Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” sahiblərinə təqdim olunub

08 İyun 2018
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iyunun 8-də keçirilən ümumi yığıncağında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təqdim edilməsi mərasimi olub.

Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin 2014-cü il 27 iyun tarixli Fərmanına əsasən bu medalla təltif etmək səlahiyyəti AMEA-ya verilib. Müsabiqədə iştirak üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına göndərilib. Qızıl medala namizədlər seçilərək onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim olunub. Rəyasət Heyəti aprelin 5-də keçirilmiş iclasında müsabiqənin nəticələrini nəzərə alaraq alimlərin medala layiq görülməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, neft və qaz kondensant yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə akademik Xoşbəxt Yusifzadə və qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüblər.