“Sərhədçi” və “Omar” komandaları çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku”nun finalına yüksəliblər

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Sərhədçi” və “Omar” komandaları çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku”nun finalına yüksəliblər

07 İyun 2018
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin üçüncü günündə - iyunun 7-də finalçılar məlum olub.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin ilk görüşündə “Polad” və “Omar” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Omar” kollektivi 1:0 hesabı ilə qalib gəlib. Digər oyunda isə “Buta Qolden” komandası bu turnirin sonuncu çempionu “Sərhədçi” kollektivi ilə qarşılaşıb. Görüş “Sərhədçi” komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Omar” və “Sərhədçi” komandaları finala vəsiqə qazanıblar. “Polad” və “Buta Qolden” komandaları isə üçüncü yer uğrunda üz-üzə gələcəklər. Üçüncü yer uğrunda oyun və final qarşılaşması iyunun 9-da keçiriləcək.

Turnirin ümumi mükafat fondu 50 min manatdır.

İyunun 2-də start götürən Milli Atçılıq Festivalına bu ayın 17-də yekun vurulacaq. Festivalın birinci günündə Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 İllik Yubiley Kuboku” turniri keçirilib.

Festival çərçivəsində iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil olunacaq. “Elite Horse & Polo Club”un yaşıl arenasında keçiriləcək və iki kateqoriyadan ibarət olacaq turnirin ümumi mükafat fondu 34 min manatdır.

İyunun 15-17-də isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq altıncı dəfə ölkəmizdə arena polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Üç gün davam edəcək turnirdə ümumilikdə altı oyun olacaq. Azərbaycanı bu mötəbər yarışda milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club”u təmsil edəcək.