Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

30 rayon, 45 aqropark

08 İyun 2018
 

Prezident İlham Əliyevin tövsiyəsi ilə aqrar sektorda yaradılan modern təsərrüfatçılıq mexanizmləri artıq real nəticə verir

 

Son illər Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, müasir çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi keyfiyyətcə yeni mərhələyə keçidin təməlini qoyub. Aqrar sektora güzəştli kreditlərin, subsidiyaların verilməsi, vergi güzəştlərinin tətbiqi, aqrolizinq xidmətlərinin göstərilməsi istiqamətində atılan mühüm addımlar yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşdırıb.
Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı mühüm fərman və sərəncamlar, həmçinin dövlət başçısının həyata keçirilən proseslərə şəxsən nəzarət etməsi aqrar sektorun dinamik inkişafı üçün əlverişli zəmin yaradıb. Bu il kənd təsərrüfatında yaranmış 4,2 faizlik artım da bunu bir daha təsdiqləyir.

 

İstehsal, qablaşdırma, satış və logistika bir mərkəzdə

 

Hazırda hökumət qeyri-neft sektorunun inkişaf bazalarından biri kimi aqrar-sənaye sektoruna daha böyük üstünlük verir. Ölkənin inkişafının əsas sütunlarından biri aqrar sektor hesab olunur. Bu gün ölkəmizdə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə müasir aqroparklar və iri fermer təsərrüfatları yaradılır.
Kənd təsərrüfatının yeni infrastrukturu hesab olunan aqroparkların əsas işi məhsulun istehsalı, qablaşdırılması, logistikası və satışından ibarətdir. Yəni, müasir aqroparklar ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişaf etdirilməsi ilə əlaqədar qarşıda duran problemlərin həlli üçün modern təsərrüfatçılıq mexanizmidir. Aqroparklar həmçinin müxtəlif sahəvi strukturları özündə birləşdirir. Buraya kənd təsərrüfatı maşınqayırması, kimya, tikinti, bitkiçilik, heyvandarlıq, yeyinti, nəqliyyat, ticarət və s. aiddir. Başqa sözlə, aqropark dedikdə, qarşılıqlı əlaqədə olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birlikdə fəaliyyəti nəzərdə tutulur.

 

Tarladan süfrəyədək...

 

Regionlarda müasir tələblərə cavab verən aqroparkın yaradılması bir neçə vacib məqamı özündə birləşdirir. İlk növbədə, bu cür layihələrin həyata keçirilməsi kənd təsərrüfatının vacib sahələrinin inkişafına təkan verir, müxtəlif sahədə elmi yeniliklərin tətbiqinə şərait yaradır.
Digər tərəfdən kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələlərini özündə əks etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Ən əsası isə bu cür müəssisələrin fəaliyyətə başlaması rayonların iqtisadi imkanlarını artırmaqla yeni iş yerlərinin yaranmasına, regionların özünü maliyyələşdirməsinə, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsinə səbəb olur.

 

Dəyəri 1,4 milyard manat olan 45 aqropark

 

Ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan aqroparkların yaradılması işləri davam etdirilir. Belə ki, hazırda respublikanın 30 rayonu üzrə ümumi dəyəri 1,4 milyard manat olan 45 aqropark yaradılır.
İndiyə qədər dövlət dəstəyi hesabına aqroparkların yaradılması üçün ümumilikdə 311,8 milyon manat, o cümlədən su, qaz, elektrik və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 204,2 milyon manat dövlət əsaslı investisiya qoyulub. Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına 110 milyon manatadək dövlətin güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 565,5 milyon manat olan 24 layihəyə investisiya təşviqi sənədi verilib.
Ölkəmizdə 45 aqroparkın yaradılması isə o deməkdir ki, yaxın gələcəkdə aqrar sektorda böyük canlanma, innovativ inkişafın şahidi olacağıq. Bu həm də ərzaq təhlükəsizliyi məsələsinin həllinə öz müsbət təsirini göstərəcək və idxaldan asılılıq daha da azalacaq.

 

Bu il ölkədə 15 aqropark istifadəyə veriləcək

 

İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında tikilməkdə olan aqroparklarla bağlı məlumat verən nazir Şahin Mustafayev qeyd etmişdir ki, bu il ölkəmizdə 15 aqropark istifadəyə veriləcək.
Artıq ölkəmizdə yaradılan 4 aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb. Prezident İlham Əliyev 8 sentyabr 2016-cı ildə Yalama, 20 avqust 2017-ci ildə Şəmkir, 2 sentyabr 2017-ci il ildə Cəlilabad və cari il iyunun 5-də Goranboyda yaradılan aqroparkın açılışında iştirak edib.
Goranboyda yaradılan “Region Aqropark”dakı şəraitlə maraqlanan dövlət başçısı yenə də fermerlərə, sahibkarlara vacib tapşırıqlarını, tövsiyələrini verdi və hər zaman dövlətin onlara yardım göstərəcəyini vurğuladı.

 

Aqrar sektor sürətli inkişaf mərhələsində

 

Əlbəttə ki, aqroparkların yaradılması sahibkarlığın inkişafı deməkdir. Dövlət bu sahədə də sahibkarlara öz dəstəyini verir, güzəştli şərtlərlə kreditlər təşkil edir. Bu da özlüyündə kənd təsərrüfatının inkişafına böyük təkan verir. Diqqət etsək görərik ki, bir aqroparkda sahibkarlıqla kənd təsərrüfatının inkişafına aid bütün istiqamətlər cəmləşib.
İki il öncə, ölkədə bir ilk sayılan Yalama Aqroparkının açılışında iştirak edərkən İlham Əliyev bildirmişdi ki, aqrar sektorun inkişafı prioritet məsələdir və bu səbəbdən də müasir aqroparkların sayının artırılması vacib şərtlərdəndir. Ölkədə yeni aqrokomplekslərin yaradılması ilə bağlı Prezident Administrasiyası, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinə birgə işləmələri üçün tapşırıq verən dövlət başçısı belə aqroparkların sayının ən azı 10-a çatdırılmasının vacibliyini vurğuladı. Bu, əlbəttə ki, kənd təsərrüfatının müxtəlif sahələrində innovativ inkişafın geniş vüsət almasına istiqamətlənmiş tapşırıq idi.
Cəmi 2 il keçdi və bu gün ölkədə 4 aqrokompleks fəaliyyət göstərir. Bu il isə daha 15 aqroparkın açılacağını nəzərə alsaq, onda deyə bilərik ki, tezliklə aqrar sektorda inqlabi yeniliklər baş verəcək.
Qeyd edək ki, hazırda Samux, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli və İsmayıllı rayonlarında da aqroparklar yaradılır.

 

Yeni aqrokomplekslər idxaldan asılılığı azaldacaq

 

Müasir aqrokomplekslərin yaradılması qarşıya qoyulan məqsədə çatmaq üçün yeni imkanlar yaradır. Eyni zamanda aqroparklarda istehsalçıların, təchizatçıların və tədarükçülərin eyni bir ərazidə fəaliyyət göstərməsi sayəsində müvafiq biznes subyektlərinin həm resurslar, həm də məhsullar bazarına çıxışı asanlaşır, effektiv biznes strategiyası və innovativ texnologiyalar hesabına müasir tələblərə uyğun rəqabətqabiliyyətli istehsal sistemi formalaşır. Burada müasir texnologiyaların tətbiqi əsasında təşkil edilən yeni istehsal gücləri ərzaq məhsullarına olan tələbatın daxili istehsal hesabına təminatına geniş imkanlar yaradır.
Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə həyata vəsiqə alan müasir aqroparklar ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin formalaşmasında əhəmiyyətli rol oynayır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”