Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında

10 İyun 2018
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.         Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599; 2009, № 3, maddə 163; 2010, № 2, maddə 80, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 7, maddə 1260, № 8, maddələr 1377, 1384; 2017, № 6, maddə 1080) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na aşağıdakı məzmunda 12-ci hissə əlavə edilsin:

“12. Yekun müddəa

Azərbaycan Respublikası Prezidentinin aktları ilə dövlət əmlakına  münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, dövlət müəssisələrinin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması ilə bağlı digər hallar nəzərdə tutula bilər.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.      Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.      Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.      mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4.      bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3.         Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 iyun 2018-ci il