Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Köhnə qitənin yeni enerji damarı

10 İyun 2018
 

İlham Əliyevin siyasi qətiyyəti sayəsində ərsəyə gələn “Cənub qaz dəhlizi” Azərbaycanı dünyanın mühüm qaz ixracatçılarından birinə çevirir

 

May ayının 28-də müstəqilliyinin 100 illiyini qeyd edən Azərbaycan dövlətinin şanlı tarixinə bir gün sonra daha bir əlamətdar hadisə qızıl hərflərlə yazıldı. 29 may təqvimi tariximizə “Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi kimi düşdü. Bakıda keçirilən təntənəli mərasimdə “Cənub qaz dəhlizi”nin yaranma səbəbləri, Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyətli mövqe və layihənin Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi vurğulandı. Layihənin açılışı ilə bir daha təsdiq olundu ki, enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrilib.

 

Azərbaycan 30-50 milyard dollar gəlir əldə edəcək

 

Öncə onu vurğulayaq ki, “Cənub qaz dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. 40 milyard dollar sərmayə ilə həyata keçirilən, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP) olan bu layihə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə Avropaya çatdıracaq.
Nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Dünyanın ən böyük qaz layihələrindən biri kimi, bu layihənin icrası ilə Azərbaycan qaz hasilatını ildə 16 milyard kubmetr artıracaq. Sonralar isə bu rəqəm 31 milyard kubmetrə qədər yüksələcək. Layihənin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.

 

7 Avropa ölkəsi və 9 şirkətlə imzalanan 25 illik sazişlər

 

“Cənub qaz dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Bununla yanaşı, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layhənin qlobal xarakter aldığını göstərir.
“Cənub qaz dəhlizi” ilə nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar isə Niderland-Britaniya neft-qaz şirkəti olan “Shell”, Bolqarıstanın “Bulgargaz”, Yunanıstanın DEPA, Almaniyanın “Uniper”, Fransanın “Engie”, İtaliyanın “Hera Trading srl”, “Enel Trade SpA”, “Edison” və İsveçrənin “Axpo Trading AG” şirkətləridir.
Azərbaycanla bu Avropa şirkətləri arasında “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən bir az artıq olan həcminin satışı üzrə 25 illik sazişlər imzalanıb. Bu şirkətlər hərəsinə təxminən 1 milyard kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanı isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək istəyən alıcılara ötürəcək.

 

Ölkəmiz indiyədək “Cənub qaz dəhlizi” layihələrinə 9 milyard dollar xərcləyib

 

Bakıda keçirilən XXV “Caspian Oil and Gas” konfransında “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Əfqan İsayev layihənin maliyyələşməsi məsələsinə aydınlıq gətirərək qeyd edib ki, indiyədək “Cənub qaz dəhlizi”nin tərkibi olan layihələrdə iştirak paylarının maliyyələşdirilməsinə 9 milyard dollar məbləğində investisiya qoyulub.
“Cənub qaz dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 99,5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 100 faizi, Transanadolu (TANAP) boru kəmərinin inşası üzrə işlərin 93 faizi, Transadriatik (TAP) kəmərinin inşası üzrə işlərin 73 faizi icra edilib.

 

Layihəyə hələ ki 30 milyard dollardan çox vəsait sərf olunub

 

Dünya miqyasında ən böyük enerji layihələrindən biri hesab edilən “Cənub qaz dəhlizi”nə bu ilin aprel ayının sonunadək tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib.
Həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard, dəyəri 4,6 milyard dollar olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2, TANAP-a 5,4, TAP layihəsinə isə 2,9 milyard dollar sərf olunub.

 

Azərbaycan bu il layihəyə 1,3 milyard dollar vəsait ayırıb

 

Bu il Azərbaycanın “Cənub qaz dəhlizi”nə təqribən 1,3 milyard dollar vəsait ayırıb. Bundan “Şahdəniz” layihəsinə (mövcud “Şahdəniz-1” layihəsi daxil olmaqla) 232 milyon dollar, Cənubi Qafqaz Boru Kəməri layihəsinə 144 milyon dollar, TANAP-a 728 milyon, TAP layihəsinə isə 182 milyon dollar xərclənməsi nəzərdə tutulur.
“Cənub qaz dəhlizi”nin tərkibindəki layihələrin mülkiyyətindəki iştirak paylarının maliyyələşdirilməsinə 2014-2020-ci illərdə 11,5 milyard dollar vəsait qoyulacaq.

 

Qarşısına qoyduğu bütün hədəflərə çatan ölkə

 

Əlbəttə ki, bütün bunlar böyük nailiyyətdir və Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, uğurlu xarici diplomatiyasının təntənəsidir.
Bu layihə qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək, milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq.
Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycanın iştirakı ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və inşası bu gün də davam edən “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi milyardlarla investisiya yatırılan bu layihələr Azərbaycanın nəyə qadir olduğunu sübuta yetirir. Eyni zamanda Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatdığını bir daha təsdiqləyir.
“Cənub qaz dəhlizi”nin açılış mərasimində geniş nitq söyləyən İlham Əliyev də bəyan etdi ki, Azərbaycan qazı yeni mənbədir və bu layihə yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir.
Azərbaycan artıq beynəlxalq təbii qaz mərkəzinə çevrilib və qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verir. “Cənub qaz dəhlizi” isə ölkəmizə böyük dividendlər qazandıracaq və Azərbaycanın dünya birliyindəki çəkisini daha da artırmış olacaq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”