Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Son zamanlar ölkəmizdə beyin yorğunluğundan şikayət edənlərin sayı artıb

07 İyun 2018
Xroniki yorğunluq ötən əsrin əvvəllərindən tibb elminə məlum olan xəstəliklərdən biridir. Müasir dövrdə geniş yayılan xroniki yorğunluğun ilk nümunələrinə Avropa və ABŞ-da rast gəlinib.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə aşkar olunub. Sindrom daha çox ali təhsilli gənclər arasında yayıldığına görə onu bəzən “cavan karyeristlərin qripi” də adlandırırlar. ABŞ-da aparılan araşdırmalara əsasən ölkə əhalisinin 10 milyon nəfərə qədəri həmin sindromdan əziyyət çəkir.

Psixoterapevt Əli Nağıyevin dediyinə görə, son vaxtlar ölkəmizdə həmin şikayətlərlə müraciət edənlərin sayı artıb:” Daim yorğunluq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir. Həmin sindrom bir çox problemlərdən qaynaqlanır. Buna depressiv pozuntu, vitamin D və qanda dəmir elementinin çatışmazlığı, qan azlığı da səbəb ola bilər”.

Yaradıcı və gərgin iş rejimində çalışanlar xroniki yorğunluq sindromundan daha çox əziyyət çəkirlər. Onlar daha çox beyin yorğunluğundan şikayətlənirlər ki, bu da xroniki yorğunluğun ilk əlaməti hesab olunur: “İki həftədən artıq daim beyin yorğunluğundan şikayətlənmək depressiv pozuntudan da şübhələnməyə əsas verir. Həmin hal xüsusilə təşviş və həyəcan pozuntusu adlanan nevrozlardan əmələ gəlir”.

Həmin hallarla üzləşənlərin gur informasiya axınından uzaq olmaları məsləhətdir. Bu cür simptomları özlərində müşahidə edənlərə əsəbləri sakitləşdirən musiqi dinləmək, kitab oxumaq və yoqa ilə məşğul olmaq tövsiyə olunur.