Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib

05 İyun 2018
İyunun 5-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə gündəliyə daxil olan “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi haqqında məlumat verib. Bildirib ki, orqan və toxuma transplantasiyası dünyada geniş yayılıb. İldə dünyada təxminən 300 min orqan və toxuma transplantasiyası icra edilir. Onlardan 100 mini orqan, 200 mini isə toxuma transplantasiyasıdır. Dünyada orqan və toxuma transplantasiyası ən yaxşı qurulan ölkə ABŞ-dır, Avropada isə İspaniyadadır.

Komitə sədrinin müavini Musa Quliyev deyib ki, bu qanun insan orqan və toxumalarının donorluğu və onların transplantasiyası ilə bağlı münasibətləri tənzimləyir, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb işçilərinin və tibb müəssisələrinin hüquq və vəzifələrini müəyyən edir. Bu qanunun məqsədi insan orqan və toxumalarının donorluğu və transplantasiyası sahəsində hüquqi bazanın və təşkilati əsasların yaradılması, donorların, resipiyentlərin, donor orqanları reyestrinin, donorluq və transplantasiya üzrə vahid Koordinasiya Mərkəzinin yaradılması, donorların və resipiyentlərin qanuni hüquqlarının müdafiə olunmasıdır.

Bildirilib ki, insan orqan və toxumalarının donorluğu və transplantasiyası qanunçuluq, humanistlik, könüllülük, həmrəylik, təmənnasızlıq prinsiplərinə əsaslanır. İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası zamanı ölü donorun cəsədinə ehtiramla münasibət göstərilməsi, ölü donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə ölü donorun anonimliyinin qorunması prinsiplərinə riayət olunmalıdır.

Sonra deputatlar qanun layihəsi barədə fikirlərini bildirdilər.

Daha sonra tibbi optika üzrə qanunvericiliyin hazırlanması ilə bağlı dinləmə keçirilib.

Əhliman Əmiraslanov bildirib ki, qanun layihəsi Azərbaycanda optika məhsullarının dövriyyəsi, optikaçılıq və optometriya fəaliyyəti, habelə optika mağazalarının yaradılması və fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir. Qanun layihəsinin 8-ci (Optika mağazası) maddəsinə əsasən, optika mağazaları hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılır. Əhaliyə optikaçılıq xidmətləri yalnız optika mağazaları vasitəsilə göstərilir. Optika mağazasının açılması müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir. Optika mağazasının açılmasına rəyin əsas məqsədi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən tələblərə uyğunluğu müəyyən etməkdir. On maddədən ibarət qanun layihəsində bildirilir ki, optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının və digər əlaqəli məmulatların və onların ehtiyat hissələrinin və aksesuarlarının satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçirilə bilər. Optika mağazasının fəaliyyətinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Optika mağazasında bilavasitə əhaliyə optikaçılıq xidmətləri optikaçılıq və ya optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən, optometriya xidmətləri isə yalnız optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən göstərilir.

Pasiyentin sifarişi əsasında satılan tibbi optika məhsulunun ölçüsünün pasiyentin görmə dərəcəsinə uyğun olmamasına görə optika mağazası məsuliyyət daşımır. Optika mağazasında optometrist fəaliyyət göstərmirsə, orada müayinə üçün istifadə olunan tibbi optika avadanlığı saxlanıla bilməz.

Layihənin Milli Məclisin payız sessiyasında yenidən komitədə müzakirəyə çıxarılacağı bildirilib.