Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə və pul-kredit islahatları

07 İyun 2018
 

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra ölkənin iqtisadi siyasətinin istiqamətlərini müəyyənləşdirmək üçün geniş islahatlar həyata keçirilməyə başlandı.

Fətəli xan Xoyskinin Tiflisdə yaratdığı birinci hökumət kabinetində maliyyə naziri vəzifəsinin icrası Nəsib bəy Yusifbəyliyə tapşırıldı. Sonra həmin vəzifəyə müxtəlif vaxtlarda Əbdüləli bəy Əmiraslanov, Məmmədhəsən Hacınski, Slavyan-Rus Cəmiyyətindən olan İ.Protasov, Əliağa Həsənov və Rəşid bəy Qaplanov təyin olundular. Hökumət daha çox bu sahədə qanunvericilik bazasının yaradılmasına üstünlük verirdi. Çünki mükəmməl hüquqi baza olmadan inkişafın ümumi meyillərini tənzimləmək qeyri-mümkün idi. Həmin ilin dekabrında Azərbaycan parlamentinin ilk iclası keçirilir. 1919-cu ilin dekabrına qədər - yəni fəaliyyət göstərdiyi bir il müddətində parlamentdə 215 qanun layihəsi müzakirəyə təqdim edilir. Bunlardan da 82-si məhz maliyyə sahəsinə aid idi. Nazirlik tərəfindən təqdim olunmuş bu layihələrdə maliyyə və pul-kredit sisteminin təşkil edilməsi üçün konkret təkliflər öz əksini tapmışdı. Sənədlərdə beynəlxalq təcrübə, müxtəlif ölkələrin bu sahəyə aid qanunvericilik aktlarının müsbət məqamları nəzərə alınmışdı.

Qeyd edək ki, həmin dövrdə Azərbaycanda 200-dən çox kredit müəssisəsi fəaliyyət göstərirdi. Azərbaycan Dövlət Bankının və kommersiya bankları şöbələrinin, qarşılıqlı kredit cəmiyyətlərinin, Bakı Xüsusi Lombardının, ipoteka krediti banklarının, kiçik kredit müəssisələrinin, mərkəzi poçt-teleqraf və əmanət kassalarının daxil olduğu bu şəbəkə respublikanın maliyyə-kredit sistemində mühüm yer tuturdu.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin maliyyə və pul-kredit siyasətinin əsas məqsədi dövlət gəlirlərinin artırılmasını təmin etmək və paralel olaraq xərclərin azalmasına nail olmaq, pul və kredit tədavülünü qaydaya salmaq, ümumiyyətlə, dövlətin maliyyə sistemini yenidən qurmaqdan ibarət olmuşdu. Qısa vaxt ərzində bu vəzifələrin öhdəsindən gəlmək çətin olsa da, hökumət bir sıra uğurlar qazana bilmişdi.

Pul tədavülü və inflyasiya məsələsi o illərdə təkcə müstəqilliyini yenicə elan etmiş Azərbaycan Cümhuriyyəti üçün deyil, eləcə də Birinci Dünya müharibəsinin təsiri ilə bütün dünya dövlətləri qarşısında duran başlıca məsələ idi. İnflyasiya nəticəsində qiymətdən düşməkdə olan manatın məzənnəsini tənzimləmək mümkün olmasa da, nazirlik ölkədə normal pul tədavülü dövriyyəsini qoruyub saxlamaq üçün ciddi addımlar atmışdı. 1919-cu il sentyabrın 30-da Bakıda fəaliyyətə başlamış Azərbaycan Dövlət Bankının bu sahədə müstəsna əhəmiyyəti olmuşdu. Onun Gəncədə, Şamaxıda, Lənkəranda və başqa şəhərlərdə şöbələri yaradılmışdı.

Qeyd edək ki, Xalq Cümhuriyyətinə qədər Azərbaycanda “Nikolayevski” manatı, “Kerenski” və “Bakı bonları” adlı pul vahidləri işlədilirdi. “Bakı bonları” 1918-ci ilin əvvəllərində dövriyyəyə verilmişdi. 1918-ci ildə cümhuriyyət öz pullarını tədavülə buraxır. Bu pul vahidi “bon” adlanırdı. Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı müddətdə ümumilikdə 2 milyard 345 milyon pul dövriyyəyə çıxarmışdı. Hökumət üçün o pul tədavülünü tənzim etmək ən mürəkkəb məsələlərdən idi. Çünki iqtisadiyyatın inkişafına nail olmaq üçün ilk növbədə pul tədavülünü nizamlamaq lazım idi. Real siyasət və iqtisadi vəziyyət isə bu sahədə daha ciddi işlər görmək imkanını məhdudlaşdırırdı. Amma çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bəzi irəliləyişlərə nail oldu və dövriyyədə bir neçə pul vahidinin olması faktının aradan qaldırılması, milli valyutanın yaradılması istiqamətində çox ciddi addımlar atdı.

1919-cu ildə Azərbaycan Dövlət Bankının nizamnaməsi işlənib hazırlandı və parlamentin müzakirəsinə təqdim edildi. Elə həmin ilin 16 sentyabrında Azərbaycan parlamenti nizamnaməni təsdiqlədi və sentyabr ayının 30-da Dövlət Bankı fəaliyyətə başladı.

1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarından birini əks etdirən 25, 50, 100, 250 və 500 manat dəyərində kağız əsginaslar dövriyyəyə buraxıldı. Yüksək bədii zövqlə hazırlanmış bu əsginasların üzərində Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Əliağa Həsənovun imzaları var idi.

Onu da qeyd edək ki, buna qədər Xalq Cümhuriyyətinin dövriyyəyə buraxdığı pullara əhali o qədər də çox etimad göstərmirdi və bu da onların alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarırdı. Bundan başqa, dövriyyədə müxtəlif pul vahidlərinin olması cəmiyyətdə müəyyən tərəddüd və narahatlıq yaradırdı. Azərbaycan Dövlət Bankının təsis edilməsi isə maliyyə, pul-kredit sisteminin qurulmasında mühüm addım oldu. Artıq 1918-ci ilin sonuna qədər Dövlət Bankının ümumi balans dövriyyəsinin həcmi 653 milyon manatı ötmüşdü.

Maliyyə Nazirliyi qısa vaxtda ölkədə maliyyə aparatının yaradılması sahəsində də çox işlər görə bilmişdir. Ölkənin maliyyə strukturunun bütün sahələrində - həm mərkəzi, həm də yerli maliyyə idarələrinin mükəmməl və planlı sistemi yaradılmışdı. Nazirlik ölkədə pul-kredit əməliyyatlarının həyata keçirilməsi üzərində tam nəzarəti təmin etməklə öz işlərini getdikcə daha da təkmilləşdirirdi.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”