DTX-nin Mədəniyyət Mərkəzində Daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri təşkil edilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

DTX-nin Mədəniyyət Mərkəzində Daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri təşkil edilib

06 İyun 2018
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan silsilə tədbirlərin təşkili davam etdirilir.

AZƏRTAC xəbər verir ki, silsilə tədbirlər çərçivəsində iyunun 6-da Azərbaycan dövlətinin uşaqlara diqqət və qayğısının bariz nümunəsi olaraq Daun sindromlu uşaqlar üçün musiqili-əyləncəli xeyriyyə tədbiri keçirilib.

DTX-nin əməkdaşı Zəhra Quliyeva xeyriyyə tədbirinin Azərbaycan dövlətinin bu sahədə siyasətinin həyata keçirilməsinə Dövlət Təhlükəsizliyi Xidmətinin növbəti töhfəsi olduğunu qeyd edib. Bildirib ki, tədbirin keçirilməsində məqsəd Daun sindromlu uşaqların cəmiyyətə daha yaxından inteqrasiyasını təmin etməkdir. Onlar cəmiyyətdən kənarda olmadıqlarını daim hiss etməlidirlər. O, bu qəbildən uşaqlara diqqət və qayğının vacibliyini vurğulayaraq, onların tərbiyəsi ilə məşğul olan valideynlərə səbr və dözüm arzulayıb. Z.Quliyeva DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən bu cür xeyriyyə aksiyalarının davamlı olacağını diqqətə çatdırıb.

Əməkdar Artist Cabir İmanov, Həyat Fondunun rəhbəri Hacı Nuran Hüseynov belə uşaqlara göstərilən dövlət qayğısının əhəmiyyətindən danışıblar.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova isə tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.

Tədbirə dövlətin uşaq məsələləri ilə bağlı siyasətinin həyata keçirilməsində fəal iştirak edən QHT-lərin, eləcə də ictimaiyyətin nümayəndələri, çoxlu sayda azyaşlılar, o cümlədən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağının sakinləri olan uşaqlar da qatılıblar.

Tədbirin bədii hissəsi konsert proqramı ilə davam edib. Bədii hissədə DTX-nin Mədəniyyət Mərkəzinin və digər yaradıcı kollektivlərin yüksək səviyyədə hazırladıqları konsertdə Xalq Artisti Faiq Ağayevin, tanınmış incəsənət ustalarının, o cümlədən populyar müğənnilər Azad Şabanovun, Günay İbrahimlinin, həmçinin istedadlı balaca ifaçıların çıxışları iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb. Şən klounların çıxışları, hind rəqsi, rəssam uşaqların fləşmobu tədbirə xoş ovqat bəxş edib.

Sonda uşaqlara hədiyyələr təqdim olunub.