Çimərliklər yeni mövsümü köhnə problemlərlə qarşılayır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çimərliklər yeni mövsümü köhnə problemlərlə qarşılayır

12 İyun 2018
 

Havanın hərarəti gündən-günə yüksəlir. Təbii ki, istilərin gəlməsi ənənəvi olaraq çimərlikləri də hərəkətə gətirib. Artıq bu həftə çoxumuzun səbirsizliklə gözlədiyimiz çimərlik mövsümü açılır. Şəhər sakinləri isə havaların kifayət qədər qızmasını gözləmədən çimərliklərə üz tuturlar.

 

Sahil və Şıxda çimmək yenə də qadağandır

 

Abşeron yarımadasında 7 ərazi üzrə çimərlik zonaları fəaliyyət göstərəcək. Artıq həmin yerlərdə hazırlıq işləri bitib, hər il olduğu kimi, bu il də aidiyyəti qurumlar tərəfindən çimərlik zonalarında monitorinqlər keçirilərək yararlı və yararsız yerlər müəyyən olunub. Bu ərazilərin gigiyenik və ekoloji baxımdan hansı səviyyədə olması, insan sağlamlığı üçün yarada biləcəyi təhlükələr araşdırılıb. Bu il də artıq may ayından başlayaraq çimərlik zonalarından suyun laborator tədqiqatları üçün nümunələr götürülür, analizlər aparılır. Götürülmüş su nümunələri vasitəsilə bakterioloji, toksikoloji, radioloji və sanitar kimyəvi tədqiqatlar aparılıb. Nəticədə konkret olaraq çimmək üçün uyğun olan və olmayan ərazilər müəyyən olunub.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya və gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov bildirdi ki, çimərlik zonası kimi müəyyən olunan bütün zonalardan nümunələr götürülüb: “Qaradağ rayonu ərazisindəki Sahil və Səbail rayonunun Şıx çimərliklərinin nümunələri ürəkaçan deyil. Artıq neçənci ildir ki, bu iki ərazidə analizlərin nəticəsi müsbət çıxmır. Ona görə bu çimərlik zonaları haqqında 2010-cu ildə çıxarılan qərar qüvvədə saxlanılacaq, yəni bu ərazidə dənizə girmək qadağan olunacaq”.
Z.Kazımov həmin ərazidə çirklənmənin bu səviyyəyə qalxmasını yaxınlıqda çoxlu yaşayış məntəqələrinin olması və məişət sularının, çirkabların zərərsizləşdirilmədən dənizə axıdılması ilə izah etdi. Dəfələrlə monitorinqlər keçirilməsinə baxmayaraq, o, bu yerlərdə dəniz suyunun bakterioloji göstəricilərinin müəyyən olunmuş normadan dəfələrlə çox olduğunu bildirdi.

 

Qadağalara nəzarət zəifdir

 

Digər çimərlik zonalarına gəldikdə isə, yoxlamalar zamanı oradakı vəziyyət normaya uyğun olub. Həmin yerlərdə mövsüm ərzində mütəmadi olaraq iki həftədən bir yoxlama aparılacaq ki, vəziyyətə nəzarət etmək mümkün olsun. Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin, eləcə də Novxanı və Corat bağlarının sahil zolağındakı çimərlik zonaları (Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərindən başqa) çimərlik kimi istifadəyə yararlı hesab edilib. Z.Kazımov həmçinin onu da əlavə etdi ki, adətən belə məqamlarda nəticə barədə müvafiq strukturlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verilir, mətbuat vasitəsilə sağlamlıq üçün təhlükəli olan çimərlik haqqında insanlar xəbərdar edilir. Yerli icra hakimiyyəti orqanları göstərilən ərazidə çimməyi qadağan edən xüsusi lövhələr vurmalıdır, nəzarət vasitəsilə təhlükəli çimərlik zonasında insanların suya girməsinə yol verilməməliidr.
Amma bəzən insanlar hansı yerlərin çimmək üçün uyğun olub-olmadığının fərqinə varmırlar. Gigiyenik və ekoloji tələblərə cavab verməyən, insan sağlamlığı üçün təhlükəli olan sahillərə üz tuturlar, bu da müxtəlif xəstəliklərin yaranmasına yol açır. Mütəxəssislər iddia edirlər ki, su vasitəsilə bağırsaq çöpləri ilə yayılan xəstəliyin törədə biləcəyi fəsadlar ən ciddi xəstəliklə müqayisədə belə təhlükəlidir. Bir insan bu xəstəliyə yoluxursa, o, tez bir zamanda bir neçə nəfərə də keçə bilər.

 

Hasarlanmış sahillər, yüksələn qiymətlər...

 

Ənənəvi olaraq bu il də Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidməti gücləndirilmiş rejimdə işləyəcək. Artıq xilasetmə məntəqələri və postları quraşdırılır. Bu postlar çimərlik ərazilərinə tam nəzarəti həyata keçirəcək və boğulma hadisəsi və digər fövqəladə vəziyyət zamanı insanlara operativ yardım edəcəklər. Bunun üçün imkanlar da kifayət qədərdir. Çünki nazirliyin bu sahəyə nəzarət edən xidməti ən sürətli, müasir texnikalarla təchiz olunub. Bu da imkan verəcək ki, suda boğulan olduqda onu tez müddətdə xilas edərək ən yaxındakı tibb müəssisəsinə çatdırılsın və insanların həyatı xilas olsun.
Ödənişli və pulsuz çimərliklərə gəldikdə, Xəzər sahillərində hər iki formada çimərliklər var. İndi artıq pullu girişlər üçün şlaqbaumlar quraşdırılır. Lakin dövlət tərəfindən belə bir göstəriş yoxdur ki, sahil zolağını zəbt edərək pullu giriş tətbiq edilsin. Bakı və Bakıətrafı bütün çimərliklər pulsuzdur. Bu məsələ aidiyyəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq qərarı ilə illər öncə öz əksini tapıb. Konkret olaraq bildirilir ki, heç kəsdən dəniz kənarına gəldiyinə görə pul alına bilməz, hətta həmin ərazi hasarlanıb özəlləşdirilsə belə. Vətəndaş yalnız xidmətə görə pul ödəyə bilər. Çünki dəniz ayrı-ayrı şəxslərin səlahiyyətinə yox, bütün Azərbaycan xalqına verilən nemətdir.
Amma bu da sirr deyil ki, hər il yay mövsümündə bu mövzu ətrafında mübahisəli məqamlar həddən artıq çoxalır. Az qala çimərlikləri şəxsi obyekti kimi zəbt edən işbazlar peydə olur, girişdən başlayaraq hər bir xidmətə görə istirahətə gələn insanlardan istədikləri məbləğı tələb edirlər.
Hazırda çimərlikdə adam az olduğundan izdiham da yoxdur, hər tərəf səliqəlidir, istirahətə gələnlər də məmnun görünürlər. Ancaq mövsümün “şıdırğı” vaxtında təhlükəsizlik və gigiyenik qaydalara necə əməl olunması, buradakı xidmətlər qarşılığında təklif olunan qiymətlər, ümumilikdə ödənişli və pulsuz çimərliklərin fəaliyyəti haqqında real təsəvvür yaratmaq olacaq.

Elnur HADIYEV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”