Azərbaycanda təhsil sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda təhsil sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub

09 İyun 2018
Müasir dövrdə ölkələrin inkişaf konsepsiyasını təhsil müəyyənləşdirir. Bu baxımdan müasir təhsil sistemi yeni çağırışlara cavab verməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikri iyunun 9-da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin təhsilin transformasiyası mövzusunda keçirilən panel iclasında təhsil nazirinin müavini Firudin Qurbanov söyləyib. Nazir müavini bildirib ki, müstəqilliyimizin bərpasından sonrakı dövrdə Azərbaycanda təhsilin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib, müvafiq istiqamətin daha da təkmilləşdirilməsi üçün mühüm addımlar atılıb. Təhsilin normativ-hüquqi bazasının formaşaldırılması, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncamlar əsasında geniş tədbirlər həyata keçirilib. Ölkəmizdə son illərdə bir sıra dövlət proqramları uğurla icra olunub, təhsilin məzmunu yenilənib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.

Ölkəmizdə son beş il ərzində təhsil sahəsində görülən işlərdən söz açan F.Qurbanov deyib: “Təhsil sistemində islahatlar nəticəsində 15 yaşdan yuxarı əhali arasında savadlılıq səviyyəsi, ibtidai təhsilə nailolma, ibtidai təhsili başavurma səviyyəsi demək olar ki, yüz faizə çatdırılıb. Təhsilin keyfiyyətinə təsir göstərən ən vacib amillərdən biri erkən yaş inkişafı ilə bağlıdır. Təhsil Nazirliyi bu istiqamətdə lazımi addımlar atır”.

Nazir müavini vurğulayıb ki, ölkədə cari ilin sonunadək 250-dək modul tipli məktəbin tikilməsi nəzərdə tutulur. “Ali təhsilə qəbul olunanların sayı 2013-cü ildəki 145 mindən artaraq 162 minə, ali təhsilin bakalavriat pilləsindən magistratura pilləsinə qəbul olunanların sayı 2013-cü ildəki 35 mindən artaraq 44 minə çatıb. Hazırda təhsildə qızların sayı artıb. Müəllimlərin 82 faizini, tələbələrin isə 46 faizini qadınlar təşkil edir. Bu gün əsas məqsədimiz universitetlərdə tələbələrin startap hərəkatlarına töhfə vermək, iş yerləri yaratmaq psixologiyasını formalaşdırmaqdır. Fikrimizcə, təhsilin transformasiyası sosial-mədəni potensial xarakteri alıb. Müasir dövrdə təhsildə transformasiyanı informasiya- kommunikasiya texnologiyalarının təsiri olmadan təmin etmək mümkün deyil. Onlar təhsil sisteminin daha dərin transformasiyası üçün onun maddi-texniki bazasına çevrilir. Ölkəmizdə bunları nəzərə alaraq təhsil prosesində multimedia texnologiyaları tətbiq edilir. Ümid edirəm ki, bu sammitdə qəbul edilən təklif və tövsiyələr hamı üçün faydalı olacaq”, - deyə nazir müavini bildirib.

F.Qurbanov diqqətə çatdırıb ki, 2019-cu ildə informatika üzrə şagirdlər arasında dünya olimpiadası Bakıda keçiriləcək. Artıq ölkəmizdə bunun üçün hazırlıq işlərinə başlanılıb.

Sonra Dini Azadlıq üzrə Avropa Dinlərarası Forumunun nümayəndəsi Erik Rouks, Polşanın Təhsil Nazirliyinin nümayəndəsi Sebastian Keciek, İslandiya Universitetinin professoru Hannes Gissurarson və Böyük Britaniyanın Aston Universitetinin nümayəndəsi Asif Əhməd mövzu ətrafında müzakirələr aparıblar.