“Ağ ölüm”ün zülmət yolu

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ağ ölüm”ün zülmət yolu

03 İyun 2018
 

Əsrin bəlası olan narkomaniyaya qarşı maarifləndirmə tədbirləri cəmiyyətin əsas vəzifələrindən olmalıdır

 

Narkomaniyanı “ağ ölüm” də adlandırırlar, bəşəriyyətin böyük bəlası da. Amma nə cür adlandırılmasından asılı olmayaraq bütün dünyanı cənginə alan narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bütün dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə sayılır. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq heç bir ölçüyə sığmır. Bunlar narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, sağlamlığına və mənəviyyatına sarsıdıcı yara vurulması, müxtəlif cinayətlərin törədilməsinə təkan, cəmiyyətin inkişafının geri qalması, maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun zərər çəkməsi və bir çox digər hallardır.
Narkotik maddələr mərkəzi sinir sisteminə spesifik təsir göstərir və tez bir zamanda asılılıq yaradır. Əsasən insanın düşüncəsinə və özünü idarə etməsinə təsir edən belə maddələr nəticədə ondan istifadə edənin psixoloji və fiziki deffekti ilə nəticələnir. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyatdakı proseslərə qarşı laqeydlik yaradır, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə, orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır. HİV və hepatit C xəstələri arasında da narkomanlar üstünlük təşkil edir.
Narkotiklərə alışmış orqanizmin yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclüdür ki, bu zaman narkotik əldə etmek xatirinə insan yalana, oğurluğa hətta adam öldürməyə də əl ata bilər. Ona görə bu gün narkotizm tədricən yayılan neqativ sosial hal kimi ictimai həyata sirayət edib və dünyanın demək olar ki, hər yerində dəhşətli bəlaya çevrilib.
Azərbaycanda 2017-ci ilin rəsmi statistikasına əsasən, qeydə alınan narkotik istifadəçilərinin sayı 30 min nəfərdən artıqdır. Onlardan 25139-u dispanser, 4992-si profilaktik, 1031 nəfəri isə anonim qeydiyyatda olanlardır. Təəssüf ki, onların arasında gənclərin da sayı çoxdur. Belə ki, ölkə üzrə narkotik istifadəçilərinin 1566 nəfəri 18-24, 4225 nəfəri 25-29, 4463 nəfəri 30-34 yaşında olanlardır. Təəssüf ki, bu bəlaya qurşananlar arasında 15-17 yaşında olan yeniyetmələr də var.
Statistikadan da göründüyü kimi, ölkəmizdə narkomaniyadan əziyyət çəkənlərin bir hissəsini gənclər təşkil edir. Gənclər millətin gələcəyidir. Hər bir dövlətin gələcəyi gənclərə həvalə olunur. Gənclik həm də ömrün çılğın, oynaq, daha çox əyləncəyə və macəraya meyilli dövrüdür. Elə narkotiklərdən istifadə də arzuolunmaz mühit ucbatından daha çox gənclik illərində meydana çıxır. Lakin gənclərin bu zərərli aludəçiliyinin sonunda dayanan faciəni təsəvvür etmək belə qorxuncdur. Narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən ölür. Bəziləri isə uzun müddət müalicə alaraq ailəsi və cəmiyyət üçün bir yükə çevrilir
Hazırda narkotiklə mübarizə dünyanı düşündürən ən aktual məsələlərdən biridir. Bəzən narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə məsələsi xüsusən qabardılır. Təbii ki, narkomaniyaya düçar olmuş insanların müalicəsi və sosial reabilitasiyası vacibdir. Amma daha vacib olanı narakomaniyanın gənc nəslin arasında yayılmasına imkan verən şəraitin aradan qaldırılmasıdır. Bu sahədə ən vacib məsələ yeniyetmə və gənc nəsil arasında maarifləndirmə işlərinin aparılmasıdır.
Azərbaycanda narkomaniya ilə mübarizə, qanunsuz narkotik dövriyyəsinin və narkotikadan istifadə hallarının qarşısının alınması daim aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Bu problemlə mübarizənin gücləndirilməsi üçün respublikamızda qanunvericilik bazası tamamilə təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunaşdırılması təmin edilib. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı 36 qanun, Azərbaycan Respublikası Prezidentinin 13 fərmanı, 53 sərəncamı, Nazirlər Kabinetinin 23 qərarı, 5 sərəncamı, o cümlədən Ali Məhkəmənin plenumunun qərarları qəbul edilib.
Hazırda Prezident İlham Əliyvin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” icra olunmaqdadır. Dövlət proqramının məqsədi ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Göründüyü kimi, maarifləndirmə işlərinin aparılması dövlət proqramının da prioritetlərindən biridir. Çünki narkotik istifadəçisi olan və ya olmayan hər bir şəxsin bu faciənin nəticələri haqda maariflənməsi, xəstəliyin insanları hansı həddə çatdıra biləcəyi haqda məlumatlı olması vacibdir. Xüsusən də müəllimlər və valideynlər bu məsələdə daha diqqətli olmalıdırlar. Çünki heç kim bu bəlanın özünə və yaxınlarına düçar olmayacağından sığortalanmayıb. Məsələn, əgər evdəki valideyn və ya məktəbdəki müəllim bu xəstəliyin simptomları haqqında müəyyən məlumata yiyələnərsə, bu, xəstələrin müalicəsi üçün müsbət addım olar. Ümumiyyətlə, valideynlərin və müəllimlərin bu mövzuda bilgi sahibi olması, onların övladlarının, dərs dedikləri şagirdlərinin də xəstəliyin ağır nəticələri haqda məlumatlı olması deməkdir. Narkomaniyanın bəlalarından xilas olmaq, xüsusən də yeniyetmələrin və gənclərin narkotika istifadəçisi olmalarının qarşısını almaq üçün ən effektli maariflənmə yollarından biri də məktəblərdə və ali təhsil müəssisələrində bu xəstəliklə bağlı profilaktik tədbirlər keçirilməsi, dövlətin, qeyri-hökumət təşkilatlarının, müəllimlərin və valideynlərin vəhdət şəkildə işlər görməsidir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirir ki, bu təbliğat peşəkar səviyyədə aparılmalıdır: “Maarifləndirmə tədbirlərinə geniş yer verilməlidir. Amma bu maarifləndirmə tədbirləri peşəkar səviyyədə aparılmalıdır ki, əks-təbliğata çevrilməsin. Bu mənada maarifləndirmə işləri ardıcıl olaraq, peşəkarlar tərəfindən aparılmalıdır. Təbii ki, təkcə təbliğat və maarifləndirmə ilə problemin həll olunması istiqamətində kifayətlənmək olmaz. Digər profilaktik tədbirlər də görülməlidir. Ölkədəki narkotiklərin qeyri-qanuni dövriyyəsinə nəzarət gücləndirilməlidir. Həmçinin də valideynlərlə, təhsil işçiləri-pedaqoqlar, bu sahəyə cavabdeh olan icra orqanları sıx əlaqəli şəkildə bu sahədə işlər görməlidirlər. Yəni, əgər şagird məktəbdə bu istiqamətdə maariflənmə görərsə, evində heç bir maarifləndirmə olmazsa, bu, heç də faydalı bir təbliğat işi olmaz”.
Təqdirəlayiq haldır ki, aidiyyəti qurumlar tərəfindən ölkənin hər yerində yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq olması üçün mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Məsələn, Gənclər və İdman Nazirliyi tərəfindən respublikamızın şəhər və rayonlarında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi ilə “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək” mövzusunda idman yarışları təşkil edilib, gənclərin qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif layihələr reallaşdırılıb.
İxtisasartırma institutlarında məktəb psixoloqlarının hazırlığı proqramına “Yeniyetmə və gənclərin böyüklərlə qarşılıqlı münasibəti və narkomaniyaya qarşı mübarizədə onların nəzərə alınması”, “Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri” mövzuları daxil edilib. Ümumtəhsil məktəblərində “Sağlam gələcək naminə ağ ölümə yox deyək”, “Azərbaycan gəncləri narkotiklərə yox deyir”, “Gələcəyimizi bir yerdə düşünək, narkotiyaya yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzularında maarifləndirici tədbirlər təşkil olunur.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu sahədə fəaliyyəti xüsusilə əhatəlidir. Profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərini gücləndirmək dövlət komissiyasının xüsusən diqqət yetirdiyi məsələlərdir. Dövlət komissiyasının işçi qrupu tərəfindən daimi olaraq maarifləndirmə məzmunlu çap materialları və digər əyani vasitələr hazırlanır, Bakının müxtəlif ərazilərində bilbordlar yerləşdirilir. Mütəmadi olaraq orta məktəblərdə müxtəlif tədbirlərin keçirilməsi diqqət mərkəzindədir.
Narkomaniya bəşəriyyətin mübarizə apardığı arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın və mənəviyyatın qənimidir. Ona görə hər kəs insanlığa bəla bu problemlə mübarizədə fəal olmalıdır. Respublikamızda narkomaniya ilə mübarizənin səviyyəsi, görülən işlər və əldə olunan müsbət nəticələr bu ümumbəşəri fəlakətin yayılması təhlükəsinə qarşı Azərbaycanın bugünkü münasibətini xarakterizə edir.
Narkomaniya tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Səbinə MƏMMƏDOVA,
“Azərbaycan”

(“Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsinə təqdim etmək üçün)