Saatlıdakı hadisənin pestisid, yaxud qida zəhərlənməsindən baş verdiyi ehtimal olunur

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Saatlıdakı hadisənin pestisid, yaxud qida zəhərlənməsindən baş verdiyi ehtimal olunur

11 İyun 2018
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Saatlıda pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar olaraq, müvafiq qurumların da iştirakı ilə komissiya yaradılıb: “Hazırda dəqiq diaqnoz qoyulmayıb. Ehtimal olunur ki, bu hadisə pestisid, yaxud qida zəhərlənməsindən baş verə bilər”.

Qeyd edək ki, Saatlıda pambıq tarlasında zəhərlənənlərdən 4-nün vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

 

X X X

 

Saatlıda pambıq sahəsində kimyəvi maddədən kütləvi zəhərlənmə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gecə hadisə ilə bağlı Bakı şəhərindən bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub.

Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Xəstələrdən 4-ü Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya göndərilib.

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 20-dən çox insan kimyəvi maddədən zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.