Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları ilə görüş keçirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları ilə görüş keçirilib

11 İyun 2018
İyunun 11-də ulu öndər Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun 100, Milli Qurtuluş Gününün 25 illik yubileyləri münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının bir qrup fəalının Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra YAP Nəsimi rayon təşkilatının fəalları və kursantlar Ali Hərbi Məktəbin ərazisində Milli Ordunun yaradılmasının 100 illik yubileyinin şərəfinə 100 ədəd ağac əkiblər. Həmçinin kursantların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə YAP Nəsimi rayon təşkilatı tərəfindən Ali Hərbi Məktəbin kitabxanasına Ulu Öndərin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar və kursantların istirahət otağı üçün televizor hədiyyə olunub.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki,‪ bu il ölkəmizin hər bölgəsində müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin anadan olmasının 100 və Milli Qurtuluş Gününün 25 illik yubileyləri təntənəli şəkildə qeyd edilir. Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən də bu əlamətdar hadisələrlə bağlı silsilə tədbirlər hazırlanıb. O, kursantları 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.

M.İbrahimqızı Azərbaycanın dövlətçilik tarixindən, müstəqilliyinin ilk illərində qarşılaşdığı problemlərdən danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən qurtulub, ölkədə hüquqi, demokratik dövlət quruculuğu istiqamətində çox mühüm işlər görülüb. Xalqımızın maddi rifah halı yüksəlməyə başlayıb. Dahi rəhbər bacarığı, işgüzarlığı və uzaqgörənliyi sayəsində dünya siyasi tarixində özünəməxsus yer tutur. Bütün dövrlərdə gücünü, dərin zəkasını xalqının yolunda sərf edən Ulu Öndər daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaradıb.

Milli Məclisin deputatı, həmçinin 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan, ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı nailiyyətlərdən bəhs edib. Bildirib ki, dövlətimizin başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Cümhuriyyət dövründə həyata keçirilmiş tədbirlərə yüksək dəyərin təcəssümüdür. “Azərbaycan Xalq Cümhuriyyəti İli” həm də Azərbaycan Ordusunun 100 illik yubileyi ilidir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuz güclənir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müasir standartlara tam uyğunlaşdırılması məqsədilə aparılan səmərəli işlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib.

Nəsimi Rayon Ağbirçəklər Şurasının sədri, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək bildirib ki, 1993-cü il iyun ayında Azərbaycan xalqı Ümummilli Liderin hakimiyyətə qayıdışını təkidlə tələb edib. Ulu öndər Heydər Əliyev uzaqgörən və müdrik siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi. O, belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıtdı və Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən çıxardı. Məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyuldu, Azərbaycanın dövlət müstəqilliyi məhv olmaq təhlükəsindən xilas edildi.

Diqqətə çatdırılıb ki, müstəqillik dövründə, xüsusən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb və bu istiqamətdə işlər davam etdirilir. O, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf etdiyini və dünya birliyində layiqli yer tutduğunu bildirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, 100 illiyini qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çoxəsrlik tariximizin, mədəni inkişafımızın, xalqımızın milli azadlıq mübarizəsinin məntiqi yekunu olub. Həmin dövrdə müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın gələcək müstəqilliyi üçün əsaslı hüquqi zəmin hazırlanıb. O, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymətin verildiyini bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev xalqa dayaq durmasaydı bu gün Cümhuriyyətimizin 100 illiyini qeyd edə bilməzdik. Biz bu günümüzə və gələcəyimizə görə Ümummilli Liderə borcluyuq.

Görüşdə digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerindən, ordu quruculuğu sahəsində əldə edilən nailiyyətlərdən danışıblar.