Gəncədə dahi Bülbülün adını daşıyan küçə və barelyef açılıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncədə dahi Bülbülün adını daşıyan küçə və barelyef açılıb

11 İyun 2018
Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı, sənətşünas-alim, professor Bülbülün 120 illik yubileyi münasibətilə Gəncədə Bülbül adına küçənin və barelyefin açılış mərasimi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ailə üzvləri, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək dahi Bülbülün həyat və yaradıcılığından, Gəncədə keçirdiyi illərdən söz açıb. Qeyd edib ki, Bülbül Şuşada doğulsa da, gənclik illərini Gəncədə keçirib. Elə məhz buna görə də onun xatirəsi bu şəhər və onun sakinləri üçün daha əzizdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu atasına göstərilən sevgi və ehtirama görə minnətdarlığını bildirib. Səfir deyib ki, məktəbin olduğu bir küçəyə Bülbülün adının verilməsi, burada onun barelyefinin açılması çox gözəl təşəbbüsdür. Bu, Bülbül adının daim yaşayacağına, anılacağına və gələcək nəsillər tərəfindən tanınacağına əminlik yaradır.

Barelyefin rəmzi açılışından sonra Xalq Artisti Azər Zeynalov və Əməkdar Artist Anar Şuşalı Bülbülün repertuarına daxil olan “Sevgili canan” əsərini ifa ediblər.