QƏLƏBƏ

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏLƏBƏ

03 İyun 2018
 

Bu dəfə beynəlxalq qlobal enerji layihələri meydanında

 

Qəribə zamanda yaşayırıq. Savaş ilə barış, xeyir ilə şər, güc ilə ağıl bir-birinə o qədər qarışıb ki, hansının harada başlayıb, harada tamamlandığını müəyyən etmək çox vaxt mümkün olmur.
Taleyimizə düşmüş zəmanəmizi qəribə edən həm də böyük güclərin sərhəd və ədalət tanımayan gizli iddiaları və bu iddiaları həyata keçirmək üçün proqnozlaşdırılmayan aşkar siyasi, iqtisadi, bəzənsə hətta hərbi “tədbir”ləridir. İndi gəl, belə mürəkkəb və “minalanmış” labirintdə irəli get demirik, heç olmasa hərəkət et görüm necə edirsən, xüsusən də neft-qaz kimi təbii sərvətlərlə zənginsənsə, qitələri birləşdirən strateji regionda yerləşirsənsə, milli maraqları müdafiə edirsənsə, bütün təhdidlərə baxmayaraq, özünün və sözünün ağasısansa...
Tarix çox görüb bu cür ölkələri və liderləri - onların bəziləri məhv edilib, bəziləri sındırılıb, bəziləri yarı yolda qalıb, bəziləri də reallıqla barışmalı olub. Sonralar həmin qarşıdurmalara nə ad qoyulmasından asılı olmayaraq bütün hallarda bunun bir adı var - məğlubiyyət.
Bax, belə bir dövrdə “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsini Azərbaycanın, onun lideri İlham Əliyevin növbəti möhtəşəm qələbəsi adlandıranlar qətiyyən səhv etmirlər, ifrata varmırlar. Biz hətta deyərdik ki, bəlkə də “möhtəşəm qələbə” ifadəsi bu layihənin istər regional, istərsə də beynəlxalq əhəmiyyətini açmaq üçün kifayət etmir. Bunun bəlağət yox, həqiqət olduğunu sübut etmək üçün bircə faktı xatırlatmaq yetərlidir. ABŞ Prezidenti Donald Trampın bu münasibətlə İlham Əliyevə təbrik məktubu göndərməsini nəzərdə tuturuq. Gəlin etiraf edək ki, dünyanın söz sahibi, nəhəng enerji daşıyıcıları istehsalçısı və istehlakçısı olan ABŞ-ın dövlət başçısı sıradan hər hansı hadisə ilə bağlı heç bir ölkənin rəhbərini “Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə birgə işləmək əzmindəyəm” deyib təbrik etməz. Deməli, Azərbaycan “Cənub qaz dəhlizi”ni işə salmaqla təkcə möhtəşəm qələbə qazanmayıb, həm də öz enerji siyasəti ilə, D.Trampın qeyd etdiyi kimi, böyük dövlətlərin sırasına qoşulub, Avropanın enerji təhlükəsizliyinin təminatında əsas ixracatçıya, etibarlı tərəfdaşa çevrilməyə qərar verib.
Əslində ölkəmizin bu imici “Əsrin müqaviləsi” ilə formalaşıb. O vaxt - 1994-cü ilin sentyabrında həmin saziş imzalanarkən çoxları AÇG-dən hasil ediləcək neftin şimal qonşumuzun “xeyir-dua”sı olmadan və onun ərazisindən keçmədən dünya bazarına çıxarılacağına şübhə ilə yanaşırdılar. Lakin Heydər Əliyevin qətiyyəti və siyasi gedişləri həmin şübhələri alt-üst etdi və günü bugünəcən Azərbaycan nefti əhəmiyyətinə və dəyərinə görə yalnız “Cənub qaz dəhlizi” ilə müqayisə oluna biləcək Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarlarına çıxarılır. Azərbaycan kimi kiçik bir ölkənin belə böyük qələbəsindən sonra etibarlı tərəfdaş imici qazanması, razılaşaq ki, tam obyektiv və təbii haldır.
Bu cür müsbət reputasiyanın əhəmiyyətini artıran həm də müasir dünyada ən müxtəlif səbəblərdən etibarlı tərəfdaşların sayının getdikcə azalmasıdır. Həmin müxtəlif səbəblər sırasında obyektiv olanı da var, subyektivlikdən doğanı da, siyasi motivlərə söykənəni də, iqtisadi reallıqdan irəli gələni də... Hətta bu səbəblərin arasında üçüncü ölkənin təkidi və tranzit ölkələrin “şıltaqlığı” ucbatından yarananlar da az deyil. Azərbaycan isə, göründüyü kimi, istər ötən əsrin 90-cı illərində, istərsə də XXI əsrdə öz liderlərinin uzaqgörənlikləri və diplomatik məharətləri sayəsində bütün “forsmajor” hallardan sığortalanmağı bacarır və bununla zaman-zaman əsas oyunçusu və ya tərəfdaşı olduğu beynəlxalq qlobal layihələrdə müsbət imicini təkcə qorumur, eyni zamanda möhkəmləndirir.
Belə olmasaydı, Avropa kimi iqtisadi inkişaf cəhətdən dünyaya yol və nümunə göstərən qitə öz enerji təhlükəsizliyinin təminatında Azərbaycana stavka etməzdi. Bəli, “qoca qitə” Rusiya kimi böyük həcmdə təbii qaz ehtiyatına malik ölkəyə alternativ ixracatçı kimi Azərbaycanın üzərində dayanması ilə bir daha bizimlə əməkdaşlıqda maraqlı olduğunu ortaya qoydu. Bu isə ölkəmizin nəinki regionda və Avropada, eləcə də dünyada siyasi-iqtisadi dəyərini artıran, mövqeyini möhkəmləndirən amildir. Bu, həmçinin Azərbaycanla Qərb arasında bütün sahələr üzrə münasibətlərin daha yüksək pilləyə qalxacağına şübhə yeri qoymayan amildir. “Cənub qaz dəhlizi” bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan təkcə neft-qaz ixrac edən deyil, həmçinin onları nəql etməyi bacarandır, tranzit ölkədir. Avropanın enerji təchizatını şaxələndirəcək bu layihənin ölkələr və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin genişlənməsində də rolu əvəzsizdir. Prezident İlham Əliyevin sözləridir: “Cənub qaz dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir”.
Bütün bunlar hamının etiraf etdiyi məlum həqiqətlərdir. Amma o da həqiqətdir ki, bu layihənin reallaşmasından ən çox udan Azərbaycan olacaq, özü də sözün bütün mənalarında. Təkcə analoqsuz bir fakt: “Cənub qaz dəhlizi”nin indən sonra bir əsr ölkəmizə və xalqımıza xidmət edəcəyi, milli iqtisadiyyatımızın inkişafında mühüm faktor olacağı proqnozlaşdırılır. Yenə də Prezidentin layihənin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimindəki nitqinə müraciət edək: “Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Bu onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək”.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”