BMX üzrə dünya çempionatının üçüncü gününə yekun vurulub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMX üzrə dünya çempionatının üçüncü gününə yekun vurulub

07 İyun 2018
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının üçüncü günündə - iyunun 7-də həvəskarlar və “Masters” kateqoriyalarında yarışlara yekun vurulub.

AZƏRTAC xəbər verir ki, oğlanlar arasında 17-24 yaş kateqoriyasında Niderland idmançıları Kevin Spanninq və Rodi Van Den Heuvel ilk iki pillədə qərarlaşıblar. Böyük Britaniya təmsilçisi Ryan Stak üçüncü yeri tutub.

Kişilər arasında 25-29 yaş kateqoriyasında niderlandlı Robin Van Der Kolk çempion adını qazanıb. Latviyalı Klavs Lisovskis ikinci, braziliyalı Mathes Ferreire Povoas üçüncü yerdə qərarlaşıblar.

Mundialda 30-34 yaş kateqoriyasında kişilərin mübarizəsində Böyük Britaniya idmançısı Skott Vaterhaus bütün rəqiblərini qabaqlayıb. İspaniya velosipedçisi Xavier Manuel Morales Qonzales və latviyalı Kristaps Ozolins ilk üçlüyü tamamlayıblar.

Çempionatda 35 və daha yuxarı yaş qrupunda kişilərin yarışında yeni zelandiyalı Tim Ferqusan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Portuqaliya idmançısı Huqo Martinz və çilili Felipe Perez müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.

Yarışda 17-24 yaş kateqoriyasında qızların mübarizəsində Böyük Britaniya idmançıları Şarlotte Qrin və Lauren Stik ilk iki pilləyə yüksəliblər. Fransa idmançısı Salome Ernotte üçüncü olub.

Qadınların 25 və yuxarı yaş qrupunda Niderland idmançısı Lieke Klaus birinci, Çili velosipedçisi Karlo Ortiz ikinci və niderlandlı Suela Ruitenqa üçüncü yeri tutublar.

“Masters” kateqoriyasında 30 və yuxarı yaş qrupunda ABŞ idmançısı Teylor Braun dünya çempionu olub. Venesuelalı Conatan Suarez və kolumbiyalı Xose Luis Diaz Montana ilk üçlükdə yer alıblar.

Mükafatlandırma mərasimindən sonra elit kateqoriyasında idmançıların məşq yürüşləri keçirilir.