Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

09 İyun 2018
 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsinə yekun vurulub. 

Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 31-dək davam edən müsabiqədə respublikamızın bütün bölgələrindən orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Müsabiqəyə göndərilmiş rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib və 400-dən artıq rəsm arasından 100-ü seçilərək sərgiyə buraxılıb.
Sərginin açılışı və qaliblərin təltif olunması Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Aparatının rəhbəri Azad Cəfərli, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Yazıçılar Birliyinin hərbi vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirdə çıxış edərək bildirib ki, müasir Azərbaycanın dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycançılıq məfkurəsinin yaradıcısı olan dahi rəhbər vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün misilsiz xidmətlər göstərib. Ümummilli lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atıb, uzaqgörənliklə respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlayıb və onların icrasına nail olub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən tədbirlərin tərkib hissəsi olan müsabiqənin və sərginin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə əldə edilmiş nailiyyətlərin, ordu quruculuğu, sosial-iqtisadi və mədəni quruculuq irsinin yeniyetmə və gənclər arasında təbliği, gənc nəslin milli-dövlətçilik ruhunda tərbiyəsi, habelə rəsm sahəsində istedadlı şagirdlərin aşkarlanaraq bacarıqlarının nümayiş olunmasına şərait yaratmaqdır.
Z.Abdullayev qeyd edib ki, bugünkü müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşüb. Dahi şəxsiyyətin adı xalqımızın iftixar və qürur mənbəyidir. Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur. Z.Abdullayev “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsinin şagirdlər arasında böyük maraqla qarşılandığını vurğulayıb, müsabiqədə təqdim edilən 400-dən artıq rəsm əsərinin şagirdlərin ulu öndərin xatirəsinə yüksək ehtiramının göstəricisi olduğunu bildirib.
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov ulu öndər Heydər Əliyevin ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərinə, o cümlədən gənclərə qayğısından bəhs edib. A.İbrahimov ümummilli liderin istedadlı gənclərə və uşaqlara daim böyük diqqətlə yanaşdığını, mədəniyyət xadimlərinə xüsusi qayğı göstərdiyini vurğulayıb. Bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin orta məktəblərin şagirdləri arasında keçirdiyi müsabiqənin məktəblilərin Heydər Əliyev irsini öyrənmələri, istedadlı, yaradıcı uşaq və gənclərin üzə çıxarılması baxımından böyük əhəmiyyətə malikdir. Belə müsabiqələrin keçirilməsi Azərbaycanın mədəniyyətinin və incəsənətinin inkişafına mühüm töhfədir.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli sərgidə əsərləri nümayiş etdirilən uşaq və gənclərə təbriklərini çatdıraraq bildirib ki, ümummilli lider Heydər Əliyev xalqımızın xilaskarı kimi müasir gəncliyin firavan yaşaması üçün böyük işlər görüb. Bu gün burada əsərləri təqdim olunan şagirdlərin əsərləri bir daha sübut edir ki, ulu öndərə ehtiram və məhəbbət onların ürəklərində daim yaşayacaq.
Çıxışlardan sonra mükafatlandırma mərasimi olub, münsiflər heyətinin qərarına əsasən müsabiqənin qaliblərinin adları açıqlanıb. Münsiflər heyətinin qərarına əsasən, İmişli rayonu Becrəvan kənd orta məktəbin 11-ci sinif şagirdi Misir Maxsudlu birinci yerə layiq görülüb. Qusar şəhər 2 saylı orta məktəbin 10-cu sinif şagirdi Vəliyulla Zeynalov ikinci, “Elif” Yaradıcılıq Mərkəzinin nümayəndəsi Elgünə Qurbanova isə üçüncü yerdə qərarlaşıblar.
Qaliblərə diplom və mükafatlar təqdim olunub.
Həmçinin müsabiqədə rəsmləri nümayiş etdirilən 10 iştirakçı - Humay Səfərzadə, Kamilə Bayramova, İsmayıl Əliyev, Aytac Əlizadə, Aişə Əsgərli, İsa İsayev, Gülər Yusifli, Firuzə Yusifova, Lumiyyə Məmmədova və Gövhər Mirzəmmədova həvəsləndirici diplomlarla təltif ediliblər.
Müsabiqəyə buraxılan əsərlərin sərgisi iyunun 10-dək davam edəcək. Sərgiyə giriş sərbəstdir.