İndiyədək ölkə üzrə 230 ton yaş barama tədarük olunub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İndiyədək ölkə üzrə 230 ton yaş barama tədarük olunub

12 İyun 2018
 

Son günlər barama tədarükü  xeyli sürətlənib. “Azəripək” MMC bugünədək 230 ton yaş barama qəbul edib.

Barama tədarükündə Zərdab rayonu öndə gedir. Rayonun kümçüləri indiyədək müəssisəyə 49 ton 665 kiloqram yaş barama təhvil veriblər. Füzuli rayonunda 35 ton 985, Ağcabədidə 28 ton 898, Bərdədə 20 ton 893 kiloqram yaş barama tədarük olunub. Digər rayonlarda da barama tədarükü mütəşəkkil davam edir.

Qeyd edək ki, 2018-ci ildə Çin Xalq Respublikasından müqavilə əsasında 13 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu toxumları (qrena) alınıb və iqlim şəraiti nəzərə alınaraq iki mərhələdə ölkəmizə gətirilib. Toxumlar aprelin 17-si və 24-də Kənd Təsərrüfatı Nazirliyinin Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının bir hissəsi aprelin 27-dən 29-dək bölgü əsasında Aran bölgəsindən olan 22 rayonun kümçülərinə, mayın əvvəllərində isə dağlıq və dağətəyi zonalarda yerləşən 17 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılıb. Cari ildə Azərbaycanda yaş barama istehsalının 450-500 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.