Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ən yüksək döyüş hazırlığı, ən modern silahlanma

05 İyun 2018
 

Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Təsadüfi deyil ki, bu günlərdə 100 illiyi təntənə ilə qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarından biri ordunun yaranması haqqında verdiyi qərar idi.

 

Dünyanın ən güclü 50 ordusu sırasında

 

Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan dövləti bütün sahələrdə əldə etdiyi möhtəşəm uğurlarla öz sələfinin irsini layiqincə yaşadır. Respublikamızda ulu öndər Heydər Əliyevin 25 il əvvəl hakimiyyətə gəlişi ilə başlanan dövlət quruculuğunun ən şərəfli səhifələrindən biri güclü ordunun yaradılmasıdır. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda dediyi kimi, cümhuriyyətin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq: “Biz güclü ordu yaratmışıq. 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir.
Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi. Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir”.
Prezident İlham Əliyevin bu yaxınlarda Naxçıvana səfəri zamanı hərbi hissələrdən biri ilə tanışlığı ordumuzda həyata keçirilən geniş quruculuq işləri, zabit və əsgərlərin məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, artan döyüş imkanlarını göstərdi. Beləliklə, bu tanışlıq hər bir vətəndaşa növbəti dəfə aydınlıq gətirib yaddaşlarımızı təzələdi: hər birimiz bir daha əmin olduq ki, bu gün özünün yüksək döyüş qabiliyyəti ilə seçilən və müasir hərbi texnikalarla tam təchiz edilən Azərbaycan Ordusunun tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordusu regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan belə müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirmək və qarşıya qoyulan bütün vəzifələri dəqiqliklə yerinə yetirmək imkanına malikdir.

 

Naxçıvandakı raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər

 

Naxçıvanda müşahidə olunan inkişaf tək mülki sahəni deyil, həm də Əlahiddə Ümumqoşun Ordusunu əhatə edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hər Naxçıvan səfərində mütləq hərbi hissələrdə yaradılan şəraitlə, hərbi-texniki təchizat baxımından mövcud vəziyyətlə yerindəcə tanış olur. Bu qədim Azərbaycan yurdunun torpaqlarının böyük hissəsi işğalçı Ermənistanla həmsərhəddir. Ötən əsrin 90-cı illərinin əvvəllərində işğal siyasətini həyata keçirməyə başlayan erməni dövləti Naxçıvanı da hədəf almışdı. Lakin ulu öndər Heydər Əliyevin muxtar respublikaya qayıdışı və siyasi müdrikliyi nəticəsində Naxçıvan düşmən qarşısında əyilmədi, erməni işğalçıları burada istədiklərinə nail ola bilmədilər.
Naxçıvan ərazisi hərbi baxımdan olduqca strateji əhəmiyyət daşıyır. Odur ki, Heydər Əliyevin başladığı ordu quruculuğu zamanı bu diyara xüsusi diqqət yetirildi. Son 15 ildə isə bu siyasət daha intensiv həyata keçirilib və özündə müasir keyfiyyət göstəricilərini əks etdirib. İndi Əlahiddə Ümumqoşun Ordusu özünün döyüş imkanlarına görə Ermənistanla hətta təkbaşına müharibə aparmağa qadirdir. Bunu Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı bir daha bəyan etdi: “Bu gün Naxçıvan ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər”.
Prezident İlham Əliyev Naxçıvanda silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu. Bunlardan biri “ORBİTER-3B” pilotsuz uçuş aparatı idi. Cəmi 28 kiloqram çəkisi olan bu aparatla 5500 metr maksimal hündürlükdə canlı yayımda gecə və gündüz şəraitində düşmən ərazisində havadan kəşfiyyat aparmaq, aşkar edilmiş hədəflərin koordinatlarını təyin etmək mümkündür. Ali Baş Komandana təqdim olunan 82 millimetrlik minaatan batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti 5 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün hesabatların aparılması kimi vacib işləri görə biləcək. 120 millimetrlik minaatan və 122 millimetrlik “D-30” haubitsalı artilleriya batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti isə 15-20 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün qurğuların hesablanmasına təyin olunub.
“S-125-2 TM” zenit-raket kompleksinin nəqliyyat doldurucu maşını idarəolunan zenit-raketlərin konteynerdə və açıq vəziyyətdə daşınması, buraxıcı qurğuya doldurulub-boşaldılması üçün nəzərdə tutulub. Bu texnika ilə 4 ədəd raket daşımaq mümkündür.
“SAND CAT” zirehli avtomobili komanda heyətinin, silahlı bölmələrin, onlara aid avadanlığın və silah sistemlərinin daşınması, düşmənin canlı qüvvəsinin, zirehli texnikalarının və möhkəmləndirilmiş atəş mövqelərinin məhv edilməsi üçün təyin olunub. Avtomobil 12,7 millimetrlik pulemyot, 2 raketdən ibarət “Spiker-LR” tank əleyhinə idarə olunan kompleks və 120 millimetrlik minaatanla təchiz edilib.
152 millimetrlik “QİASİNT-B” topu düşmənin canlı qüvvəsini, atəş vasitələrini və marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, dayaq məntəqələrini məhv etmək və susdurmaq imkanlarına malikdir. Bu qurğunun maksimal atış məsafəsi aktiv-reaktiv mərmi ilə 35,5, adi mərmi ilə 28,6 kilometrdir.
Müasir döyüş maşınlarından sayılan “BTR-82A” zirehli transportyor döyüş meydanında fəaliyyət göstərən piyadanın mobilliyini, silahlanmasını və müdafiəsini yüksəltmək, düşmənin canlı qüvvəsini, tank əleyhinə vasitələrini və yüngül zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulur. Döyüş maşınında 30 millimetrlik top və 7,62 millimetrlik pulemyot quraşdırılıb.
“TOS-1A” ağır odatan yaylım atəş sistemi isə düşmənin taqım dayaq məntəqələrini, həmlə edən bölüklərini, artilleriya və minaatan batareyalarının atəş mövqelərini və marşda olan avtomobil kolonlarını məhv etmək iqtidarına malikdir. 220 millimetrlik sistemin 24 istiqamətləndiricisi var və maksimal atəş məsafəsi 6 min metrdir.
“XRİZANTEMA-S” özüyeriyən tank əleyhinə raket kompleksi dinamik örtüklə təchiz edilmiş tankları, piyadaların döyüş maşınlarını və digər yüngül zirehli hədəfləri, fortifikasiya qurğularını və uzunmüddətli atəş nöqtələrini, alçaqdan uçan təyyarə və vertolyotları məhv etmək imkanlarına malikdir. Batareya komandirinin idarəetmə maşını düşmənin güc və vasitələrinin aşkar edilməsi, taqım və heyətlər arasında hədəflərin bölüşdürülməsi üçün təyin olunub.

 

Düşmən təşviş içindədir

 

Bütün bunlar göstərir ki, 100 illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Silahlı Qüvvələrinin bu gün dünyanın ən güclü 50 ordusu sırasında olması heç də təsadüfi deyil. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində ordumuzun arsenalı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir və bu işdə Azərbaycanın milli müdafiə sənayesi kompleksinin imkanları mühüm rol oynayır.
Yuxarıda sadalanan silahların bəziləri Ermənistanda da mövcuddur. Amma Ermənistan ordusunun arsenalında olan hərbi texnika əsasən köhnə modifikasiyalardır və döyüş imkanlarına görə çox geri qalır. Azərbaycan Ordusunun arsenalında olan yeni döyüş texnikalarının əksəriyyəti isə erməni ordusunda ümumiyyətlə yoxdur. Hələ iki il əvvəl, 2016-cı ilin Aprel döyüşlərində bu, təsdiq olunmuşdu.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Naxçıvana səfərindən sonra Ermənistanın yeni siyasi rəhbərliyi təşvişə düşüb. Üstəlik, İlham Əliyevin səfərindən əvvəl Naxçıvanda keçirilən hərbi təlimlərdə Əlahiddə Ümumqoşun Ordusunun raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Təlimlərdə düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası vəzifələri icra olunub. Təlimlərdə bütün tapşırıqlar uğurla yerinə yetirilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Bütün bunlar Ermənistanda dərin narahatlıq və təşvişlə izlənilir. Belə ki, Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki imkanları Ermənistanda panik müzakirələrə səbəb olub. Hazırda erməni mətbuatı və ekspertləri müharibə başlayarsa, Naxçıvanın Ermənistan ərazisini güclü və sarsıdıcı raket zərbələrinə məruz qoya biləcəyindən bəhs edirlər. Bir neçə gün əvvəl Ermənistanın müdafiə və xarici işlər nazirlərinin Ermənistan sərhədinin Naxçıvan istiqamətində olmaları erməni siyasi-hərbi dairələrindəki narahatlıqlardan xəbər verir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”