“Sərhədçi” komandası çövkən üzrə “100 İllik Yubiley Kuboku”nun qalibi olub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Sərhədçi” komandası çövkən üzrə “100 İllik Yubiley Kuboku”nun qalibi olub

09 İyun 2018
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinə iyunun 9-da yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnirin final görüşündə “Sərhədçi” və “Omar” komandaları üz-üzə gəliblər. Matçın favoriti sayılan “Sərhədçi” komandası üstün oyun nümayiş etdirərək rəqibin qapısından dörd cavabsız top keçirib. Sərhədçilərin heyətində Amil Namazov dubl edib, Tərlan Qurbanəliyev və Nurlan Cəbrayılov isə hərəyə bir dəfə fərqləniblər.

Beləliklə, Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən üzrə “100 İllik Yubiley Kuboku” turniri “Sərhədçi” komandasının çempionluğu ilə başa çatıb. “Sərhədçi” ardıcıl ikinci dəfə bu turnirin qalibi adını qazanıb.

Mükafatlandırma mərasimində medalları komandaların üzvlərinə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

Xatırladaq ki, çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirində səkkiz komanda - “Sərhədçi”, “Polad”, “Köhlən”, “Murad”, “Buta Golden”, “Omar” kollektivləri ilə yanaşı, Ağstafanın və Ağcabədinin çövkən yığmaları da mübarizə aparıblar. “Sərhədçi” turnirin yarımfinalında “Buta Golden”i 5:2, “Omar” kollektivi isə “Polad”ı 1:0 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Turnirin ümumi mükafat fondu 50 min manatdır.