İqtisadi sektorda işləyənlərin sayı və əməkhaqları artıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadi sektorda işləyənlərin sayı və əməkhaqları artıb

12 İyun 2018
 

Cari il mayın 1-nə olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 583,2 min nəfər olmuşdur. Onlardan 887,2 min nəfəri iqtisadiyyatın dövlət, 651 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin 21,6 faizi təhsil, 19 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,7 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 538,8 manata çatmışdır. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.