Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində məktəblilər düzgün ixtisas seçimi barədə məlumatlandırılıb

11 İyun 2018
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə bu qurumun “İlboyu bilik” proqramı çərçivəsində Bakının Suraxanı rayonundakı 232 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, ali məktəblərin maliyyə-bank işi və iqtisadiyyat ixtisaslarında təhsil almaq istəyən abituriyentlər üçün təşkil olunan tədbirdə Azərbaycan Sənaye Bankının Dərnəgül filialının müdir müavini Xatirə Əlişova “Uğurlu karyeraya aparan yol və düzgün ixtisas seçimi” mövzusunda mühazirə oxuyub. O, yeni dövrün tələblərinə uyğun aparılan maliyyə əməliyyatlarından söz açıb və iqtisadiyyatın inkişafında mütəxəssislərin kompüter və dil biliklərinə yiyələnmələrinin vacibliyini vurğulayıb. Natiq qeyd edib ki, ixtisas və ya peşə seçimində tələskənliyə yol vermək olmaz və abituriyent bəyəndiyi ixtisas barədə hərtərəfli məlumat toplayarsa, daha uğurlu nəticələr əldə edə bilər.

Tədbirdə çıxış edən məktəbin direktoru Məhluqə Əzizova bildirib ki, şagirdlərin gələcəkdə seçəcəyi ixtisaslar barədə indidən məlumat almaları onların təhsil pilləsində daha rahat addımlamasına şərait yaradır.

Azərbaycan Sənaye Bankının marketinq departamentinin mütəxəssisi Aysel Hətəmova Bilik Fondu ilə əməkdaşlıq çərçivəsində belə görüşlərin başqa məktəblərdə də keçiriləcəyini bildirib.

Tədbirdə məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb.