Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İdlib bombardman edildi

11 İyun 2018
Suriyanın şimal-qərbində, İdlib əyalətində hərbisizləşdirilmiş zonaya endirilmiş hava zərbəsi nəticəsində 17 dinc sakin həlak olmuşdur. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Məlumata görə, Bəşşar Əsəd rejiminin aviasiyası Binneş, Təftənaz və Ariha yaşayış məntəqələrini vurmuşdur. Bombardmana Ram Həndan və Bəni İz kəndləri də məruz qalmışdır. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilmişlər.

Bundan əvvəl xəbər verilmişdi ki, iyunun 7-də İdlibdəki Zərdənə kəndinin bombalanması nəticəsində 45 suriyalı həlak olmuşdur.

BMT Suriyanın İdlib əyalətində hava hücumu nəticəsində dinc sakinlərin, o cümlədən uşaqların həlak olmasından narahatdır. BMT-nin Baş katibi Antoniu Quterreş İdlibin hərbisizləşdirilmiş zona olduğunu xatırlatmış və qarant ölkələri – Rusiya, İran və Türkiyəni atəşkəsin şərtlərinə riayət etmək məqsədilə tərəflərə təzyiq göstərməyə çağırmışdır.

Quterreş bildirmişdir ki, İdlib əhalisinin 60 faizi Suriyanın digər regionlarından gəlmiş məcburi köçkünlərdir. O, ölkənin şimal-qərbində bombardmanları və toqquşmaları dərhal dayandırmağa, dinc sakinləri və mülki infrastrukturu müdafiə etməyə çağırmışdır.