Bakıda “SABAH” incəsənət festivalı” keçirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda “SABAH” incəsənət festivalı” keçirilib

11 İyun 2018
İyunun 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “SABAH” incəsənət festivalı” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “SABAH” qruplarının tələbələrinin müxtəlif layihələri, əl işləri nümayiş etdirilib. Bakı Musiqi Akademiyasının “SABAH” qrupunun tələbələri isə maraqlı musiqi proqramı ilə çıxış ediblər.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolunu diqqətə çatdırıb.

Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən nazir ölkəmizdə bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb.

Qeyd edilib ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən “SABAH” qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2.300-dən çox tələbəni əhatə edir.