“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

03 İyun 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, №8, maddə 605; 2008, №12, maddə 1049; 2010, №4, maddələr 265, 276; 2012, №6, maddələr 512, 529; 2013, №1, maddə 18; 2015, №7, maddə 819; 2016, №10, maddələr 1601, 1609, №11, maddə 1754; 2017, №3, maddə 333) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci maddədən “və büdcədənkənar dövlət fondları” və “, habelə tövsiyə xarakteri daşıyan sənədlər” sözləri çıxarılsın.
2. 2-ci maddə üzrə:
2.1. 2.1.1-ci və 2.1.3-2.1.7-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“2.1.1. Uçot qaydaları - mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması, mühasibat uçotu sənədlərinin tərtib edilməsi, habelə ayrı-ayrı maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi üzrə normativ hüquqi aktlardır.
2.1.3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları - bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş Mühasibat Uçotunun Beynəlxalq Standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və bu standartlar üzrə həmin beynəlxalq təşkilatın şərhləridir.
2.1.4. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları - bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş ictimai sektor üçün nəzərdə tutulan beynəlxalq standartlardır.
2.1.5. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları - bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulan beynəlxalq standartlardır.
2.1.6. Mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.
2.1.7. Maliyyə hesabatları - mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.”;
2.2. aşağıdakı məzmunda 2.1.10-2.1.23-cü maddələr əlavə edilsin:
“2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir.
2.1.11. İlkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.
2.1.12. Mühasibat uçotu registrləri - ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir.
2.1.13. Analitik uçot - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin hər biri üzrə açılan analitik uçot registrlərində təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır.
2.1.14. Analitik uçot registrləri - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin ayrılıqda hər biri üzrə məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən jurnallar, cədvəllər və kartlardır.
2.1.15. Sintetik uçot - baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə məlumatların ilkin uçot sənədləri və analitik uçot registrləri əsasında sistemləşdirilmiş şəkildə toplanması, mühasibat uçotu registrlərində əks etdirilməsi və ümumiləşdirilməsidir.
2.1.16. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən hesabat dövrünün son tarixinə mikro, kiçik, orta və iri sahibkar hesab olunan sahibkarlıq subyektləridir.
2.1.17. Baş mühasib vəzifəsinə təyin edilən, habelə bu vəzifələri icra edən şəxs (bundan sonra - baş mühasib) - mühasibat uçotu subyektində mühasibat uçotunun aparılmasını təmin edən, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habelə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxsdir.
2.1.18. Mühasibat uçotu xidməti - mühasibat uçotu subyektlərində öz işçiləri və ya müqavilə əsasında sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun aparılması, o cümlədən maliyyə, vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi sahəsində göstərilən xidmətdir.
2.1.19. Peşəkar mühasib - müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir.
2.1.20. Peşəkar mühasib sertifikatı - şəxsin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçdiyini və “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəddir.
2.1.21. Peşəkar mühasib səviyyəsi - maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi, habelə Azərbaycan Respublikasının qanunlarına əsasən vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi bacarığını təsdiq edən peşəkarlıq səviyyəsidir.
2.1.22. Peşəkar mühasib təşkilatı - üzvləri peşəkar mühasiblərdən ibarət olan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatıdır.
2.1.23. Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır.”.
3. 3-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“3.1. Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir.
3.2. Mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmə yaradılmaqla və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə mühasibat uçotu xidmətinin göstərilməsi təşkil edilir. Mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri və fərdi sahibkarların şəxsən özləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq mühasibat uçotunu aparmaq hüququna malikdirlər.
3.3. Mühasibat uçotu subyektində baş mühasib mühasibat uçotunun aparılmasını, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsini, uçotun formalaşdırılmasını və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir.
3.4. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.
3.5. Bu qanunun 3.4-cü maddəsində göstərilən mühasibat uçotu subyektlərinə müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxsin ən azı iki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin özü peşəkar mühasib olmadığı hallarda, ən azı bir peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır.”.
4. II fəslin adına “tənzimlənmə” sözündən sonra “və nəzarət” sözləri əlavə edilsin.
5. 4-cü maddə üzrə:
5.1. 4.1-ci, 4.3.1-ci, 4.3.2-ci və 4.3.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“4.1. Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət tənzimləməsinin əsas məqsədi Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları və uçot qaydaları əsasında ölkədə maliyyə hesabatlarının tərtib olunmasını və mühasibat uçotunun aparılmasını təmin etməkdən ibarətdir.
4.3.1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil edir və bu tərcümələrin həmin standartların Azərbaycan dilində rəsmi mətnləri kimi dərc olunmasını təmin edir;
4.3.2. bu qanuna uyğun olaraq uçot qaydalarını təsdiq edir;
4.3.4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarında dəyişikliklərin izlənilməsi və bu dəyişikliklərin onların Azərbaycan dilində olan rəsmi mətnlərində vaxtlı-vaxtında əks olunması məqsədi ilə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;”;
5.2. 4.3-cü maddədə “Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq” sözləri “Müvafiq” sözü ilə əvəz edilsin;
5.3. 4.3.3-cü maddədən “və büdcədənkənar dövlət fondlarının” və “və tövsiyə xarakteri daşıyan sənədlərin” sözləri çıxarılsın, həmin maddədə “tətbiq” sözü “təsdiq” sözü ilə əvəz edilsin;
5.4. 4.3.5-ci maddə ləğv edilsin;
5.5. 4.3.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.3.7-ci, 4.3.8-ci və 4.3-1-4.3-3-cü maddələr əlavə edilsin:
“4.3.7. Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını təmin edir;
4.3.8. Peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını həyata keçirir.
4.3-1. Bu qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartlar onların Azərbaycan dilində rəsmi mətnləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərc olunduğu gündən tətbiq edilir. Beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnləri ilk dəfə dərc olunduqdan sonra müvafiq icra hakimiyyəti orqanı təsdiq etdiyi müvafiq Milli Mühasibat Uçotu Standartlarını və uçot qaydalarını ləğv edir.
4.3-2. Bu qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnləri dərc olunanadək mühasibat uçotu subyektləri müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Milli Mühasibat Uçotu Standartlarını və müvafiq uçot qaydalarını və ya bu qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartları ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş formada tətbiq etmək hüququna malikdirlər.
4.3-3. Bu qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartlarla ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş beynəlxalq standartlar arasında ziddiyyət yarandığı halda, ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş standartlar əsas götürülür.”.
6. 4.4-cü və 12.2-ci maddələrdən “mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən” sözləri çıxarılsın.
7. 5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 5. Mühasibat uçotu sahəsində dövlət nəzarəti

5.1. Mühasibat uçotunun aparılmasına dövlət nəzarəti mühasibat uçotu subyektlərinin aidiyyəti üzrə bu qanunla müəyyən edilmiş uçot qaydalarına riayət etməsinin yoxlanılmasıdır.
5.2. Mühasibat uçotu subyekti (bu qanunun 5.3-cü maddəsində göstərilən təşkilatlar istisna olmaqla) tərəfindən bu qanunla müəyyən edilmiş tələblərə uyğun mühasibat uçotunun aparılmasına, habelə bu qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin təmin edilməsinə dövlət nəzarəti həmin subyektlərdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən dövlət maliyyə nəzarəti tədbirləri və vergi yoxlamaları aparılarkən həyata keçirilir.
5.3. Kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, habelə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin mühasibat uçotunun aparılmasına, habelə bu qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin təmin edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir.”.
8. 6.0.1-6.0.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“6.0.1. bu qanunun 8.1-ci və 12-1.1-ci maddələrində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;
6.0.2. bu qanunun 9-cu, 10.1-ci, 10.1-1-ci və 12-1.2.1-ci maddələrində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilən Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;
6.0.3. bu qanunun 12-1.2.2-ci və 13.1-ci maddələrində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilən İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları.”.
9. 6.0.4-cü və 7-ci maddələr ləğv edilsin.
10. IV fəslin adına “təşkilatlarının” sözündən sonra “mühasibat uçotu və” sözləri əlavə edilsin.
11. 8-ci maddə üzrə:
11.1. maddənin adına “qurumların” sözündən sonra “mühasibat uçotunun aparılması və” sözləri əlavə edilsin;
11.2. 8.1-ci maddədə “Bütün ictimai” sözləri “İctimai” sözü ilə əvəz edilsin və həmin maddədən “yalnız” sözü çıxarılsın;
11.3. aşağıdakı məzmunda 8.1-1-ci maddə əlavə edilsin:
“8.1-1. Bu qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş mühasibat uçotu subyektləri mühasibat uçotunu Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar.”;
11.4. 8.3-cü maddədə “etməyə bilər” sözləri “etməmək hüququna malikdirlər” sözləri ilə əvəz edilsin.
12. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 9. Mikro və kiçik sahibkarlıq subyektlərinin mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi

9.1. Mikro və kiçik sahibkarlıq subyektləri:
9.1.1. mühasibat uçotunun aparılmasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq təmin edirlər, və ya;
9.1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək hüququna malikdirlər. Bu halda mikro və kiçik sahibkarlıq subyektləri mühasibat uçotunu, tətbiq etdiyi standartlardan asılı olaraq, bu qanunun 8.1-1-ci və ya 10.1.1-ci maddələrində nəzərdə tutulmuş uçot qaydalarına uyğun aparırlar.
9.2. Mikro və kiçik sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, növbəti il üçün illik maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək qərarını, uçot siyasətində əks etdirməklə, cari ilin dekabr ayının 31-dək qəbul edir.”.
13. 10-cu maddə üzrə:
13.1. maddənin adında “İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatlarının” sözləri “İri və orta sahibkarlıq subyektlərinin mühasibat uçotunun aparılması və” sözləri ilə əvəz edilsin;
13.2. 10.1-ci, 10.1.1-ci və 10.1.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“10.1. İri sahibkarlıq subyektləri:
10.1.1. maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etməlidirlər. Bu halda iri sahibkarlıq subyektləri mühasibat uçotunu Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar, və ya;
10.1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər. Bu halda mühasibat uçotunu bu qanunun 8.1-1-ci maddəsi ilə müəyyən edilmiş uçot qaydalarına uyğun aparırlar.”;
13.3. aşağıdakı məzmunda 10.1-1-ci, 10.1-1.1-ci, 10.1-1.2-ci və 10.1-2-ci maddələr əlavə edilsin:
“10.1-1. Orta sahibkarlıq subyektləri:
10.1-1.1. bu qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulmuş uçot qaydalarına uyğun olaraq mühasibat uçotunun aparılmasını təmin edirlər, və ya;
10.1-1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər. Bu halda orta sahibkarlıq subyektləri mühasibat uçotunu tətbiq etdiyi standartlardan asılı olaraq, bu qanunun 8.1-1-ci və ya 10.1.1-ci maddələrində nəzərdə tutulmuş uçot qaydalarına uyğun aparırlar.
10.1-2. Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilən hallarda orta sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının tərtib edilməsi məcburidir.”;
13.4. 10.2-ci və 10.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“10.2. Törəmə cəmiyyətlərindən heç olmasa biri ictimai əhəmiyyətli qurum olan, habelə əsas və ya törəmə cəmiyyətlərindən biri maliyyə hesabatlarını öz seçiminə görə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edən iri və orta sahibkarlıq subyektlərinin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilir.
10.3. Bu qanunun 10.2-ci maddəsinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək öhdəliyi olmayan iri və orta sahibkarlıq subyektləri birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edirlər.”;
13.5. 10.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“10.4. Bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan iri və orta sahibkarlıq subyektləri aşağıda göstərilən şərtləri bütövlükdə yerinə yetirdikdə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib etməmək hüququna malikdirlər:”;
13.6. 10.4.4-cü maddədə “Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;
13.7. aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilsin:
“10.5. İri və orta sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, növbəti il üçün illik maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək qərarını, uçot siyasətində əks etdirməklə, cari ilin dekabr ayının 31-dək qəbul edir.”.
14. 12-ci maddə üzrə:
14.1. 12.3-cü maddəyə “hazırlayan” sözündən sonra “kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddədə “kommersiya təşkilatlarından” sözləri “təşkilatlardan” sözü ilə əvəz edilsin;
14.2. 12.3.1-ci maddədən “, qanunla müəyyən edilmiş hallarda” sözləri çıxarılsın və həmin maddəyə “səhifəsində” sözündən sonra “və ya mətbu orqanda” sözləri əlavə edilsin;
14.3. 12.3.2-ci maddə ləğv edilsin;
14.4. 12.3.3-cü maddədən “qanunla müəyyən edilmiş hallarda” sözləri çıxarılsın;
14.5. aşağıdakı məzmunda 12.3-1-ci, 12.5-ci və 12.6-cı maddələr əlavə edilsin:
“12.3-1. Bu qanunun 12.3-cü maddəsində göstərilmiş qurumlar törəmə cəmiyyət olduqda və qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət maliyyə hesabatlarını bu qanunun 12.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq dərc etdirdikdə, qurum maliyyə hesabatlarını dərc etdirməmək hüququna malikdir.”.
12.5. Kommersiya təşkilatlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir.
12.6. Bu qanunun 12.3-cü maddəsinə uyğun olaraq, maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısını (bu qanunun 12.2-ci maddəsində göstərilənlər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edir.”.
15. IV-I fəslin adına “şəxslərin” sözündən sonra “mühasibat uçotu və” sözləri əlavə edilsin.
16. 12-1-ci maddə üzrə:
16.1. maddənin adında “şəxslərin” sözündən sonra “mühasibat uçotunun aparılması və” sözləri əlavə edilsin;
16.2. 12-1.1-ci maddəyə “tərtib edirlər” sözlərindən sonra “və mühasibat uçotunu bu qanunun 8.1-1-ci maddəsi ilə müəyyən edilmiş uçot qaydalarına uyğun aparırlar” sözləri əlavə edilsin;
16.3. 12-1.2.1-ci maddədə “Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;
16.4. 12-1.2.2-ci maddədə “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;
16.5. aşağıdakı məzmunda 12-1.2-1-ci maddə əlavə edilsin:
“12-1.2-1. Bu qanunun 12-1.2-ci maddəsində nəzərdə tutulmuş mühasibat uçotu subyektləri tətbiq etdiyi standartlardan asılı olaraq, mühasibat uçotunu bu qanunun 8.1-1-ci, 10.1.1-ci və ya 14.1-1-ci maddələrində nəzərdə tutulmuş uçot qaydalarına uyğun aparırlar.”;
16.6. 12-1.9-cu maddəyə “tərtib edən” sözlərindən sonra “(bu qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla)” sözləri əlavə edilsin, “publik hüquqi şəxslər” sözlərindən sonra “(bu qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla)” sözləri çıxarılsın;
16.7. aşağıdakı məzmunda 12-1.11-ci maddə əlavə edilsin:
“12-1.11. Publik hüquqi şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir.”.
17. V fəslin adına “təşkilatlarının” sözündən sonra “mühasibat uçotu və” sözləri əlavə edilsin.
18. 13-cü maddə üzrə:
18.1. 13.1-ci və 13.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“13.1. Büdcə təşkilatları və bələdiyyə orqanları bu qanuna əsasən tələb olunan maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun tərtib edirlər.
13.2. Qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formaya uyğun tərtib edirlər.”;
18.2. 13.3-cü maddədən “sadələşdirilmiş” sözü çıxarılsın və aşağıdakı məzmunda 13.4-cü maddə əlavə edilsin:
“13.4. Digər qeyri-kommersiya təşkilatları, o cümlədən büdcədənkənar dövlət fondları iş xüsusiyyətlərindən asılı olaraq maliyyə hesabatlarını bu qanunla müəyyən edilmiş müvafiq beynəlxalq standartlara uyğun olaraq tərtib edirlər.”.
19. 14-cü maddə üzrə:
19.1. 14-cü maddənin adı və 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 14. Qeyri-kommersiya təşkilatları üçün mühasibat uçotunun aparılması, hesabat dövrü, maliyyə hesabatlarının təqdim və dərc edilməsi

14.1. Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
19.2. aşağıdakı məzmunda 14.1-1-ci maddə əlavə edilsin:
“14.1-1. Bu qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş təşkilatlar mühasibat uçotunun aparılmasını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirirlər.”;
19.3. 14.3-cü maddədə “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının” sözləri “Büdcə təşkilatlarının” sözləri ilə əvəz edilsin və həmin maddədən “, onlara əlavə edilir” sözləri çıxarılsın;
19.4. aşağıdakı məzmunda 14.4-1-ci maddə əlavə edilsin:
“14.4-1. Qeyri-hökumət təşkilatları mühasibat uçotunun aparılmasını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirirlər.”;
19.5. aşağıdakı məzmunda 14.7-ci və 14.8-ci maddələr əlavə edilsin:
“14.7. Bu qanunun 13.4-cü maddəsində nəzərdə tutulmuş təşkilatlar mühasibat uçotunun aparılmasını, iş xüsusiyyətlərindən asılı olaraq, bu qanunla müəyyən edilmiş müvafiq uçot qaydalarına uyğun həyata keçirirlər. Həmin təşkilatların maliyyə hesabatları üçün hesabat dövrü bu qanunun 11-ci maddəsində nəzərdə tutulmuş müddətlərə uyğun müəyyən edilir və bu təşkilatlar hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təsisçiyə, habelə qanunla və nizamnamələri ilə müəyyən edilmiş şəxslərə təqdim etməlidirlər.
14.8. Qeyri-kommersiya təşkilatlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir.”.
20. Aşağıdakı məzmunda V-I fəsil əlavə edilsin:

“Fəsil V-I Peşəkar mühasib sertifikatının verilməsi

Maddə 14-1. Peşəkar mühasib sertifikatının verilməsi

14-1.1. Peşəkar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanların keçirilməsi və sertifikatların verilməsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
14-1.2. Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14-1.3. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin son ilində növbəti sertifikatı almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdır.
14-1.4. Peşəkar mühasib sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan eyni standart üzrə iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.”.
21. 15.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“15.1. Mühasibat uçotu sənədlərində kommersiya sirri hesab edilən məlumat olduqda, bu məlumatların açıqlanması “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.”.
22. 16-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 16. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət

16.1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
16.2. Bu qanunla müəyyən edilmiş tələblərə uyğun mühasibat uçotunun aparılmamasına görə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib və ya mühasibat uçotu xidmətini həyata keçirən hüquqi və ya fiziki şəxs olan sahibkarlıq subyektləri, habelə bu qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin pozulmasına görə mühasibat uçotu subyektinin rəhbəri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.
23. 17-ci maddə ləğv edilsin.
24. 18-ci maddə üzrə:
24.1. 18.1-ci, 18.2-ci və 18.3-cü maddələr ləğv edilsin;
24.2. 18.4-cü maddədən “2008-ci il 1 yanvar tarixinə qədər”, “mühasibat uçotunu aparmalı və” və “bu qanun qüvvəyə mindikdən sonra bir il müddətində” sözləri çıxarılsın;
24.3. aşağıdakı məzmunda 18.5-ci maddə əlavə edilsin:
“18.5. Bu qanunun 3.4-cü maddəsində göstərilən baş mühasiblər tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi mərhələli şəkildə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətlərə və ardıcıllığa uyğun olaraq həyata keçirilir.”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il