ulu öndərin xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şanlı gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu.
Heydər Əliyevin Prezident seçilməsi isə Azərbaycanda tamamilə yeni bir siyasi-ictimai münasibətlər sisteminin bərqərar edilməsinə ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu, xalqın özünə inamını, sabaha nikbin baxışlarını bərpa etdi, dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını qoydu. Məhz ulu öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi.
Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Bütün bunlar, eyni zamanda Azərbaycanın indiki sürətli inkişaf strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar öz başlanğıcını Milli Qurtuluşdan götürdü.
Milli Qurtuluşla başlanan Heydər Əliyev siyasətinin Azərbaycanı regionun liderinə çevirməsini bütün dünya etiraf edir. Son 15 ildə bu siyasət ulu öndərin siyasi varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Bu gün Azərbaycan ulu öndərin ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Bu ideyaların alternativinin olmadığını xalqımız çox gözəl anlayır. Bu ideyaların layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı və dünya birliyində mövqelərini möhkəmləndirməsi Heydər Əliyev yolunun nə qədər doğru və düzgün olduğunu əyani şəkildə göstərir.

 

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”