Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın dövlət müstəqilliyini təmin edən BÖYÜK QAYIDIŞ

09 İyun 2018
 

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi respublikamızın bütün gələcək uğurlarının başlanğıcı kimi tarixə düşdü

 

1991-1993-cü illərdə baş verən siyasi təbəddülatlar, iqtisadi böhran, siyasi hərc-mərcliyin doğurduğu anarxiya və cəbhədəki uğursuzluqlar Azərbaycana qətiyyətli, siyasi təcrübəli bir liderin rəhbərlik etməsini qaçılmaz zərurətə çevirmişdi. Xaotik proseslər və bunun fonunda hakimiyyətin son dərəcə qətiyyətsizliyi təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər Azərbaycanı parçalanmaqdan qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Bu lider isə xalqın məhəbbətini hələ çox-çox illər əvvəl qazanmış Heydər Əliyev idi.

 

Ümumxalq qərarı

 

Bu mənada dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın özünün böyük oğlu, həyatı və mübarizəsi üçün ümummilli liderlik missiyası xarakterik olan Heydər Əliyevə üz tutulması təsadüfi deyildi. Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız bu böyük insan aradan qaldıra bilərdi. Bunun üçün Naxçıvana - ulu öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi.
Ölkəyə rəhbərlik edənlər də, müxalifətdə olan qüvvələr də xilas olmaq üçün Heydər Əliyevin Bakıya gəlməsini arzulayırdılar. İflasa uğradıqları ilə barışmalı olan “cəbhəçilər” vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər. Hansı ki, buna qədər özlərinə əsas təhlükə, ən qorxulu rəqib kimi xalqın içərisində böyük hörməti və nüfuzu olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevi hesab edir və onu necə sıradan çıxarmaq barədə düşünürdülər. Bu niyyətin gerçəkləşməsi üçün hətta 1992-ci ilin oktyabrında Naxçıvanda Heydər Əliyevə qarşı çevriliş etməyə, onu Naxçıvan Ali Məclisinin Sədri vəzifəsindən devirməyə cəhd etmişdilər. Buna baxmayaraq, Heydər Əliyev “cəbhəçilər”in ən çətin məqamlarında onlara kömək əlini uzatmış, Gəncədə başlayan və sürətlə dərinləşən hakimiyyət böhranı zamanı başını itirmiş iqtidarın xahişlərini nəzərə alıb yalnız dahilərə məxsus ürək genişliyi ilə hamını dövlət başçısı ətrafında birləşməyə çağırmışdı.
Heydər Əliyev həqiqətən, böyük insan idi. Onun böyüklüyü həm də onda idi ki, hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatlara, qarayaxma kampaniyasına baxmayaraq, ağır günlərdə xalqın köməyinə tələsdi. Ulu öndər sonralar həmin vaxtları xatırlayaraq deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

 

Müasir tariximizdə yeni mərhələnin başlanğıcı

 

1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıya gəldi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı. İnsanlar “Heydər baba, xalqı bu bəladan qurtar!” şüarları ilə ulu öndəri qarşılamaq üçün hava limanına toplanmışdılar. Ən əsası, ulu öndərin gəlişi ilə daxili və xarici düşmənlərin bütün planlarının iflası başladı. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə xahişləri qəbul etməyən Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü. Heydər Əliyev Gəncədə 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi, öz ağsaqqal sözünü dedi. Ulu öndər həyatını təhlükəyə atsa da, missiyasını şərəflə yerinə yetirdi. Sonradan bu səfər zamanı onun fiziki məhvi barədə cəhdlərin olması faktları aşkarlandı. Hərçənd ki, qorxulu səfərə yola düşərkən ona qarşı qəsdlərin olacağını Heydər Əliyev yaxşı bilirdi. Lakin xalqın güclü məhəbbətinin qarşısında cinayətkarlar aciz idilər. Tarix göstərir ki, Heydər Əliyevin Gəncəyə səfəri ölkədə yaranmış vətəndaş qarşıdurmasının qarşısını aldı.
Heydər Əliyevin Bakıya gəlişi, o cümlədən Gəncəyə səfər etməsi ilə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu istəməyən dairələrin planları alt-üst olmağa başladı. Ona görə məhz həmin vaxtlarda birdən-birə respublikamız həm xaricdən, həm də daxildən zərbələrə məruz qaldı. Azərbaycanı istəməyən dairələr yeni planlarını işə salmışdılar. Ön cəbhədəki bəzi ordu hissələrinin siyasi oyunlara qatılmasından, ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən erməni hərbi birləşmələri yeni hücum əməliyyatına başladılar. Ölkədə vəziyyət həddindən artıq gərgin idi. Separatçı Ə.Hümbətov tabeçiliyində olan silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında “respublika” yaratmağa çalışırdı. Şimal rayonlarında isə separatçı “Sadval” təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul idi. Ölkədə siyasi hakimiyyətin fəaliyyəti tamamilə iflic olduğu belə bir vəziyyətdə xalqın yeganə ümidi yalnız Heydər Əliyevə idi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi parlamentdə təmsil olunan siyasi dairələrin məhz ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi idi. Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi və 6 gün sonra Ali Sovetin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. İyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu qurtuluşla isə dövlətçiliyimizin gələcək mövcudluğunun təməl daşı qoyuldu.
Heydər Əliyev dühasının xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Heydər Əliyev şəxsiyyətinin miqyası, nəhəngliyi və əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi və Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ona qismət oldu.

 

Ulu öndər missiyasını müdrikliklə yerinə yetirdi

 

Heydər Əliyev 1993-cü il iyunun 24-də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Avqust ayında isə referendum yolu ilə Əbülfəz Elçibəyə etimadsızlıq göstərildi. Bundan sonra Azərbaycan xalqı onu bəlalardan qurtaran xilaskarını - Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Beləliklə, ölkədəki siyasi hakimiyyət böhranı tam aradan qaldırıldı.
Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, müstəqilliyimizin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin 1993-cü ildə yenə də xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Heydər Əliyev Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi.
Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim işıq salacaq. Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin siyasi yolunun davamından başqa cür qiymətləndirilə bilməz. Bu yüksəliş Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”